AŞ PA-da Azərbaycanla bağlı bir gündə iki qətnamə

  • 12 okt 2017, 09:32

Qurumun yeni sədrinin ilk iclası Azərbaycana qarşı hücumla başladı; Səməd Seyidov: "Təşkilatın baş katibi üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni prezidenti məlum olub. AŞ PA-nın oktyabrın 10-da başlayan payız sessiyasında quruma yeni prezident seçkisi keçirilib.

Gizli səsvermə yolu ilə Kipr Respublikasından olan deputat xanım Stella Kiriakides müvəqqəti AŞ PA prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, AŞ PA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. Yanvar ayında yenidən sədr seçkisi keçiriləcək.

AŞ PA-nın payız sessiyasının ikinci günü-Stella Kiriakidesin ilk dəfə sədrlik etməyə başladığı iclasda Azərbaycanla bağlı müzakirələr keçirilib.

Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. APA-nın Avropa müxbirinin xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib. Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz, sadəcə, üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.

Çıxış edən deputatlar ümumilikdə hər iki hesabatın hazırlanmasını yüksək qiymətləndiriblər.

AŞ PA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onlar əsasən REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsi, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bağlı problemlərin həllinə dair çağırışlar ediblər.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin Azərbaycan hökuməti ilə bağlı sərt ittihamlarına kəskin münasibət bildirib: "Cənab Omtzigt, siz burda çox da canfəşanlıq edib, Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Sizin yalnız dırnaqarası obyektiv ola bilərsiniz”.

S.Seyidov ümumilikdə Avropa Şurasını Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb. "Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üzərinə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?!”

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxışında Omtzigt Pyeter, Şvabe Frank kimi parlamentarların erməni lobbi təşkilatlarının maraqlarını təmsil etdiklərini bildirib.

Müzakirələrin sonunda AŞ PA "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib. Sənədin lehinə 115 deputat səs verib, 27 parlamentari qətnamənin əleyhinə olub. AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib.

Sonra Azərbaycanla bağlı hazırlanan ikinci - "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamə qəbul olunub. Müzakirələr nəticəsində hesabata əlavə və dəyişikliklər edilib. Belə ki, hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub.

S.Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar: "Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz. İllərdir Azərbaycanda islahatlar aparılır. Nəyə görə bu hesabatda ”Azərbaycanda heç bir islahat aparılmır" fikri yazılır?!"

Hesabatın ilkin variantındakı "İlqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamlardır” fikrinin çıxarılması təklif olunub. Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov bildirib ki, bu cümlənin çıxarılması hesabatın obyektivliyini itirmiş olacaq. Lakin böyük çoxluq dəyişikliyin lehinə səs verib. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.  

Image result for Vüsal Hüseynov

Qeyd edək ki, AŞ PA-nın sözügedən iclası yeni sədrin seçilməsindən bir gün sonraya təsadüf edib. Azərbaycanla bağlı hesabatın qəbul edildiyi iclasa sədrliyi də AŞ PA-nın yeni prezidenti Stella Kiriakides edib.

Azərbaycanı Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, yeni prezident Stella Kiriakidesin Azərbaycana müsbət münasibət bəsləyəcəyini söyləmək olmaz. Aqramunddan fərqli olaraq onun Azərbaycana münasibəti böyük ehtimalla isti olmayacaq: "Amma AŞ PA prezidenti postu elə bir postdur ki, orada hansısa bir dövlətə qarşı xüsusi antipatiyanı nümayişkaranə şəkildə göstərmək olmaz. Çox güman ki, arxa planda AŞ PA-nın yeni prezidentinin Azərbaycana, Türkiyəyə münasibəti soyuq, Ermənistana isə isti olacaq. Kiprin Türkiyə ilə düşmən münasibətlərini nəzərə alsaq, o münasibətin bir tərəfi bizə də yönəlmiş olacaq. Kipr nümayəndə heyətinin daim Ermənistanı dəstəkləyən mövqelərini də unutmamalıyıq. Bütün bunları nəzərə alsaq görürük ki, kiprli deputatın AŞ PA prezidenti seçilməsi Azərbaycanın xeyrinə olan addım deyil. Bizim orada mövqelərimizin müəyyən dərəcədə zəifləməsinə səbəb ola biləcək seçimdir”.

Nədən məhz kiprli deputatın AŞ PA-ya sədr gətirilməsi məsələsinə gəldikdə, F.Mustafanın fikrincə, yəqin böyük dövlətlərin razılaşması ilə bu cür seçim edilib: "Ola bilsin razılaşıblar ki, Fransa, Almaniya kimi dövlətlərin seçilməyindənsə, daha çox bir qədər neytral saydıqları və maraqlarına uyğun olan ölkənin təmsilçisinə üstünlük versinlər”.

F.Mustafa onu da dedi ki, yeni AŞ PA prezidentini yaxından tanımır, onun hansısa ciddi aktivliyini də müşahidə etməyib.   

Etibar SEYİDAĞA

Oxşar xəbərlər