“”Qazprom” Azərbaycana niyə qayıdır” müəmması

  • 27 sen 2017, 09:09

SOCAR-la Rusiya şirkəti arasında hansısa layihə üzərində danışıqlar gedir?

 "Qazprom” şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq. "İnterfax” agentliyi bu barədə xəbər yayıb.  "Qazprom” 2004-cı ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın "mavi yanacaq”la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il "AzMeCo” şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar "Qazprom” və SOCAR arasında aparılıb.

Bəs görəsən, hazırkı məqamda "Qazprom”un Azərbaycanda nümayəndəlik açmaq istəməsinin səbəbi nədir? 

Milli Məclisin İqtisadi siyasət  sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, "Qazprom”la Azərbaycanın  iqtisadi əlaqələri var: ""AzMeCo” şirkətini qazla təmin etmək üçün müəyyən ixrac əməliyyatları həyata keçirilir. Ancaq nümayəndəliyin açılması söhbəti yeni ortaya çıxıb. Hər bir iqtisadi qərarın arxasında siyasi məqamlar da dayanır. Bu şirkət hər zaman çalışır ki, Azərbaycan  qazını xaricə ixrac eləsin. Ona da nail ola bilmədilər. Biz Türkiyə vasitəsilə qazımızı xaricə ixrac elədik.  Ola bilər, metanol istehsalı ilə bağlı qaza ehtiyac var. Bu səbəbdən "Qazprom”la razılaşma və sair olub. Çox güman ki, əsas səbəblər yaxın vaxtlarda açıqlanacaq".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, "Qazprom”la SOCAR arasında iki ilə yaxındır ki, danışıqlar aparılır: "Çox güman ki, bu danışıqların nəticəsi olaraq Azərbaycanda ”Qazprom"un nümayəndəliyi açılır. Azərbaycanda Qaz Emalı Zavodu fəaliyyət göstərir, lakin tam gücü ilə işləmir. Güman ki, Rusiyadan əlavə qaz alınacaq, həm həmin zavodun tam gücü  ilə işləməsinə nail olunacaq. Həm də ”Qazprom"dan alınan qaz Azərbaycan vasitəsilə həm Gürcüstanın, həm də Türkiyənin ehtiyaclarının ödənilməsi üçün istifadə olunur. Azərbaycan böyük qaz layihəsini həyata keçirənə qədər üzərinə əlavə öhdəliklər götürüb. Hazırda Gürcüstanla problemlər yaşanır. Gürcüstan əlavə olaraq, 500 milyon kubmetr qaz istəyir, lakin Azərbaycan bunu çatdırıb verə bilmir. Türkiyə hər il Azərbaycanda 6 milyard kubmetr qaz istəyir, biz onu da çatdırıb verə bilmirik. Çünki Azərbaycanın qaz hasilatı kəskin azalır. Ölkəmizdə qaz hasilatının 2019-cu ildən sonra artması gözlənilir. Qarşıdakı iki ildə qaz ixracının artırılması üçün yeganə mənbə "Qazprom”dur. Böyük ehtimalla "Qazprom”la bununla bağlı danışıqlarda müsbət irəliləyiş  var. Təəssüf ki,  razılaşmanın şərtləri ictimaiyyətə bəlli deyil. Ancaq "Qazprom”un Azərbaycanda nümayəndəlik açması müəyyən razılaşmanın olmasından xəbər verir".

Ekspert vurğuladı ki, Azərbaycanın heç bir beynəlxalq layihəsində "Qazprom” iştirak etmir: "Nə ”Əsrin müqaviləsi"ndə, nə TANAP və TAP layihələrində "Qazprom”un iştirakı yoxdur. "Qazprom” iri regional layihələrdən kənardadır. Çox güman ki, bu SOCAR-la birbaşa danışıqların nəticəsidir. SOCAR öz öhdəliklərini yerinə yetirmək, eləcə də Qaz Emalı Zavodunun tam gücü ilə işləməsi üçün hər il "Qazprom”dan 3-5 milyard kubmetr qaz almalı  olacaq".

İqtisadçının sözlərinə görə, burada maraqlı məqam qiymətlərdir: ""Qazprom”un Azərbaycana qazı neçəyə satacağı açıqlanmır. Əgər qiymətlər  Azərbaycanın xaricə satdığı qazın qiymətindən baha olacaqsa, o zaman biz burada uduzacağıq. Çünki Azərbaycan Gürcüstana qazı çox ucuz satır. "Qazprom”dan alınan qazın qiyməti ilə bağlı, ümumiyyətlə, açıqlama verilmir. Bu şirkətin Ukraynaya satdığı qazın qiyməti hər min kubmetrə görə 210 dollardır. Əgər Azərbaycana da eyni qiymətlə satacaqsa, burada ölkəmizin itkiləri ola bilər. Qaz Emalı Zavodu ilə bağlı itki olmayacaq, çünki emal olunduqdan sonra qaz xaricə daha baha satılır. Ancaq Türkiyə və Gürcüstana satılan qazın qiymətində itki ilə üzləşə bilərik".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə "Yeni Müsavat” a açıqlamasında Azərbaycanın Rusiyadan qaz  idxal etməsinə hər hansı zərurətin olmadığını vurğuladı: "Bu o demək deyil ki, Azərbaycan Rusiyadan qaz alacaq. Mətbuatda bu haqda gedən məlumatlar əsassızdır. Azərbaycan ötən ilin oktyabr ayından özünün qaza olan tələbatını Rusiyanın digər neft qonşusunun hesabına ödəyir. Cari ildə də bu proses davam edir. Bu nümayəndəliyin hansı zərurətdən yaranması hələ ki qaranlıq məsələdir. Xəbərdə də detallara yer verilməyib. Azərbaycan KİV-ləri onu da səhv yazır ki, ”Qazprom" Azərbaycana 2000-2006-cü illərdə qaz nəql edib, bu səhv məlumatdır.  "Qazprom”  2004-2006-ci illərdə Azərbaycana qaz nəql edib.  2010-cu ilin oktyabrından 2014-cü ilədək Azərbaycan qazı Rusiyanın digər şirkəti "İtera” satırdı. Hazırda nümayəndəliyin açılması görünür iki şirkətin gələcəyə yönəlmiş planlarından doğur. Cari ildə ARDNŞ-lə "Qazprom” rəhbərliyi arasında 3 görüş olub, bunlardan ikisi yayda - iyun və avqust aylarında baş tutub. Bu da ondan xəbər verir ki, iki şirkət arasında hansısa bir layihə üzərində danışıqlar gedir, Rusiya tərəfindən belə siqnallar gəlir. Bu üçüncü ölkədə birgə işləmək planı da ola bilər. Azərbaycanda da hansısa qaz layihəsi ilə bağlı ola bilər, Hələ ki ictimaiyyətə əlavə məlumat verilməyib".

Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər