ÜAK məsələsində Rusiyanın inadkarlığının səbəbi

  • 21 sen 2017, 09:33

Tanınmış politoloqdan maraqlı açıqlamalar

Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb. İşə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müddətdə məlum olacaq. Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya ÜAK-ın qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apelyasiya şikayəti verib.

ÜAK isə bu qərardan sonrakı addımlarını düşünür. ÜAK-dan verilən məlumata görə təşkilatın vəkilləri Ali Məhkəmənin Rəyasət Heyətinə apelyasiya ilə müraciət edəcəklər. Təşkilatın buraxılıb-buraxılmayacağı ilə bağlı suala cavab verən ÜAK rəsmisi deyib ki, ən pis halda təşkilatın adını dəyişərək, yenidən Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət ediləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib ki, ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar siyasi baxımdan qeyri-dost addımdır. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur: "Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir.

Hər bir halda Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur".

Beləliklə, artıq get-gedə əminlik yaranır ki, bütün aparılan işlərə baxmayaraq ÜAK-ın qeydiyyatının bərpa edilməsinə nail olmaq müşkül məsələdir. Azərbaycanın buna nədən gücü yetmir?

Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a bildirdi ki, Rusiya oradakı azərbaycanlıların təşkilatlanmasını istəmir. Ona görə də Azərbaycanın bütün cəhdlərinə rəğmən ÜAK məsələsində müsbət həllə nail olunmur: "ÜAK Azərbaycan maraqlarının qorunmasında və azərbaycanlıların təşkilatlanmasında böyük də olmasa, əhəmiyyətli rol oynayırdı. Rusiya siyasiləri oradakı azərbaycanlıları mütəşəkkil təşkilatlardan məhrum etməyə və onların başıpozuq bir kütlə şəklində qalmasına tərəfdardır. Bu səbəbdən də ÜAK kimi təşkilatların, xüsusilə Azərbaycanla sıx tellərlə bağlı olan təşkilatların fəaliyyətinə icazə vermək istəmir. Ermənistana isə belə icazə var. Sayca Rusiyada ən çox işçi miqrant kütləsinə malik olan azərbaycanlıların avanqard təşkilatının isə qeydiyyatının ləğv edir və bu mövqeyində israrla qalır. Son zamanlar ÜAK yenidən təşkil olunmuşdu, sıralarına yeni-yeni adamlar qəbul edirdi. O adamların da əli bütövlükdə Rusiyada yaşayan əksər azərbaycanlılara çatırdı. Rusiya bax bu cəhəti, azərbaycanlıların tərəfindən idarə edilməsini, yeri gələndə həmin təşkilatın azərbaycanlıları mütəşəkkil bir qüvvəyə çevirə biləcəyini heç cür həzm edə bilmirdi. Amma Söyün Sadıqov, Abbas Abbasov kimi adamların təşkil etdiyi və Azərbaycan üçün bir qara qəpiklik mənfəəti olmayan, Rusiyadakı azərbaycanlıların maraqlarını ifadə etməyən, yalnız Rusiyanın göstərişi ilə oturub-duran təşkilatlara isə toxunulmur. Rusiya orada yaşayan azərbaycanlıların müstəqil siyasi qüvvəyə çevrilməsini istəmir. Mən bununla heç də demək istəmirəm ki, orada yaşayan azərbaycanlılar Bakıdan idarə olunsunlar və yalnız buradan verilən göstərişləri yerinə yetirsinlər. Biz bilirik ki, Rusiyada yaşayan azərbaycanlıların saysız-hesabsız problemləri var. Bu problemlərə Rusiya dövləti demək olar ki, biganə yanaşır”.

Q.Hüseynlinin sözlərinə görə, görünür Rusiyaya yalnız müti, onun əmrlərinə sözsüz tabe olan, ana vətənlə əlaqələri olmayan bir təşkilat lazımdır: "Rusiya hökuməti görünür, kütlə səviyyəsində saxlanılan azərbaycanlıların orada mövcudluğuna dözə bilir. Azacıq şüurluluq nümayiş etdirən, siyasi həyata müdaxilə etməyə başlayan, siyasi təşkilatlarda iştirak edən adamları isə qətiyyən həzm edə bilmirlər. Rusiya dövlətinin azərbaycanlılara münasibətinin formalaşmasında Rusiyada dərin kök atmış, başlarında güclü fiqurların dayandığı erməni lobbisi ciddi rol oynayır. ÜAK məsələsində erməni lobbiçilərinin də Rusiya siyasətinə təsiri hiss edilir. Bütün bunların nəticəsidir ki, Azərbaycanın ÜAK-la bağlı çabaları nəticə vermir”.

Politoloq vurğuladı ki, artıq Azərbaycan özü üçün müəyyən seçimlər etməlidir.

Etibar SEYİDAĞA

Oxşar xəbərlər