Lapşin İsrail türməsini seçdi

  • 28 iyul 2017, 09:54

Elxan Şahinoğlu: "Lapşini Rusiyaya ekstradisiya etməkdənsə, İsrailə vermək daha yaxşıdır”

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşin 3 il müddətinə azadlıqdan məhrum edildikdən sonra onun ekstradisiyası məsələsi gündəmə gəlib. İsrail, Ukrayna və Rusiya olmaqla üçlü vətəndaşlığa sahib olan Lapşinin hansı ölkəyə ekstradisiya olunacağı isə sual altındadır.


Hüquqi şərtlərə görə, Lapşini hansı dövlətin geri istəməsindən asılı olmayaraq, o, dərhal ekstradisiya edilə bilməz. Əvvəla ona görə ki, Lapşinin barəsindəki hökm qanuni qüvvəyə minməyib. Ona görə də hələlik o, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Buna baxmayaraq, vətəndaşı olduğu ölkənin nümayəndələri Lapşinin ekstradisiyası məsələsini müxtəlif formalarda gündəmə gətirirlər. Xüsusilə də bu məsələdə Rusiya daha fəaldır.

Rusiyanın Azərbaycandakı səfirliyi də həbs olunan bloggerin ekstradisiyasına yardım etməyə hazır olduğunu bildirib. Məlum olduğu kimi, Rusiya Federasiyası və Azərbaycan arasında məhkumların cəzalarını öz ölkələrində çəkməsi üçün ekstradisiya edilməsinə dair razılaşma var. Əgər A. Lapşin bu sazişlə nəzərdə tutulan hüququndan istifadə etməyə çalışsa, onda səfirlik bunun üçün lazımi köməkliyi göstərəcəyini bəyan edib.


Lapşinin özü isə İsrailə təhvil verilməsini istəyib. Belə ki, iyulun 26-da A. Lapşin İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini istədiyini deyib. Yayılan məlumatlara görə, A. Lapşin barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verməkdən də imtina edib.


Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov APA-ya bildirib ki, Aleksandr Lapşinin müraciətinə o zaman baxıla bilər ki, onun barəsində hökm qüvvəyə minsin.


İsrail səfirliyi isə məlumat yayaraq bildirib ki, İsrail vətəndaşının bu cür müraciətə haqqı var: "Lakin biz Aleksandr Lapşının İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu Lapşının şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”.


Lapşin ekstradisiya edildikdən sonra azadlığa çıxa bilərmi?


Qanunvericiliyin tələblərinə görə, ekstradisiya olunmuş şəxs cəzasını ölkəsində çəkməlidir. Lakin o, verilmiş cəzanın bir hissəsini çəkdikdən sonra azadlığa buraxıla bilər. Bir məqam da var ki, əgər həbs olunduğu ölkədə şəxsin mühakimə olduğu maddə ekstradisiya ediləcəyi ölkənin Cinayət Məcəlləsində nəzərdə tutulmayıbsa, o zaman şəxs azadlığa buraxılır.
Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirib ki, Lapşin son zamanlar çox hiyləgər addımlar atır:


"Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra müəyyən fikirlər səsləndi ki, Lapşinin ekstradisiya olunması sürətlənə bilər. Görüşdən dərhal sonra Rusiya səfirliyi də məsələ ilə bağlı açıqlama verdi. Bunu mən, faktiki olaraq Azərbaycana təzyiq kimi qiymətləndirdim. Çünki məsələ yenicə bitən kimi o şəxsin ekstradisiyasını gündəmə gətirmək Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi görünür. Bu şəxs Azərbaycan qanunlarını kobudcasına pozub. Belə olduğu halda onun ekstradisiyası da mümkündür və bu, prezidentin əlindədir. Mümkündür ki, o, səhvini boynuna alsa da, azadlığa çıxandan sonra yenidən Azərbaycanın əleyhinə açıqlamalar, böhtanlar yağdıra bilər.

Ona görə də bu şəxs qurtulmamalıdır. Bunun əvəzində başqa bir şey tələb etməliyik. Ermənilərin girovluğunda olan iki şəxs var ki, ən azından onların azad olunmasına çalışmalıyıq. Həmin şəxslərdən də biri Rusiya vətəndaşıdır və dəyişmə də edə bilərik. Bu proses isə uzun vaxt apara bilər ki, bunu Lapşin də anlayır. Ona görə də Lapşin çox hiyləgər bir gediş edərək, vəkili vasitəsilə İsrailə ekstradisiya olunmağı xahiş edib. Lapşin bilir ki, Rusiya ilə Azərbaycanın arasındakı münasibətlərdə müəyyən suallar var. Biz istəyirik ki, onu öz vətəndaşımızla dəyişək və bu, alınmaya da bilər. Nəticədə proses uzanacaq. İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycanın İsrail hökumətinin ekstradisiya istəyinə yox deməsi çətin ola bilər. Düşünürəm ki, həmin şəxsi əvəzsiz olaraq Rusiyaya ekstradisiya etməkdənsə, İsrailə vermək daha yaxşıdır. Həm də Rusiyaya verərsək, bu, ona bənzəyəcək ki, bizə təzyiq olundu və bunun qarşılığında ekstradisiyaya razı olduq. Lakin bu məsələ də var ki, məhkəmə yenicə bitib. Ona görə də dərhal Lapşini ekstradisiya etmək doğru olmazdı”.


Politoloq söyləyib ki, Ədliyyə Nazirliyi də Lapşinlə bağlı açıqlamasında tamamilə haqlıdır: "Bu, Azərbaycana edilən təzyiqlərə, xüsusilə də Rusiyaya bir növ cavabdır. Yəni bu adam bir həbsdə yatsın ki, bunun ekstradisiya olunması gündəmə gəlsin. Azərbaycanda minlərlə insan cəzalar alırlar. Bu şəxs də qanunları kobud şəkildə pozub, ona görə də Lapşini dərhal ekstradisiya etsək bu çox pis nümunəyə səbəb olacaq. Onda belə çıxar ki, kimsə Azərbaycan qanunlarını poza bilər və təzyiq olarsa, biz onu buraxacağıq. Bu baxımdan, Lapşin Azərbaycan həbsxanalarının dadını görməlidir. Lapşini bir zamanlar hiyləgər adlandırsalar da, əslində o, çox ağıllı və hiyləgər gedişlər edir. Apelyasiya şikayəti verməməklə də Azərbaycana bildirmək istəyir ki, sizinlə mübahisəyə getmirəm. İsraildən də kömək istəməsi kimi faktlar göstərir ki, Lapşinin heç də psixoloji problemləri olmayıb. Elə Azərbaycan qanunlarını kobud şəkildə pozarkən, ikinci dəfə başqa bir pasportla ölkəmizə gələn zaman da bunu düşünərək edirdi. Həbsxanada da bunu davam etdirdi”.


Elxan Şahinoğlunun fikrincə Lapşinlə bağlı məsələ başqalarına da dərs olmalıdır: "O, sırf Qarabağa getdiyi üçün həbs olunmamışdı. Çoxları Qarabağa gedir və Xarici İşlər Nazirliyinin qara siyahısına salınır. Ancaq Lapşin Azərbaycana qarşı ikinci addımını da atdı. Ölkəmizi bir növ lağa qoydu və Ukrayna pasportu ilə ölkəmizə gəlməklə sanki hər kəsə göstərdi ki, qara siyahıya düşsə də Azərbaycana gəldi. Artıq bu məqamda onun cəzası verilməli idi. Azərbaycanın Lapşinlə bağlı addımı bir çox dövlətlərə dərs idi. Bəzən belə fikirlər yaranır ki, Rusiya vətəndaşı olduğu üçün risk edib onu həbs etməyəcəyik. Ancaq bizim üçün fərqi yoxdur ki, bu Rusiya vətəndaşıdır və ya deyil. Qanunları kobud şəkildə pozub və cavab verməlidir. Lapşinlə bağlı indi Azərbaycana qarşı təzyiqlər deyərdim ki, səngiyib. Bu şəxsin özü də heç tanınmış jurnalist deyil. Dünyada 100 minlərlə blogger var”.


Əli RAİS

Oxşar xəbərlər