Xədicə İsmayıl oyaqdı, erməniyə dayaqdı

  • 04 may 2017, 21:18

Millət və dövlət olaraq, Dağlıq Qarabağ və işğaldakı digər torpaqlarımız uğrunda mübarizə aparırıq. Bəzi fraqmentlərdə silahlı döyüşlər şəklində, əksəriyyətlə isə diplomatiya və informasiya müstəvisində gedən bu mübarizədə son bir ildə ciddi dəyişikliklər var. İstər hərbi, istər siyasi, istərsə də informasiya sahələrində Azərbaycan ciddi uğurlara imza atmaqdadır.

 

Ötən ilin aprel əməliyyatları və ondan sonra xeyrimizə dəyişən status-kvo, Azərbaycanın bir dövlət olaraq, bütün halda apardığı mübarizə düşmən ölkəyə - Ermənistana böyük zərbələr vurub. Proses davam edir və ərazilərimizi işğal edən, on minlərlə soydaşlarımızı qətlə yetirən bir ölkə içəridən bölünməkdə, Azərbaycana və işğaldakı torpaqlara, o cümlədən də digər torpaq iddialarına münasibətdə milli birlik strategiyasını əldən verməkdədir. Artıq Azərbaycanpərəst ermənilər ortaya çıxmaqda, öz sözlərini deməkdə, cinayətkar Ermənistan rejiminə qarşı aqressiv kəskin şəkildə təşkilatlanmaqdadır. "Ermənilər ağzıbir xalqdır, onlar torpaq iddiaları ətrafında birləşə bilirlər”, mifi və həsədi darmadağın olub.

O cümlədən də, erməni silahlı dəstələrinin məğlubedilməzliyi, Qarabağdakı, digər işğal ərazilərindəki Ermənistan ordusunun yüksək səviyyədə olması barədə miflər sabun köpüyü kimi partlayıb, yox olub. Cəmi 1 uğurlu əməliyyat və ondan sonra Azərbaycan dövlətinin apardığı diplomatik, kəşfiyyat və informasiya savaşı fəaliyyətləri dünyadakı, ölkəmizdəki, xüsusi ilə də Ermənistandakı stereotipləri dağıtdı. 
Azərbaycanın bir unikal cəhəti var. Dağlıq Qarabağ və ermənilərə, düşmənə münasibətdə qəti və birmənalı olaraq, cəmiyyətdə, özəlliklə də siyasi düşərgələrdə fikir ayrılığı yoxdur. Bir-birini qəbul etməyən, sevməyən iqtidar və müxalifəti birləşdirən tək amil işğal altındakı torpaqlara və Ermənistana münasibət faktorudur. Cəmiyyət bu məsələdə bütündür. Sadəcə, çatlaq səslər var. Onlar heç siyasi müxalifət də deyillər. Nə milləti, nə ölkəni, nə davamızı, nə də Allahı sevərlər. Lakin erməniləri sevərlər; insafən, Azərbaycana qarşı olan, indiki rejimlərinə sadiq olan hər bir erməni də onları sevər, hörmət edər; Azərbaycana qarşı beynəlxalq miqyasda apardıqları mübarizədə sinxron hərəkət edərlər.

Sosial şəbəkədə, ingiliscə bilgilərinin verdiyi imkanı istifadə edərək, bəzi xarici media quruluşlarında fəal olan bu cür tiplərin ən bariz nümunəsi və "xaç anası” jurnalist Xədicə İsmayıl(ova)dır. O, hər zaman və istisnasız olaraq, Azərbaycan iqtidarına müxalifliyi siyasi qılafı altında dövlətimizin, millətimizin mövqe və maraqlarına qarşı çıxır. Xədicə İsmayıl Azərbaycana qarşı informasiya müharibəsi aparan ermənilərin göz bəbəyidir, etibarlı tərəfdaşıdır. Təsadüfi deyil ki, beynəlxalq tədbirlərin istisnasız olaraq, hamısında xanım İsmayıl Azərbaycana (sözdə onun iqtidarına) qarşı çıxanda, yanında, arxasında, dəstəyində ermənilər olur. ATƏT-in tədbirlərində, Avropa Birliyinin, digər qurumların tədbirlərində Xədicə İsmayıl ölkəmizə və millətimizə düşmən münasibət bəsləyən, üstəlik, Ermənistan iqtidarını dəstəkləyən ermənilərlə bərabər, onlarla ağız –ağıza verərək fəaliyyət göstərirdi. Özü gedə bilmədiyi tədbirlərə belə Bakıdan müdaxilə edirdi (indi də edir).

Məsələn, 2014-cü ilin payızında, Batumda Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumu keçirilib. 6 ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı bu forumda skandal baş vermişdi. Erməni nümayəndə heyəti Çex QHT-lərinin birinin (NED) dəstəyi ilə Azərbaycana qarşı tənqidi stend asmışdılar. Bu da Azərbaycan nümayəndə heyətinin etirazlarına səbəb olmuşdu. Nəticədə, ciddi skandal yaşanmışdı. Məhz həmin günlərdə, orada dəvətli olan bir baş redaktorun öz saytı üçün Azərbaycan türkcəsində yazdığı yazıları ingilis və rus dillərinə (həm də təhrif olunmuş şəkildə) tərcümə edərək, Bakıdan Batuma göndərən Xədicə İsmayıl və onun əhatəsindəkilər olmuşdu. "Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa , Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib , onlara çatdırır”. Həmin günlərdə orada ermənilərlə mücadilə aparan azərbaycanlı redaktorun etiraz qeydləri indi də internet məkanında qalmaqdadır.

Bax:
http://musavat.com/news/forumdan-ve-onun-isini-isiqlandirmaqdan-imtina-edirem-rauf-arifoglu_228670.html

Xədicə İsmayılın niyə belə etməsinə dair birmənalı cavabımız yoxdur. Lakin iqtidar mediasının iddialarına görə o, xarici xüsusi xidmət orqanlarına çalışır. Bu səbəbdən də, onların dedikləri ilə hərəkət edərək, hər zaman anti-Azərbaycan mövqeyi sərgiləyir.

X. İsmayılovanın ermənilərlə sinxron olaraq, guya Azərbaycan iqtidarına, əslində isə Azərbaycan ölkəsinə qarşı apardığı informasiya müharibəsinin bir bariz nümunəsi də 3 May Dünya Mətbuat Azadlığı günündə baş verdi. Azərbaycan saytlarında kiçik bir mətnlə, lakin effektli arqument sayıla biləcək scrin-shotlarla təqdim olunan mənzərə tanışdır. Xədicə İsmayıl yazır, ermənilər dəstəkləyir. O da bundan görünür, məmnun qalır və daha da üzərinə əlavə edərək, ritorikasını böyüdür...

Nə vardı son faktın içində? Qafqazinfo saytının yazdığına görə, əl-Cəzirə telekanalının ingilisdilli saytında Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib.

Məqalədə Xədicə İsmayıl Azərbaycan hökumətini tənqid edib. Bundan sonra müstəqil jurnalist Azər Həsrət həmin saytda "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş yazı ilə çıxış edib. Əl-Cəzirə hər iki yazını fərqli mövqe kimi yayımlayıb. Azər Həsrət məqaləsində Azərbaycanda medianın durumu ilə bağlı X.İsmayıldan fərqli mövqe ilə çıxış edib.

(Bax: yazı bu linkdə - http://www.aljazeera.com/indepth/opinion/2017/05/state-interests-trump-free-speech-170503084413725.html)

X. İsmayıl isə dərhal şərh yazıb ki, Azər Həsrət hakimiyyətin sözçüsüdür. Sitat: "Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir"...

Xədicə İsmayılın bu reaksiyasından sonra erməni dəstəkçiləri onun yazısından və şərhlərindən istifadə edərək, Azər Həsrətə və Azərbaycana qarşı hücuma start verdilər. Daim Azərbaycana qara yaxan erməni fəal, Xədicənin dostu Eni Vandaryan belə bir paylaşım edib: "Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bu günlərdə İndoneziya səfərlə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı".

 

Bir komandanın üzvü kimi çıxış edən İsmayılovanı və Vardaryanı birləşdirən dəyər isə bəllidir: anti-Azərbaycan mövqeyi.

Bu cür faktlar isə çoxdur. Məşhur bir deyimi dəyişdirərək, yaza bilərik: "Xədicə İsmayıl oyaqdır, ermənilərə dayaqdır”.

Elşad Məmmədli, Musavat.com

Oxşar xəbərlər