Qarabağla bağlı gizli saxlanılan şərtlər – Şərh

  • 01 apr 2017, 10:09

İstənilən məqamda əlverişli olmayan sülh şərtləri Azərbaycan tərəfindən qəbul edilməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib. Politoloq bildirib ki, hazırda Dağlıq Qarabağ ətrafında gedən müzakirələr mürəkkəbləşdiyindən bu məsələyə bir qədər ehtiyatla yanaşılmaq gərəkdir:

"Çünki danışıqlar prosesində çoxlu ziddiyyətlər əmələ gəlib. Ermənistan prezidentinin Fransaya səfərindən sonra Olland Dağlıq Qarabağın statusunun ön plana salınmasını irəli sürdü. Ancaq Azərbaycan buna qəti etiraz etdikdən və Prezident İlham Əliyevin Parisə səfərindən sonra bu fikir təkzib edildi. Son zamanlar Paris və Moskvanın bu məsələdə yaxınlığı diqqətdən yayınmır. İndi isə Rusiya konfidensial xarakterli danışıqların nədən ibarət olacağını gizlədirsə, deməli, Azərbaycan xalqının etirazına səbəb ola biləcək məqamlar var. Bu məqamlar ya Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması qrafiki ilə, yaxud da Dağlıq Qarabağa statusun verilməsi ilə bağlıdır. Çünki status məsələsi hazırda müzakirlərin ən ciddi problemidir və qarşıda duran ən mühüm məsələ isə azərbaycanlı qaçqınların geri qayıdışı məsələsidir. Ermənilər bu barədə susur, bir kəlmə də danışmırlar. Bu nöqteyi-nəzərdən, zənnimcə, danışıqlarda həyəcana səbəb ola biləcək mütləq məqamlar olduğuna görə bunu konfidensiallaşdırırlar. Ancaq istənilən məqamda əlverişli olmayan sülh şərtləri Azərbaycan tərəfindən qəbul edilməyəcək”.

Demokratik.Az

Oxşar xəbərlər