Xarici siyasətdə beş vacib məsələ

  • 11 mart 2017, 10:32
Azərbaycanın beynəlxalq nüfuzu barədə danışmaq üçün ilk olaraq, rəsmi Bakının dünyada baş verən qlobal prosseslərə yanaşmasını analiz etmək lazımdır. Əvvəla bilməliyik ki, bir çox hallarda prosseslərin inkişaf dinamikası və axarı konkret kiminsə maraq dairəsi çərçivəsində cərəyan etmir. Belə ki, hətta böyük dövlətlərin belə nəzarətdə saxlamağa çalışdığı hadisələr var ki, onları da hər zaman istənilən ssenari üzrə davam etdirmək imkansız hala gəlir. Belə olan halda istənilən diplomatiya manevr imkanlarından istifadə edir. Azərbaycanın da bu baxımdan yürütdüyü xarici siyasəti şərh edərkən yaranan çətinlikləri göz önünə gətirmək yaxşı olar. Bir neçə nüansa xüsusi diqqət yetirilməlidir. 

 

Birinci - Azərbaycan coğrafi cəhətdən çox mürəkkəb regionda yerləşir. Şərq və Qərb üçün qapı rolunu oynayan kiçik bir ölkə üçün balanslaşmanı saxlamaq çətindir. 

İkinci - Ölkə şimaldan Rusiya, cənubdan İran kimi iki nəhəng imperiya maraqları olan dövlətlərin əhatəsindədir.

Üçüncü - Neft amili. Bu yeraltı sərvətə nəzarəti ələ keçirmək üçün qonşu ölkələrin və həmsərhəd olamyan dövlətlərin Bakı ilə yumşaq və ya sərt dillə danışdığının dəfələrlə şahidi olmuşuq.

Dördüncü - Dağlıq Qarabağ problemi və ərazilərin 20 faizinin işğal altında olması. Azərbaycanda marağı olan ölkələrin Qarabağ kartından hər zaman istifadə etməsi barədə də çoxsaylı faktlar var. 

Beşinci - İllərdir iqtidarda möhkəmlənən, sabitlik qarantı olan komandanı bir çox hallarda tənqid edən Qərb dünyası çoxillik hakimiyyətlə şərtsiz danışmaq niyyətində deyil. 

Bütün bunları nəzərə alsaq, ölkənin xarici siyasətdəki çətinlikləri anlamaq mümkündür. Bununla belə, bir deyim var. "Əgər siyasətlə məşğul olmasan, siyasət özü səninlə məşğul olacaq”. Bu zərbi-məsəl rəsmi Bakı üçün də keçərli olduğunu dəfələrlə isbatlayıb. Artan iqtisadi güc siyasi tərəzidə də bölgə ölkələri iləçəki nisbətini dəyişə bilib. Gürcüstan və Ermənistanın iqtisadi potensialı, Rusiya və İranla Qərbin qarşıdurması nəzərə alınarsa, onda Azərbaycanın sabitlik əmsalının nə qədər yüksək olduğunu görmək mümkündür. Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı bu və ya digər şəkildə Yaxın Şərqin də ayrılmaz hissəsidir. Belə olan halda dünyanın qanayan yarası halına gələn Suriya, İraq, Fələstin kimi regional problemlərin həllində və ya həllinə cəhdlərdə Azərbaycan öz sözünü deməli idi. Rəsmi Bakı ötən ay ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutan görüşə ev sahibliyi etməklə ambisiyasını, beynəlxalq münasibətlər sistemindəki yerini və iddiasını ortaya qoymuş oldu. Görüş öncəsi tərəflərin yer seçimi ilə bağlı kəskin fikir ayrılıqlarını nəzərə almamaq olmaz. Amma Moskva və Vaşinqton nümayəndələri diplomatik qaynaqların da söylədiyi kimi, Bakıda görüşmək üçün dərhal razılıq verib. Bu barədə artıq fikirlər məlum olduğundan məsələni uzatmağa ehtiyac yoxdur. 
Amma diqqət, tamam başqa bir mövzu üzərində cəmlənməlidir. Bu da bu günlərdə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford, Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar arasında baş tutan görüşdür. Unutmaq lazım deyil ki, üçtərəfli görüşün baş tutmasına zəmin məhz Bakıda keçirilən ikitərəfli görüş olub. O zaman Türkiyəsiz müzakirə edilən Suriya və İraq problemi indi bögənin önəmli aktyoru Ankara ilə müzakirə edilməli idi. Burda da bir neçə məqama xüsusi diqqət edilməlidir. Görüş qapalı keçirilir və açıqlama yalnız səhəri gün, Rusiya baş qərargahından verilir. Hər halda, bu məsələnin yaxın günlərdə məntiqi sonluğu olacaq. Rusiyanın ABŞ-la, yoxsa Türkiyə ilə addımlayacağı tezliklə bilinəcək. Üçtərəfli görüş öncəsi anti-terror əməliyyatları baxımından Türkiyə üçün önəmli olan Mənbicə ABŞ ordu birlikləri yeridilir. Ardınca isə Rusiya xüsusi təyinatlılarını Mənbic ətrafına çıxarır. Açıqlamalara baxıldıqda, bu addımın guya Azad Suriya Ordusu ilə kürd silahlıları, YPG arasında qarşıdurmanın yaşanmaması üçün atıldığı bildirilir. Amma məsələnin istər Rusiya, istərsə də, ABŞ açısından dərin kökləri var.

Türkiyə artıq "Fərat Qalxanı” əməliyyatları ilə Suriya və anti-terror məsələsində qərarlılığını ortaya qoyub. Başda ABŞ olmaqla, koalisiya qüvvələrinin 4-5 ildə edə bilmədiyini cəmi 5 aya Əl Bab əməliyyatları ilə həyata keçirib. Təbii ki, burda Rusiyanın hazırda müttəfiq kimi gördüyü Türkiyəyə güzəşti də az olmayıb. Bununla belə, NATO-nun səlahiyyət dairəsinə düşməyən coğrafiyada Şimali Atlantika Alyansını 15 iyul hadisələrindən sonra kollaps vəziyyətinə salan Ankaranin uğurları sevindirmir. Amma bunu hələlik açıq şəkildə biruzə vermək Qərbin, xüsusilə ABŞ-ın maraqlarına cavab vermir. Vaşinqtonda Moskvanın qurban kimi yenidən Ankaranı görməsi üçün planlar işlənib hazırlandığı heç kimə sirr deyil. Həmçinin xələfi Barak Obamanın Yaxın Şərq siyasətini addımbaşı tənqid edən Donald Tramp "Yaxşı polis, pis polis” oyunu oynamağa çalışır. Vaşinqtonun xarici siyasət kursunu başdan-başa dəyişdiyini sübut etməyə çalışan hazırki dövlət başçısının köklü dəyişikliklərə gedəcəyi gözlənilən deyil. Dəyişikliklər sırf kosmetik xarakter daşıyacaq. Rusiyaya gəlincə, istər iqtisadi baxımdan, istərsə də siyasi baxımdan Türkiyə Moskva üçün önəm daşıyır. məlum hadisələr bir daha göstərdi ki, üzr istənib, istənməməsindən asılı olmayaraq, Kreml Ankaranın təklifini gözləyirdi. Rus bazarları türk tekstili, meyvə-tərəvəzi və turizmi üçün həsrət çəkirdi. Türkiyənin də Rusiyadan gözləntiləri az deyil. Faydalı yeraltı və yerüstü xammal ehtiyatları, tikinti bazarı, hərbi sahədəki uğurlar, çoxsaylı tür etnoslarının yaşaması Türkiyənin diqqətindən yayınmayıb. Amma məsələ nüfuz davasıdır. İndiki halda Moskvanın özündən asılı Ankara görmək istəkləri daha bariz görünür.               
  
Rövşən Əliyev / Beynəlxalq məsələlər üzrə eksper
 
Demokratik.Az
Oxşar xəbərlər