“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi iclas keçirib

  • 08 mart 2017, 17:34

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında "Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların növbəti toplantısı keçirilib.

 

VİP-in  mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, iclasa qatılan partiya rəhbərləri dünya və ölkədəki ictimai-siyasi durumu, Qarabağ münaqişəsi ətrafında baş verən hadisələri və digər aktual məsələləri müzakirə ediblər.

 

Müzakirələr zamanı son hadisələr sırasında bloger Mehman Hüseynovun həbsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Mükalimələrdə hadisənin hakimiyyət tərəfindən azad fikrə, müxtəlifliyə, söz azadlığına növbəti həmləsi kimi dəyərləndirilib. Bundan başqa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun polis özbaşınalığına məruz qalması eyni aspektdən qiymətləndirilib. "Azadlıq” Mərkəzinə daxil olan partiyaların sədrləri Mehman Hüseynovun həbsini qanunsuz sayır, bu hərəkəti iqtidarın azadlıq məfhumunun bütün təzahürlərinə qarşı hücumu kimi dəyərləndirir və hakimiyyəti böhranın artdığı, sosial gərginliyin şiddətləndiyi, Qarabağ münaqişəsinin qızışdığı bir zamanda ictimai maraqları təhdid edən belə hərəkətlərdən çəkinməyə çağırıblar.

Toplantı iştirakçıları ölkədə aparılan anti-Türk və anti-Türkiyə təbliğatının güclənməsindən narahatlıqlarını diqqətə çatdırıblar. Azərbaycanda rəsmi səviyyədə insanların alçaldılması, ölkənin ən çoxsaylı və titul xalqı olan Türklərə qarşı ayrıseçkilik və təhqiramiz ifadələr sistematik xarakter almasının hiddət doğurduğu vurğulanıb. Partiya sədrləri öz kökündən bixəbər olanların və yaxud özünü tanımayan şəxslərin millətin adından danışmasını həqarət, abdallıq və axmaq hərəkət kimi qiymətləndiriblər. Azərbaycanıın repressiya qurbanı olmuş görkəmli şairi Mikayıl Müşfiqin heykəlinin vəhşicəsinə sökülməsi də həmin siyasətin bir ştrixi hesab edilib. Sədrlər ölkədə Türk kimliyinə qarşı göstəriləcək hər hansı həqarət cəhdinə qətiyyətlə cavab veriləcəyini bildiriblər.

İclasda Azərbaycan tarixində müstəsna yeri olan Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yerləşdiyi bağın sökülməsi, həmin abidənin ziyarətinin mümkünsüz vəziyyətə gətirilməsi də hakimiyyətin tariximizin qızlı səhifələrini yazmış şəxsiyyətlərə münasibətinin göstəricisi kimi qiymətləndirilib. Partiya sədrləri görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə layiq olduğu dəyərin verilməsini tələb edərək, onun abidəsinin Bakının başqa səmtində - keçmiş Zorge bağında yerləşdirilməsinin məqsədəuyğunluğunu təklif ediblər.

Yekunda bir sıra cari məsələlər də müzakirə olunub.

Demokratik.Az

Oxşar xəbərlər