ATƏŞKƏSİ QORUMAQ MÜMKÜN DEYİL

  • 04 mart 2017, 13:17

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 6-7-də Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə olunacaq.

E.Məmmədyarov həmkarı Sergey Lavrovla yanaşı, Baş nazirin müavini Dmitri Roqozinlə, Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla da görüşəcək. Şübhəsiz ki, Azərbaycan XİN rəhbərinin Moskva səfərində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi və son günlər cəbhə xəttində müşahidə olunan gərginlik əsas müzakirə mövzusu olacaq. Onu da xatırladaq ki, martın 14-15-də Ermənistan prezidenti Serj Sarkisyan Putinin dəvəti ilə Moskvaya səfər edəcək. Bir sıra ekspertlərə görə, Kreml münaqişə tərəfləri qarşısında müəyyən tələblərlə çıxış edəcək. Səfərlə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan tərəfi olaraq çox istərdik ki, Moskva münaqişənin həlli ilə bağlı yeni təklif irəli sürsün və cəbhədəki təxribatlarla bağlı Ermənistana təzyiq göstərsin: "Niyyətimiz odur ki, beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanan qətnamələr icra edilsin. Əgər Kreml istəyərsə, buna nail ola bilər. Çünki Ermənistanın Rusiyadan asılılığı hamıya bəllidir. Ancaq təəssüflər olsun ki, Moskvanın istəyimizlə hərəkət edəcəyinə ümid yoxdur. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın da açıqlamasından görünür ki, Kreml prosesin beləcə davam etməsində maraqlıdır”.

 

Politoloq Azər Rəşidoğlu da "Şərq”ə deyib ki, artıq cəbhə xəttində atəşkəsi qorumaq mümkün deyil: "Münaqişə tərəflərinin maraqları biri-birinə zidd olduğu üçün hansısa sülhdən danışmaq yersizdir. Vasitəçi dövlətlərin maraqları da toqquşduğuna görə, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində işləmək mümkün olmur. Həmsədrlər sadəcə "atəşkəs pozula bilməz, problemin hərbi yolla həlli mümkün deyil” fikrini səsləndirirlər. Əslində bu, çox absurd ifadədir. Azərbaycan istədiyi vaxt vasitəçilərin xidmətindən imtina edə, öz torpaqlarını güc tətbiq etməklə geri ala bilər. Çünki ərazisi işğala məruz qalan bizik, vasitəçi dövlətlər deyil. Hüquqi üstünlük də bizim tərəfimizdədir”. Ekspert bildirib ki, Rusiyanın fəal müdaxiləsi münaqişənin həllinə təsir edə bilər: 

 

"Ancaq burada bir sual meydana çıxır ki, Rusiya kimin mənafeyini müdafiə edəcək? Vassalı Ermənistanın, yoxsa balanslı siyasət yeridən Azərbaycanın? Düşünmürəm ki, Moskva rəsmi Bakının mövqeyindən çıxış edəcək. Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi ortaya atdığı son variant yenilənmiş Madrid prinsipləridir. Bu həll variantında status məsələsi ön planda dayanır. Bəllidir ki, Azərbaycan tərəfi Qarabağın statusunu ən sona saxlamaq, yəni ərazilərin boşaldılmasından sonra müzakirə etmək istəyir. Ona görə də Elmar Məmmədyarovun, ardınca Sarkisyanın Moskva səfərlərinin müsbət mənada nəyisə dəyişəcəyinə inanmıram. Beynəlxalq vasitəçilər artıq fərqindədirlər ki, kövrək atəşkəs istənilən an pozula bilər. Bu isə irimiqyaslı hərbi əməliyyatlar deməkdir”.

Oxşar xəbərlər