Prezident İlham Əliyevin sərəncamı ilə Polkovnik
İnqilab Muradova General-mayor hərbi rütbəsi verilib. Ali rütbəyə layiq görülən
şəxs Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci
müavinidir.
Qeyd edək ki, Muradov İnqilab Heydər oğlu 1967-ci
ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. Uşaqlıq illərindən hərbiyə
böyük maraq göstərib.
1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi
Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirir. İnqilab
Muradov mküxtəlif vaxtlarda DQ-nin N saylı hərbi hissələrində briqada komandiri
olub.
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər
Əliyevin 30 iyun, 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında
ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa,
terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı
dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik
göstərdiyinə görə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev İ. Muradovun nümunəvi xidmətini
nəzərə alaraq onu 2007-ci ildə Bakı şəhərində mənzillə təmin edib.
İnqilab Muradov "Qüsursuz xidmətlərə görə”, "Hərbi
xidmətlərə görə”, 2 və 3 dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.
Prezidentin sərəncamı ilə 2018-ci ildən İnqilab
Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci
müavinidir.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə
general-mayor ali hərbi rütbəsi alan digər şəxs Səlim Niftəliyevdir. S.Niftəliyev
Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiridir.
Demokratik.Az