Eldar Əzizovun “Gülüstan” sövdələşməsi Gəncədə fövqəladə hal yaradıb

  • 15 fev 2017, 19:04

 Şəhər mərkəzindəki binanın sakinləri Elmar Vəliyevdən kömək umur

Gəncə şəhərinin tam mərkəzində, H.Əliyev pr ilə Nizami küçələrinin kəsişmələrində yerləşən 149 saylı binanın sakinləri neçə illərdir ki, "Gülüstan- MTK”-nın özbaşınalığı, sabiq icra başçısı Eldar Əzizovun şəxsi maraqları ucbatından əziyyətlərə düçar olublar. Sakinlərin dəfələrlə aidiyyatı qurumlara ünvanladıqları şikayət ərizəsi isə elə bil gedər-gəlməzə yollanaraq ümidləri heç edib. Problemin dəfələrlə Gəncə İcra hakimiyyətinin başçıları tərəfindən həll edilməməsi, hətta baş qaldıran özbaşınalığa dolayısıyla rəvac verilməsi bir tikinti kooperativinin ya gücündən, ya da məsələnin "düyünlü" olmasından xəbər verir.

Bəs söhbət nədən gedir, açıqlayaq!!!

Sakinlər "Demokratik.Az”-a müraciətlərində bildirirlər ki, 2007-ci ildə yaşadıqları binanın həyətində abadlıq işləri aparmaq məqsədilə ərazidəki uyğunsuz tikililərin sökülməsinə yerli rəhbərlik (sabiq icra başçısı Eldar Əzizov tərəfindən-red) tərəfindən sərəncam verilib. Binaların ərazidəki kiçik istirahət parkı, uşaq idman meydançası və xeyir-şər məqsədilə sovet dönəmindən istifadə olunan 400 kv m-lik obyekt də bu söküntülərlə birlikdə ləğv olunaraq dağıdılıb.

Söküntüdən dərhal sonra isə, yəni 2008-ci ilin yanvarında Eldar Əzizovun icazəsi əsasında, ərazidə "Gülüstan MTK" adlı şirkət tərəfindən iri ticarət mərkəzinin tikintisinə başlanılıb. Bundan başqa, binanın həyətindəki MİS-in binası və qazanxana da sökülərək, yerində eyni adlı şirkət tərəfindən göydələn tikintisinə start verilib.

Sakinlərin məlumatına görə, işlər başlayarkən etiraza qalxıblar, sonradan qarşı tərəflə razılığa gəliblər. "Gülüstan” MTK sakinlərlə bağladığı öhdəlik müqaviləsinə əsasən, sözügedən binanın həyətində müasir tipli yaşayış binasının, uşaq-idman kompleksinin və 200 kv m sahəsi olacaq xeyir-şər obyektinin tikintisi planlaşdırılıb, bununla bağlı da əhaliyə bildirişlər paylanıb, vədlər verilib. Sakinlərlə şirkət arasında 28 fevral 2008-ci ildə razılaşma müqaviləsi rəsmiləşdirilib. Lakin, 6 ay sonra təhvil veriləcəyi planlaşdırılan sakinlərin xeyir-şər obyektinin təhvil-təslim prosesi reallaşdırılmayıb. Artıq 10 ildir ki, şirkət vədinə əməl etməyib. İllərdir proses bilərəkdən şirkət tərəfindən uzadılıb. Şikayətçilərin sözlərinə görə, "Gülüstan MTK” rəhbərliyi tikmiş olduğu binanın xeyir-şər evinə aid hissəsini onların istifadəsinə vermək fikrində deyil.

"Demokratik.Az” məsələ ilə bağlı kiçik araşdırma apardığı zaman məlum oldu ki, hazırda həmin ərazidə qızğın işlər gedir. Maraqlıdır ki, 2008-ci ildə bina sakinlərinə təhvil verilməli xeyir-şər evi isə qazanc məqsədilə "Azərsun” şirkətinə icarəyə verilib. Məlumata görə, MTK rəhbəri Azər Nəsirzadə adlı şəxs olsa da, indiyədək onun üzünü kimsələr görməyib. Şirkət gözəgörünməz rəhbərin müxtəlif adamları tərəfindən idarə olunur, konkret hansısa hüquqi ünvanına isə heç yerdə rast gəlinmir. Vaxtilə MTK-nın bu qalmaqallı tikinti işlərində sakinlərdən "xeyir-dua" alma əməliyyatında canfəşanlıq etmiş Mehman adlı birisi isə mütamadi ərazidə olur, təmsilçi qismində icarəyə hazırlanan "Xeyir-Şər" evinin təmirinə göstərişlər verir. Deyilənə görə, o, canıyananlığına görə "Gülüstan MTK"-nın yeni göydələnində mənzil mükafatı alıb. Hadisəni görməzdən gələn Gəncənin gənc millət vəkili Naqif Həmzəyev də Mehmanla qonşuluqda, yeni binada yaşayır. Amma nədənsə olayla bağlı deputat da narahatlıq yaşamır, sakinlərin müraciətindən qaçır. 

Bəs, Elmar Vəliyevə ümidlər özünü doğruldacaqmı?

Sakinlərin dediyinə görə, onlar bugünlərdə hamılıqla məslənin həlli üçün Gəncənin İcra başçısı Elmar Vəliyevə təkrar rəsmi müraciət ediblər. Sakinlər ümid edirlər ki, Elmar Vəliyev sələfi Eldar Əzizovun dövründə reallaşan və hələ də həllini gözləyən bu məsələni araşdıracaq. Sakinlər haqlı olaraq düşünürlər ki, Eldar Əzizovun idarəçiliyindən doğan və gəncəlilərə "miras" qalan elə problemlər var ki, olduqca qabarıqdır və həlli bilavasitə Elmar Vəliyevin üzərinə düşür. Şikayətçilər onu da deyir ki, reaksiya olmazsa, prezident cənab İlham Əliyevə də müraciət olunacaq.

"Demokratik.Az" hesab edir ki, Gəncəyə gələndən sələfinin xeyli əyri-əksiyini düzəldən Elmar Vəliyev ən azından şikayətçilərin yas mərasimlərini nəzərə alıb, "Gülüstan MTK”-nın zorakılıqla mənimsədiyi "xeyir-şər" evini alaraq, sakinlərin istifadəsinə verilməsinə cəhd edəcək. Buna sakinlər qədər biz də ümid edirik. Ümid isə gözləməkdir, gəlin gözləyək! (mövzu diqqətimizdədir)

Osman Nərimanoğlu


ııııııııııııııııııııııııııııı saat 20:05

Redaksiyadan: Yazı yayımlandıqdan dərhal sonra şikayətçilər saytımıza binanın həyətinin çox bərbad olduğunu, şəhərin lap mərkəzi olmasına baxmayaraq baxımsızlığın hökm sürdüyünü bildirdilər. Ən əsası da, binada hansısa fövqəl hadisə baş verərsə, yanğınsöndürənin, təcili tibbi yardım maşınının həyətə girməsi belə süni əngəllərlə mümkünsüzləşib. "Gün ərzində isə, buranı maşın bazarına da bənzətmək olar"-deyə sakinlər saytımıza əlavə iradlarını bildirdilər. Onlar ümumilikdə kommunal xidmətlərdən də narazıdır...


 






   "Demokratik.Az"  

Oxşar xəbərlər