Penitensiar xidmətdə inqilabi islahat- Probasiya nədir?

  • 11 fev 2017, 17:57

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.
Həmçinin Ədliyyə Nazirliyinə Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Baş Prokurorluq ilə birlikdə bir ay, məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdırmaq, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatları müstəsna hallarda həbsin tətbiqinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda vermək tövsiyə edilib.
Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar, bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.
Ali Məhkəməyə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etmək tapşırılıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini Ədliyyə Nazirliyinin və Baş Prokurorluğunun təklifləri əsasında həll etsin, məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması və təminatına dair Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın, ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov hesab edir ki, prezidentin sərəncamı tarixi əhəmiyyətə malikdir.
"Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddi qərarlar qəbul edib. Prezidentin ötən gün imzaladığı sərəncam həmin sənədlərin davamıdır. Hesab edirəm ki, sərəncam cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi addımdır”. 
S.Məmmədov vurğulayıb ki, prezidentin sərəncamı orada qeyd olunan sahələr üzrə çox ciddi dönüş yaradacaq: "Ədliyyə Nazirliyi ilə Avropa İttifaqının arasında layihə var və orada probasiya məsələləri qoyulub. Probasiya bizim üçün aktualdır. Avropada probasiya geniş tətbiq olunur. Bizdə də zaman-zaman probasiya elemenetləri olub. İndi görünür, alternativ cəza növlərinin tətbiqini ayrıca koordinasiya etmək lazımdır. Ümidvaram ki, probasiya xidmətində ictimaiyyət nümayəndələri ən azı müşahidəçi qismində təmsil olunacaq. Hesab edirəm ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrin yükünün azaldılması, həm dekriminallaşdırma, həm probasiya, həm də elektron nəzarət vasitələrinin tətbiqinə ehtiyac var. Bu aktual məsələdir. 
Elektron nəzarət dünyanın bir sıra ölkələrində tətbiq olunur. Məsələn, elektron brosletlər sistemi var. Bu vasitə ilə şəxsi nəzarət altında saxlamaq olur. Məqsəd odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yeni cinayət əməlləri törətməsin. 
Başqa bir məsələ cəzaların dekriminallaşdırılası ilə bağlıdır. Elə cəzalar var ki, onların dekriminallaşdırılmasına ehtiyac var. Sərəncamda da dekriminallaşdırma məsələsi qoyulub. Hesab edirəm ki, elə cəzalar var ki, onlar inzibati məsuliyyətlə, yaxud pul cəriməsi ilə əvəzlənə bilərsə, bununla bağlı təkliflər hazırlanıb təqdim olunmalıdır. Bunların hamısı vacib məsələdir”.
Komitə üzvü bildirib ki, sərəncamda əksini tapan digər bir vacib məsələ qətimkan tədbirləri ilə bağlıdır: "Prosessual məcburiyyət tədbiri kimi bizdə xeyli qətimkan tədbiri var. BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqət cəlb etmişdi. Bizim təşkilat da BMT-yə təqdim etdiyi alternativ hesabatda bunu bir problem kimi göstərmişdi. Eyni zamanda Ali Məhkəminin Plenumu məsələyə toxunmuşdu. Məhkəmə Hüquq Şurasının iclasları zamanı şura sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev dəfələrlə bununla bağlı mövqe ortaya qoyub. Bildirilib ki, bəzən Azərbaycanda inzibati rayonlar üzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz faiz təmin olunur. Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin seçilməsi məqsədəuyğun deyil. Çünki, insanların azadlıq hüququ pozulur. Bu Avropa Konvesiyasının beşinci maddəsinin pozulması deməkdir. Bununla bağlı Azərbaycanda bir sıra məhkəmə qərarları var ki, beşinci maddənin pozuntusu göstərilib. Ona görə də mümkün halda digər qətimkan prosessual məcburiyyət tədbirləri seçmək olar. Məsələn, başqa yerə getməmək, zaminliyə verilmək, pul girovu qoymaq və.s. Bu məsələ təbii olaraq ölkə başçısının diqqətini cəlb edib və sərəncama daxil edilib.
Növbəti məsələ ictimai işlərə cəlbetmədir. Azərbaycanda ictimai işlərə cəlbetmə cəza növü kimi qalsa da, formal xarakter daşıyır. Belə cəza növü təyin olunubsa, bunun üçün müvafiq iş yerləri olmalıdır ki, şəxslər gedib orada ictimai işləri yetirsinlər. Əks halda məhkəmələr tərəfindən verilən cəzalar havadan asılı qalır. Eyni zamanda məşğulluğun təmin olunması cəzaçəkmə müəssisələrində əmək islah prosesinin əsas tərkib hissələrindən biridir. Bu, Avropa penitensiar qaydalarında, BMT-nin minimal standart qaydalarında, bizim icra məcəlləsində göstərilib. SSRİ dövründə bu cəza islah əmək koloniyaları sistemi idi. Burada əmək istismar olunurdu. Məcburi əmək tətbiq olunurdu və hər bir məhkum işləməli idi. Bizim qanunvericilik bu münasibətdə liberaldır, yəni işləmək könüllüdür. Amma, könüllü işləmək istəyənlər üçün iş yerləri çox azdır. Cənab prezidentin sərəncamında istehsal sahələrin bərpa edilməsi məsələsi qoyulub”. 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır.
Komitə sədri qeyd edib ki, bu, müasir dövrün tələblərinə uyğun olaraq islahatların keyfiyyətcə yeni mərhələsidir: "Sərəncam həmçinin Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir”. 

Oxşar xəbərlər