20 Yanvarın 27-ci ili - qəhrəmanlıq salnaməsi

  • 20 yan 2017, 09:39

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycan xalqına qarşı terror aktı törətdi; Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş qırğına  gətirib çıxardı. 


1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı törədildi. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA” və SSRİ DTK-nın "A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində rəsmi rəqəmlərə görə, Bakıda 137 mülki vətəndaş öldürülmüş, 744 nəfər yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

Bu gün faciə ilə yanaşı qəhrəmanlıq salnaməsi sayılan 20 Yanvar hadisələrinin 27-ci ili tamam olur. 

Qanlı 20 Yanvar hər il Azərbaycanda ümumxalq hüzn günü olaraq qeyd olunur. Hər il olduğu kimi, bu gün də gün ərzində on minlərlə insan, o cümlədən ölkə prezidenti, dövlət və hökumət rəsmiləri, deputatlar, müxalifət partiyaları, diplomatik korpusun nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edəcəklər. 

Bu gün Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Yanvarın 20-də Bakı vaxtilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. 20 yanvar günü  ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
20 Yanvar hadisələri zamanı Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olmuş keçmiş prezident Ayaz Mütəllibov  modern.az saytına müsahibəsində qanlı hadisələr barədə açıqlamalar verib. 
A.Mütəllibov 20 Yanvar hadisələrinin qarşısının alınmasının mümkünlüyünü bildirib və alınmamasında o dövrkü müxalifəti günahlandırıb: "Mən o zaman Nazirlər Kabinetinin sədri vəzifəsində idim. Mənim tutduğum vəzifə isə siyasi vəzifə deyildi. Mən ölkənin sırf iqtisadi problemləri ilə məşğul olurdum. 20 yanvar olmaya da bilərdi, əgər radikal müxalifət Bakı qarnizonunun qarşısındakıları dağıtsaydı. Ancaq əks proses baş verirdi. Silahsız xalqı kazarmaların qarşısına göndərdilər. Mərkəzi Komitənin qarşısında da belə idi. Əfsus ki, nahaq yerə qan axdı.

 

Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi. Mərkəzi Komitə,  Nazirlər Kabineti, Bakı Komitəsinin binaları müxalifət tərəfindən zəbt olunmuşdu. Bunu Moskva Konstitusiya çevrilişi kimi qəbul edirdi. Beləliklə, müxalifət respublikanı zərbə altında qoymuşdu. Ölkəni Moskvadan gələn Primakovun rəhbərliyi ilə yüksək vəzifəli şəxslər idarə edirdilər. Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdı. 

Image result for Vəzirov

Ordunun Bakıya girəcəyi xəbərini AXC liderlərinə həmin bu qrup demişdi. Hətta Mərkəzi Komitənin qarşısındakı mitinq zamanı camaatın qarşısında çıxış edən Primakov etiraf etmişdi ki, qoşunlar Bakıya girəcək, dağılın! Bundan əlavə, Primakov və Moskvadan gələnlər AXC liderləri ilə görüşlərində də bunu vurğulamışdılar. Onlar xalqı Mərkəzi Komitənin qarşısından uzaqlaşdırmaq istəyirdilər. Müxalifət buna rədd cavabı vermişdi. Maraqlısı budur ki, Azərbaycan rəhbərliyinin bu danışıqlardan xəbəri 20 Yanvardan sonra oldu. Əbürrəhman Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi, ancaq inanmırdı. 16 yanvardan sonra ölkədə hakimiyyət AXC-nin və Moskvadan gələn qrupun əlində idi. İkincilər birinciləri idarə edirdilər". 

 

 

 

Xalq hərəkatının liderlərindən olmuş Etibar Məmmədov isə A.Mütəllibovu məsuliyyəti öz üzərindən atmaqda suçlayıb: "1990-cı ildən bu yana Ayaz Mütəllibov və o zaman onunla bərabər hakimiyyətdə olanlar məsuliyyətdən qaçmağa can atırlar. Bir şeyi başa düşmürlər ki, o zaman yüksək vəzifə tutan şəxslər xalqın həyatına,  təhlükəsizliyinə görə məsuliyyət daşıyırdılar. Bunlar məsuliyyətlərini dərk etməyərək həmin hadisələrin baş verməsində birbaşa məsuliyyətli olan şəxslərdir. Ayaz Mütəllibovun həmin hadisələrin baş verməsində  və rus qoşunlarının Bakıya dəvət edilməsində birbaşa məsuliyyəti var. Çirkab atmaqdansa, indiyə qədər bir suala cavab versin ki, nəyə görə o, Moskvaya teleqramla müraciət edib və Azərbaycana qoşun dəvət edənlərin siyahısında olub? İndiyə kimi bu suala cavab verməyib. Ona görə də o suala cavab verməyən, o zaman hökumətdə vəzifə tutan və vəzifə borcuna görə də xalqın təhlükəsizliyini təmin etməyə borclu olan bir adamın indi nə mənəvi, nə də siyasi hüququ var ki,  başqalarını ittiham etsin. Qoşun göndərilməsi üçün Moskvaya Artur RasiZadə də, Əbdürrəhman Vəzirov da, Ayaz Mütəllibov da teleqram vurub. Hətta Mərkəzi Komitənin də, Nazirlər Kabinetinin də adından teleqram vurublar. Bunların hamısı faktdır. İstintaq materiallarında var. Ayaz Mütəllibov heç olmasa, özündə bir cürət tapıb uzun illərdən sonra məsuliyyəti etiraf etsin”.

 


Etibar SEYİDAĞA
Oxşar xəbərlər