ADAU-da “Oxuyan gənclik-sərbəst kitabxana”

  • 16 yan 2017, 19:25


Azərbaycan Dövlət Aqrar Universitetində daha bir dəyərli layihəyə start verilib. "Oxuyan gənclik-sərbəst kitabxana” adlanan bu layihədə məqsəd  kitabın xeyri nədir sualına dolğun və inandırıcı cavab tapmaq və onu sevdirməkdir. Son zamanlar kitaba olan marağın artırılması məqsədilə reallaşan layihə əslində milli-mənəvi kamilliyin də güclənməsini təmin edir.

ADAU-nun mətbuat xidməti bildirir ki, bu məsələ təhsil müəssisənin müəllim-tələbə heyəti tərəfindən dəfələrlə müzakirə edilib və sonda belə bir layihəyə start verilib. Layihənin icrası da ilk günlərdən diqqəti cəlb edib. Artıq universitetin kitabxanalarında yüzlərlə tələbə və müəllim toplaşıb. Universitetin məzunları Nurəddin Rəhimlinin və Fərrux Rəhimovun gercəkləşdirdiyi layihə  ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolunun əvəzsizliyini bir daha isbatlayır. Eyni zamanda kitab xalqın mənəvi sərvətidir, onun tarixidir və bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynamasında da əvəzsizdir. Üstəlik həmin kitabxanalar sərbəst və günün istənilən vaxtında istifadəsi mümkün olduqda bu dəyər ikiqat artır. Kitabdan istifadənin bu cür sərbəstliyi tələbələrin də maraq dünyasını zənginləşdirir. Onlar istifadə etdikləri kitabları asanlıqla dəyişmək imkanı əldə edirlər. Bunun üçün də  universitetin tədris korpuslarının və tələbə evinin həyətində sərbəst kitab rəfləri quraşdırılıb, bu rəflər kitab oxumaq istəyən hər kəsə xidmət göstərir.

Aqrar iqtisadiyyat fakültəsinin həyətində quraşdırılan kitab rəfinin ətrafında toplanan tələbələr də bu işin maraqla qarşılandığından xəbər verir.  Onların hər biri kitab oxumağın faydası haqqında fikir söyləyir. Tələbələr hesab edir ki, kitab oxumaq dünya görüşünü, həyata baxışı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrədir. Yeni fikirlər, məlumatlar qazanılır, yeni sözlər öyrənilir. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazaları artır. Fikirlərini yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirlər.

Tələbələr kitab rəfinə qoyduqları kitaba bəzi tövsiyyələr də yazırlar.

Demokratik.Az

Oxşar xəbərlər