Elmar Vəliyev və komandası vəlvələyə düşüb - Gəncə İHB-də "XAOS"

  • 02 yan 2017, 19:57

2017-ci ilin gəlişi hakimiyyət daxilində yeni siyasi gəlişmələr doğurub. "Demokratik.Az”-a məlumatlı mənbədən daxil olan xəbərə görə, "XORUZ” ilində ölkəmizdə iqtidar-əhali münasibətlərində dərin uçurumlara yol açan bir sıra icra başçıları kürsüdən alınacaq və "vurulan başçılar” barədə artıq müvafiq dosye-qovluq da hazırlanıb və prezidentə təqdim edilib.

Görünür, Prezident İlham Əliyevin öz çıxışlarında komandasındakı problemlərdən açıq danışması da "biz hakimiyyət üçün çox vacibik” düşüncəsində olan bir sıra icra başçılarının cəzalandırılacağına işarə olub. Artıq cəza tədbirlərinin zamanı yetişib.

"Demokratik.Az”-a verilən məlumata görə, özbaşınalığının çərçivəsi Gəncəyə sığmayan, idarəçiliyi yalnızca prezident administrasiyasına deyil, ayrı-ayrı oliqarx marağına da söykənən icra başçılarından biri Elmar Vəliyevdir. Məlumata görə, qərb bölgəsinə qeyri-rəsmi qubernatorluq edən bu məmurun çp-ləri həddini aşıb və bağışlanması mümkün olmayacaq qədər ciddiləşib. Məlumata görə, ölkə çapında sakinlər tərəfindən prezidentə ünvanlanan müxtəlif səpkili əsaslı şikayətlərin çoxu məhz Elmar Vəliyevə aiddir. Nə qədər prezident səviyyəsində nəzarət olsa da, bu məmur artıq islaholunmaz həddə korlanıb. Ona görə də hakimiyyət kluarlarında Elmar Vəliyevin vəzifəsini itirməsi məsələsi gündəmdədir.

Elmar Vəliyev karyerasını bitirəcək son şikayət

"Demokratik.Az”-ı məlumatlandıran rəsmi mənbəmizin bildirdiyinə görə, yeni il ərəfəsində PA-ya ən tükürpədici şikayət Gəncə sakini tərəfindən daxil olub. Elektron KİV-lərdə də ictimailəşdirilən həmin ərizədə şikayətçi Qalib Əhmədovun Elmar Vəliyevə qarşı şok iddiaları yer alıb və qalmaqal yaradıb. Şikayətçi prezidentə müraciətində yazıb ki, ailəsilə birgə 20 ildən artıq yaşadığı mülkü icra başçısının göstərişi ilə xüsusi amansızlıqla dağıdılıb. Hadisə zamanı 11 yaşlı qızı Almaz xəsarət alıb, sonradan nitqində qüsur yaranıb. Həyat yoldaşı Nairə Əhmədova isə hadisədən şoka düşüb və qan təzyiqi xəstəliyinə tutulub. Lakin məktubda yer alan əsas məqam bunlar olub. SİTAT:"Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində iş düzələtmək adı ilə "girov” saxlayıb, amma heç bir işlə təmin etməyib. Sonradan məlum oldu ki, Elmar Vəliyevin qızımla bağlı çirkin niyyətləri olub. O, qızıma dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təklifləri edib. Bundan sonra qızım bu təklifləri rədd edərək işə getməkdən imtina edib”. -sitatın sonu...

Gəncə İcra Hakimiyyəti "Azvision.Az”-da şikayətə adekvat cavab verməyə çalışıb. Təkzib verib.

Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən xəbərdə bildirilib ki, həmin ailəyə hansı köməkliklərin olunması barədə dəfələrlə KİV-lərə açıqlamalar verilib: Təkzibdən sitat: "Bir daha bildiririk ki, Əhmədov Qalib Hamlet oğlu 1967-ci ildə anadan olmuş, ali təhsillidir, ixtisasca tarix müəllimidir, ailəlidir, dörd övladı var. O, öz ixtisası üzrə işləməyib,1983-cü ildən 2003-cü ilədək keçmiş Yağ-Piy kombinatında tornaçı işləyib. Gəncə Şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 14 avqust 2015-ci il tarixdən Gəncə şəhər "Park-Xiyaban” İstismar və Mühafizə İdarəsində təsərrüfat müdiri vəzifəsində işlə təmin edilib.

Qeyd olunub ki, Q.Əhmədov qardaşına məxsus Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, bina 32, mənzil 12-də qeydiyyatda olmaqla, Əhməd Cəmil küçəsi, 87 nömrəli ünvanda zəbt edilmiş torpaq sahəsində 62 kv.m ümumi sahəsi olan qeyri-qanuni fərdi yaşayış evi inşa etdirməklə yaşayıb: " Şəhərdə həmin ərazidə aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar tikinti norma və qaydalarına cavab verməyən tikililər, o cümlədən Q.Əhmədova məxsus yaşayış evi də onun öz razılığı əsasında sökülüb. Aparılan danışıqların nəticəsinə görə o, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2015-ci il tarixli 763 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 239 nömrəli ünvanda yerləşən 4-cü girişin 3-cü mərtəbəsində yaşayış sahəsi 74,75 kv.m, ümumi sahəsi 100,0 kv.m, olan 4 otaqlı, təmirli, mənzillə təmin olunub. Eyni zamanda Q.Əhəmədova Gəncə şəhəri, Kəpəz rayonu Fikrət Əmirov küçəsi 16 və 18 nömrəli yaşayışbinalarının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m torpaq sahəsi ayrılıb və 10,0 min manat məbləğində vəsaitlə köməklik göstərilib. Hal-hazırda Q. Əhmədovun yaşadığı mənzil işıq, qaz və su ilə təmin edilir.

Q.Əhmədov dəfələrlə qızı Qalibə Əhmədovanın dövlət qulluğunda hər hansı bir işlə təmin edilməsini xahiş edib: " Lakin, onun qızına və eləcə də atasına dövlət qulluğuna qəbul qaydaları izah edilib. Qızı ilə heç bir əmək müqaviləsi bağlanmayıb və o, şəhər icra hakimiyyətində işləməyib. Bununla yanaşı, Q.Əhmədovun Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan Qalibə və Nərmin Qalib qızlarının illik təhsil haqqları (3000 azn) ödənilib”. -sitatın sonu

Elmar Vəliyevin mövqeyini ifadə edən təkzibdə o da deyilirdi ki, sifarişlə yanlış fikir formalaşdırmaq istəyən Q.Əhmədov və onun havadarları bu əməllərindən əl çəkməzlərsə qanun qarşısında cavab verməli olacaqlar”.

Qalib Əhmədov: "Davam namus davasıdır!"

Bildirək ki, Qalib Əhmədov hələ də öz iddiasında qalır və Gəncə İHB-nin mətbuata təkzibedici açıqlamasını qəbul etməyib. Şikayətçi Vəliyevin qorxusundan Bakıya sığınıb. Özünün bildirdiyinə görə, onun davası ev-mülk davası deyil, qızına İHB-də 6 ay "uzanan” naməhrəm əlin, çirkin niyyət sahibinin cəzalandırılmasıdır. Bundan başqa, şikayətçinin yeni iddiasına görə, Elmar Vəliyev müxtəlif məmurlar vasitəsilə ondan geri addım atmağı xahiş edib. Barışıq təklif edib. Lakin Prezident cənab İlham Əliyevin ədalətinə sığındığını və yalnız ona güvəndiyini deyən Q. Əhmədov icra başçısının qanun və prezident qarşısında cavab verməli olduğunu dilə gətirib.

 

 

Ailə şəklindən də göründüyü kimi, xəcalətindən əzab çəkən ana və yaxud da ata öz qızlarına yaraşmayan bir iftira atacaq qədər vicdansızlara bənzəmirlər. Uçurulan mülklə bağlı problem isə artıq bəllidir.  

 

"Demokratik.Az”-ı məlumatlandıran mənbə bildirir ki, bu müracət PA rəsmiləri tərəfindən ciddi araşdırılır və şikayətçinin ərizəsi yeni ilin ilk günlərində cavablandırılacaq. Bunun üçün ilk iş günündə Elmar Vəliyevin izahat üçün Prezident Aparatına çağrıldığı bildirilir. Qalib Əhmədovun şikayəti əsas götürülərək Elmar Vəliyevin postundan kənarlaşdırılacağı da istisna deyil. Hazırda baş verənlər Gəncə İcra Hakimiyyətində XAOS-a səbəb olub. Sonda ölkə rəhbərliyinin Elmar Vəliyevlə bağlı verəcəyi qərar tək özünü deyil, onu dəstəkləyən iri məmurları da vəlvələyə salıb...

Adıçəkilən hamının saytımızda söz haqqı var!

Demokratik.Az

 

Oxşar xəbərlər