Elmar Vəliyevin "torpaq baronu" komandiri döydü?

  • 25 dek 2016, 00:47

MƏHARƏT MUSTAFAYEV GÜCÜNÜ KOMANDİRƏ DƏ SINADI

(24/12/2016-16:25)

Demokratik.Az-a etibarlı mənbə tərəfindən ŞOK məlumat daxil olub. Məlumata əsasən, ötən gün Gəncədə "torpaq baronu" kimi məşhurlaşan, Elmar Vəliyevin himayədarlıq etdiyi sabiq icra başçısı Məharət Mustafayev hərbi hissə komandirlərindən birini döyüb. Hadisəyə səbəb isə, qalmaqallı və yarıtmaz məmurun qeyri-qanuni yolla hərbi hissənin torpaqlarını dəllalları vasitəsi ilə müxtəlif adamlara satması olub. Hərbi hissə komandirinin isə öz növbəsində Məharət Mustafayevdən hesabat tələb edərək, HH-nin (MN-in-D.A) mülkiyyətində olan torpaq sahəsinin satışını təcili dayandırmağı tələb etməsi tərəflər arsında "kriminal razborka"-ya səbəb olub. Nəticədə ötən gün başının dəstəsi ilə hərbi hissənin önünə gələn Mustafayev komandiri yanına çağırtdırıb və HH-nin ərazisində reallaşan mübahisə əlbəyaxa davaya çevrilib. Demokratik.Az-a verilən məlumata görə, M.Mustafayev və onun qoçu dəstəsi komandiri və bir neçə hərbçini döyməyə müvəffəq olublar. Olayla bağlı Müdafiə Naziri cənab Zakir Həsənova, aidiyyatı hüquq mühafizə orqanlarına, nazirliklərə də məruzə olunub. Komandir də olmaqla, döyülənlərin bir neçəsinin xəstəxanada stasionar müalicə aldığı bildirilir.

Xatırladaq ki, bu hadisə küçə döyüşçüsü kimi də məharətli olan sabiq icra başçısının ilk əməli deyil. O daha əvvəllər də analoji hadisələrlə ölkənin gündəmini zəpt edirdi. İndiki məqamda isə, ölkə başçısı cənab İlham Əliyevin şəxsi göstərişi ilə vəzifəsindən qovulan birisinin hələ də Gəncədə qanunsuz torpaq satmaqla məşğul olması başadüşülən deyil. Bu gün Gəncədə baş verənlərdən belə anlamaq olar ki, icra başçıları sırasında prezident cənab İlham Əliyevin ən etibarlı kadrı hesab edilən Elmar Vəliyev yazılan və yazılmayan bütün qayda-qanunları heçə sayır, öz şəxsi maraqlarını, Məharət Mustafayev kimiləri ilə zəruri dostluq münasibətlərini öndə tutur. Əgər belə olmasa idi, sizcə öz qeyri-etik davranışları ilə Gəncə ş. Nizami rayon İHB başçısı vəzifəsindən illər öncə qovulmuş biri yenidən mühüm vəzifəyə təyin olunardımı? Sizcə belə olmasaydı, prezidentin etimadına dönük çıxmış Məharət Mustafayev hələ də Gəncədə at oynadardımı? Hadisənin məhz Prezident cənab İlham Əliyevin ad gününə təsadüf etməsi də təsadüfə oxşamır...

-Zakir Həsənovla Elmar Vəliyev arasında baş tutan telefon danışığı olayı hansı məcraya yönəldib? (mövzu diqqətimizdədir)

////////////////////////////////////////


Demokratik.Az-ın əməkdaşları sözügüdən olayla bağlı araşdırma aparıb və dəhşətli faktlar üzə çıxarıb. Hadisə yerində olan və ərazidəki insanları dindirən jurnalistimizin topladığı məlumata görə, Məharət Mustafayevin başçılıq etdiyi "qoçu dəstə" Gəncənin "N" saylı Hərbi Hissəsinin zabitləri - mayor Füzuli Nəbiyevi və zabit Bəkir Bəkirli Müdafiə Nazirliyinin nəzdində olan Gəncə Avtomobil Təmiri Zavodunda döyərək xəstəxanalıq ediblər. Hadisədən dərhal sonra döyülən şəxslər tərəfindən ərazi polis bölməsinə şikayət olunub. Dərhal Müdafiə Nazirliyinə, Daxili İşlər və Baş Prokurorluğa məlumat verilib. Hadisədən xəbər tutan şəhər İHB başçısı Elmar Vəliyev isə vəzifəli şəxslərlə əlaqə yaradaraq hadisənin mahiyyətini dəyişməyə çalışıb. Məharət Mustafayevin müdafiəsinə qalxan icra başçısı DYP rəisinə göstəriş verərək hərbi hissənin ərazisində olan bir neçə hərbi yük maşınını zorla cərimə meydançasına saldırıb. Etibarlı mənbədən verilən məlumata görə, Elmar Vəliyev çətin vəziyyətdən qurtulmaq üçün ölkənin baş hərbi prokurorundan-qardaşı Xanlar Vəliyevdən də kömək istəyib. Bildirilir ki, artıq "qurtuluş ssenarisi" də hazırlanıb. Döyülən hərbçilərin Avtomobil Təmiri Zavodundan qanunsuz satış məqsədilə tonlarla metal çıxarmağa cəhd etdikləri iddia olunub. Müdafiə Naziri Zakir Həsənov isə hələlik neytral mövqedə dayanır. Məharət Mustafayevə gəlincə, o da bildirilir ki, sabiq icra başçısı son zamanlar kriminal ünsürlərlə geniş əlaqələr yaradıb. Deyilənlərə inansaq, cənab Mustafayev "Ramada - OTEL"də mütamadi "sxodka"lar keçirir. Məharət Mustafayevin həyat yoluna nəzər salarkən, onun 1998-2000-ci illərdə də "qorxulu isim" olduğu qənaətinə gələ bilirik. Həmin vaxtlarda Gəncəyə qan udduran sabiq polis rəisi Natiq Əfəndiyevlə və Goranboya ağalıq edən Ağa və Rasim Əkbərovlarla sıx əlaqələri onun dünənindən bugününə boylanan kriminal kadrlardır. Görünür, kriminallıq M.Mustafayevin canından çıxası deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Demokratik.Az  

Oxşar xəbərlər