YAP funksionerinin dediklərinin Kəmaləddin Heydərova dəxli vardımı?

  • 17 dek 2016, 14:27

Son iki gündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov medianın gündəmindən düşmür. Doğrudur, fövqəladə halla naziri hakimiyyət komandasında mətbuatın daimi diqqətdə saxladığı məmurlardandır. Lakin maliyyə böhranı başlayandan sonra Kəmaləddin Heydərov haqqında materiallar da tədricən səngimişdi. Fövqəladə hallar nazirinə yenidən aşırı diqqət yetirilməsi hakimiyyət daxilində hansısa proseslərin baş verdiyi ehtimalını artırır. Hökumətə yaxınlığı ilə seçilən media orqanlarının Kəmaləddin Heydərov barədə yayılan məlumatları həvəslə "copy-paste” edib tirajlaması bu ehtimalı bir qədər də gücləndirir. Medianın Kəmaləddin Heydərovun villalarından, şirkətlərindən "xəbər tutmasından” əvvəl isə Milli Məclisin iclaslarında fövqəlnazirə dolayısı ilə xəbərdarlıq edilmişdi. Lakin bu nüans mətbuatın diqqətdən qaçmışdı. Biz fövqəladə hallar nazirinə yaxınlığı ilə seçilən deputat Qüdrət Həsənquliyevə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun cavabını nəzərdə tuturuq. YAP-çi deputat həmkarının hökuməti tənqid etməsinə irad tutaraq bildirmişdi: "Höküməti tənqid edirsiz, lakin burada əmək və əhalisinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiz. Nəzər alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır”. Siyavuş Novruzovun məhz əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adını çəkməsi təsadüfi deyil. Səlim Müslümov Kəmaləddin Heydərova yaxın şəxs kimi tanınır. Əgər Siyavuş Novruzovun dedikləri doğrudursa, Qüdrət Həsənquliyev bu fakta görə onu digər hökumət nümayəndələrindən ayırıb. YAP-çı deputat bu fikirləri ilə əslində Qüdrət Həsənquliyevin qrup maraqlarından çıxış etdiyinə irad bildirib. Bu, Kəmaləddin Heydərova YAP-ın xəbərdarlığı kimi də qiymətləndirilə bilər. Təbii ki, Siyavuş Novruzov səviyyəsində yox. YAP-çı deputat burada sadəcə xəbərdarlığı çatdıran şəxs rolunda çıxış edir. Maraqlıdır ki, Kəmaləddin Heydərov bu olaydan sonra medianın gündəminə gəlib. Bəzi ehtimallara görə, baş verənlər hakimiyyət daxilində qurulacaq yeni konfiqurasiya ilə bağlıdır. Yeni düzəndə Kəmaləddin Heydərov əvvəlki nüfuzunu saxlamağa çalışır. Bu isə rəqib qurplaşmalar tərəfindən qəbul edilmir.

Oxşar xəbərlər