Şeyxulislamın Gəncədəki nümayəndəsi "təhlükədə" - Elmar Vəliyev Hacı Tahiri niyə və necə"vurdu"?

  • 14 noy 2016, 09:00

 

Gəncənin icra başçısı son günlər daha bir qalmaqala imza atıb. Belə ki, Elmar Vəliyev Gəncə İmamzadə Ziyarətgah Kompleksinə və şəxsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasova qarşı "hücuma" keçib. Noyabrın 11 -də onun tapşırığı ilə Gəncə şəhər Baş Polis İdarəsi "İmamzadə" kompleksində əməliyat keçirib. Nəticədə din xadiminin səhhətində ciddi problemlər yaranıb, İmamzadənin əməkdaşları Elbrus Məmmədov və İlham Abbasov isə 15 sutqalıq həbsə məhkum olunub. Lakin ertəsi gün qərar dəyişdirilib, İlham Abbasov sərbəst buraxılmaqla E.Məmmədov iki sutqa cəza alıb. İmamzadənin idarə olunması isə Elmar Vəliyevin diqtəsi ilə Namiq Həsən oğlu Allahverdiyevə tapşırılıb.

Demokratik.Az bildirir ki, olay ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta mətbuat da çaşqınlıq içindədir. Olayın əsl mahiyyətini anlamaq müşkülə dönüşüb. Amma görünən odur ki, baş verənlərin kökündə Elmar Vəliyevin Tahir Abbasova qarşı köhnə ədavəti dayanır. Bəs ədavət varsa, bunun səbəbi nədir ???...


 

Şeyxulislamın Gəncədəki nümayəndəsi "təhlükədə" 

Bildirim ki, hadisə barədə ilk məlumatı Xural.com saytı yayıb. Jurnalistin suallarını cavablandıran Hacı Tahir Abbasov hadisəni təsdiq edib və tükürpədici fikirlərlə diqqət çəkib. O bildirib ki, " Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. "AŞURA" günündə İmamzadədə prezidentin ünvanına dediyim xoş sözlərdən sonra mənə bütpərəst dedi, məni hədəfə götürdü...,məni həbs etdirəcəyi ilə hədələyir. Əynimdə kəfən var, kəfənimi geyindimsə, bu yolda sonuna qədər varam ..."

Xatırlatmaq lazımdır ki, əslində Elmar Vəliyev Gəncəyə gəlişindən bu yana Gəncə ruhanisini öz "qara siyahı"sına yazıb. Hətta bu hadisə hələ 2013-cü ildə "20 yanvar tədbiri"ndə yaşananların təkrarıdır. Elə həmin tədbirdə də Elmar Vəliyev Hacı Tahirə qarşı təhqiramiz ifadələr işlətmişdi və olay beləcə böyümüşdü. Yəni başçı və ruhani arasında alovlanan münaqişə illərdən bəri müşahidə olunandır.

"İriçaplı" saytın iriçaplı yalanı    

Olayın əsas mahiyyətini bilərəkdən sapdırmaqla məşğul olan saytlardan biri isə olaya qəribə don geyindirib. Daha doğrusu, baş verənlərdə birbaşa Hacı Tahir Qarabağini suçlamağa üstünlük verib. Adını çəkmədiyim saytın yazdığına görə, İmamzadənin ərazisində inşa olunan körpünün tikintisində çalışan fəhlələrə İH tərəfindən pulsuz olaraq gundə 3 dəfə kalorili nahar etmək ücün yer ayrılıb. Eləcə də bu məqsədlə hər gün 2 quzu icra hakimiyyəti tərəfindən pulsuz olaraq işçilərə göndərilib. İddialara görə, Hacı Tahir dəfələrlə həmin quzuları kəsdirib kilosunu 3 manata Samux yolundakı qəssabxanaya satdırıb. Əziz oxucu! Nə qədər insaf-vicdanını unudasan ki, din xadiminə belə ucuz iftira atasan. Həm də bu "yeyilən" quzuların sahibinin Elmar Vəliyev olduğunu unudasan. Axı Gəncədə hamı bilir ki, ibtidai məsələlərdə belə, Elmar Vəliyevi aldatmaq mümkünsüzdür. Şəhərdə görülən hər işi incəliklərinədək nəzarətində saxlayan və günaşırı İmamzadəyə gedib, ətrafındakı işlərlə şəxsən tanış olan Elmar Vəliyevin "quzularını" yemək versiyası cəfəngiyyatdır. Digər tərəfdən, hamı bilir ki, Tahir Abbasovun maddi durumu o dərəcədə acınacaqlı deyildi ki, fəhlələri "ac qoyub" quzu satmaqla 50-100 manata göz diksin. Bu versiyanın haradan və necə doğması isə yəqin ki, hər kəsə aydın oldu.


 

Hacı Tahir niyə və necə "vuruldu"

Demokratik.Az-ın əldə etdiyi məlumata əsasən, Elmar Vəliyevin bu addımı gözlənilən olub. Şeyxülislamın ölkədə olmaması isə icra başçısını qəfil hərəkətə gətirib. Həmin ərəfədə QMİ sədri və Dini Qurumlarla İşlər Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Madridə (İspaniya) dini konfransa səfər edib. Məlumata görə, hadisədən sonra Bakıya yollanan Hacı Tahir Qarabaği QMİ sədri Allahşükür Paşazadəyə zəruri açıqlamalar vermək üçün onu gözləyib. Artıq hər kəs məslədən halidir. Adıçəkilən dini səlahiyyət sahibləri isə baş verənlərdə Elmar Vəliyevi qınayır. Mübariz Qurbanlı da işə qarışıb. Bundan sonra hansı addımların atılacağı, nəticə isə sual olaraq qalır. Onu da deyim ki, hadisənin "AŞURA" ya təsadüf etməsi də qalmaqala yol açan özəl səbəblərdən biri-birincisidir...



 

(mövzu diqqətimizdədir)

Osman Nərimanoğlu

 

Adıçəkilən hər kəsin söz haqqına sayqı ilə yanaşırıq...

Demokratik.Az

 


Oxşar xəbərlər