“Yanğının səbəbi məlum olmadan məni həbs etmək göstərişini MTN-ə kim vermişdi?”

  • 01 noy 2016, 17:23
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. 

Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən zərərçəkmiş şəxs qismində Lalə Hüseynova ifadə verib. O, yanğın baş verən zaman evdə olmadığını, mənzilin boş olduğunu, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hakim bildirib ki, zərərçəkmiş şəxslərdən Alimə Kişiyeva, Mirnizam Həbibov və Toğrul Bağırov ölkə xaricindədirlər. Digər zərərçəkmişlər  - Ülvi Hüseynov və Xəyyam Babayev isə məhkəməyə teleqram vuraraq istintaqa verdikləri ifadələrini təqdiqlədiyini bildiriblər. Vəkillər zərərçəkmiş Xəyyam Babayevin məhkəmədə dindirilməsinin vacibliyini bildiriblər. Adıçəkilən şəxsin MTN əməkdaşı olduğunu qeyd ediblər.

Bundan sonra Miryusif Mahmudov MTN əməkdaşlarının məhkəmədə dindirilməsini istəyib: "Mən xahiş edirəm, heç bir sanksiyasız, ordersiz mənim ofisimi dağıdanları, darmadağın edənləri çağırıb məhkəmədə dindirəsiniz. Axı onlara kim icazə vermişdi? Yanğının səbəbi məlum olmadan məni həbs etmək göstərişini onlara kim vermişdi?"

Hakim təqsiləndirilən şəxsə bu məsələ ilə bağlı vəsatət qaldırmağı bildirib.

Məhkəmə prosesi noyabrın 3-də davam edəcək.

Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
 
Demokratik.Az

Oxşar xəbərlər