Hakim Konstitusiyaya və mediaya hörmətsizlik etdi

  • 19 okt 2016, 08:26
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyev jurnalistlərin məhkəmə prosesində iştirakına icazə verməyib və bunun üçün "redaksiya tapşırığı” təqdim edilməsini istəyib. Məhkəmə prosesi dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə olub və açıq keçirilib. Ancaq hakim  bəhs etdiyi «redaksiya tapşırığı»nın nə olduğunu deməyib. Jurnalistlərin sualına cavab olaraq isə "əgər siz «redaksiya tapşırığı»nın nə olduğunu bilmirsinizsə, sizin jurnalistliyinizə şübhə ilə yanaşıram" - deməklə kifayətlənib. 
Qeyd edək ki, qanunvericiliyin tələbinə görə, açıq məhkəmə prosesində nəinki jurnalistlər, hətta istənilən vətəndaş şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə iştirak edə bilər. 

Ələsgər Məmmədli: "Hakim səlahiyyətləri aşaraq informasiya üzərinə qanunsuz məhdudiyyət tətbiq edib”

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli hakimin dediklərini Bizimyol.info saytına şərh edərkən bildirib ki, qanunvericilikdə "redaksiya tapşırığı” ilə bağlı heç bir müddəa yoxdur. "Bu, çox mənfi tendensiyadır. Getdikcə nəinki məmurlar, eyni zamanda ədaləti qorumalı olan hakimlər də jurnalistlərin işinə problem yaratmaq üçün nə mümkün deyilsə, onu etməyə çalışırlar. Konkret bu halda da hüquqda mümkün olmayan bir şeyi praktika olaraq ortaya çıxarıblar. Əslində qanunvericiliyi qorumaq hakimin vəzifəsidir. Konstitusiyanın 71-ci maddəsində açıq şəkildə bi müddəa var ki, təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə olan halda, "Məlumat azadlığı haqqında” qanunun 6-cı, həmçinin  "KİV haqqında” qanununun 8-ci maddəsinə əsasən, açıq məhkəmə iclasından hər hansı bir məhdudiyyət olmadan jurnalistlərin informasiya almasına təminat verir. Bunun məhdudlaşdırılması birmənalı olaraq qanunsuzdur və Konstitusiyanın 50-ci (Məlumat azadlığı) maddəsinə ziddir”.
Ələsgər Məmmədli bildirir ki, qanunsuz olaraq informasiya almağı məhdudlaşdırdığına görə jurnalistlərin hakim barəsində məhkəmədə iddia qaldırmaq hüququ var. "Ən azından inzibati qaydada, əgər hakimin bu hərəkətinə görə ziyan çəkibsə, jurnalist həm də mülki qaydada məhkəmədə iddia qaldıra bilər. Çünki heç bir qanunvericilikdə hakimin "redaksiya tapşırığı” tələb etməsi ilə bağlı müddəa yer almayıb. Yəni bu halda, hakim ona aid olan səlahiyyətləri aşaraq informasiya üzərinə qanunsuz məhdudiyyət tətbiq edib”. 

Qulu Məhərrəmli: "Hakimlər heç bir jurnalistə dərs keçməli deyil”

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, professor, media eksperti Qullu Məhərrəmli Bizimyol.info şərhində bildirib ki, jurnalistlərin məhkəmə proseslərinə buraxılmaması çox pis təcrübədir. "Mənim barəmdə də iddia qaldırıldığı üçün hazırda Yasamal rayon məhkəməsində "təcrübə” keçirəm. Əlbəttə ki, jurnalistlər məhkəməyə qatılmalıdır. Əgər qanunvericilikdə nəzərdə tutulmuş hallarda məhkəmə prosesi qapalı elan edilibsə, jurnalistin məhkəmədə iştirakı məhdudlaşdırıla bilər. Amma əgər açıq məhkəmə prosesidirsə, bu halda jurnalistə qadağa qoyula bilməz”.
Hakimin "redkasiya tapşırığı” barədə tələbinə gəlincə, Qulu Məhərrəmli bildirib ki, jurnalist istər məhkəməyə, istər də başqa yerə yazı dalınca gedərkən redaksiya tərəfindən ona tapşırıq verilir. "Amma heç bir jurnalistə yazılı şəkildə "redaksiya tapşırığı” verilmir. Ümumiyyətlə, bu məsələdə hakimin yanaşması yanlışdır. Ona görə də bu əsasla jurnalistlərin zaldan çıxarılması, onların informasiya almaq hüqununun məhdudlaşdırılmasıdır. Bu yolverilmzədir və hakimlər heç bir jurnalistə dərs keçməli deyil. Hakim "əgər siz redaksiya tapşırığının nə olduğunu bilmirsinizsə, sizin jurnalistliyinizə şübhə ilə yanaşıram” deyərək jurnalistə dərs keçməkdənsə, qanunlara əməl etsinlər,  ədalətli olsunlar və qərar çıxarkən sifarişli deyil, qanunun və vicdanlarının səsi ilə hərəkət etsinlər”.
Professor bildirir ki, jurnalistikırin ən aşağı kateqoriyaya salınması çox acınacaqlı haldır. "Hesab edirəm ki, bununla bağlı jurnalist təşkilatlarının mövqeyi olmalıdır. Jurnalistlərlə bu cür davranış yolverilməzdir” - deyə Q.Məhərrəmli bildirib.   
Jurnalistlərin müəyyən məhkəmə proseslərində iştirak etməməsinin hakimlər üçün hansı maraqdan irəli gəldiyini deyə bilmərik. Ancaq bu cür hal bir müddət əvvəl də yaşanıb. Dövlət qurumlarından birinin vəzifəli şəxslərinin məhkəmə prosesi başlanan zaman məhkəmədən jurnalistlərə iclasın təxirə salınması və bir gün sonraya təyin edilməsi barədə məlimat verilib. Ancaq bir neçə saat sonra məlum olub ki, əslində, həmin vaxt proses baş tutub və təqsirləndirilən şəxslər şərti cəza ilə zaldan azadlığa buraxılıblar. 
Bu cür proseslərin jurnalistlər tərəfindən izlənilməsinin hakimlər tərəfindən arzuolunan olmaması isə qanunda nəzərdə tutulmayan hallar olması ehtimalını yaradır.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər