Yevlax "qaraçıları" nın problemləri var

  • 05 okt 2016, 21:22
Yevlax "qaraçılar" kimi tanınan köçəri tayfanın kompakt yaşadığı ərazilərdən biridir. Bu tayfa Kürün sahillərinə doğru, "plan" adlanan küçələrin aşağı hissələrində məskunlaşıb.

Bəzi tarixi məlumatlara görə bu tayfa Yevlax ərazisinə XX əsrin 50-60-cı illərində Qazaxıstandan köçürülüb. Rəsmi məlumatlara əsasən Yevlaxda sakinlərin sayı təxminən 2500-dir.

Onların bəziləri qeydiyyatdan keçmədiyi üçün şəxsiyyət vəsiqəsi olmadan yaşayır.
Yevlaxın bu köçəri sakinləri üzləşdikləri çətinliklərlə bağlı BBC Azərbaycancaya danışıblar.
Azərbaycanda bu tayfanın hüquqlarını qoruyan xüsusi bir icma yoxdur. Özləri haqqında danışmağa maraqlı olmasalar da yaşadıqları şərait, yoxsulluq onları şikayət etməyə vadar edir.

Belə ki, Kürün sahilində məskunlaşan bu köçəri sakinlər ətrafdakıların onlara ilk öncə əyləncə vasitəsi kimi baxmaqlarından, "qaraçı" adlandırılıb təhqir olunmalarından gileylənirlər.

Sakinlərin bildirdiyinə görə övladlarını məktəbə göndərməkdə çətinlik çəkirlər. Onlar "qaraçı" adlandırıldıqlarına görə narahatdırlar.

67 yaşlı Aişə Bukavadze deyir iki övladı şəraitsizlikdən yatağa düşüb, indi Yevlax xəstəxanasında yatırlar. Özünün də dolanışığı yoxdur, elə gün olur "yemək üçün qonşulardan kömək istəyirəm".

"Bu qaranlıq, döşəməsiz daxmada, torpağın üzərində yaşayıram. Qaz yoxdur. Yağış yağanda evimə damır. Mənə kömək lazımdır", Bukavadze deyir.

39 yaşlı Zemfira Nadirovanın üç övladı var. Həyat yoldaşı həbs olunub. Öz evi olmadığından bacısının evində məskunlaşıb. Dediyinə görə, övladları 10 gündür qızdırma içində yatır. Amma sosial yardım ala bilmir ki, onları müalicə etsin.

"Ayrı vaxtda "voenkomatdan" qapımızı döyürlər ki, "oğlunu ver, əsgər aparırıq". Amma sosialdan kömək etmirlər bizə. Bəs nə ilə böyüdək bu uşaqları?" Zemfira sual edir.

"Nə qədər ərizələr yazmışıq İcra Hakimiyyətinə, guya Bakıya gedəcək. Hamısını yığıb tullayırlar. Bizə jurnalist lazımdı ki, gəlib problemlərimizi işıqlandırsın. Amma imkan vermirlər. İşimizə baxmırlar, təhqir edirlər bizi", Zemfira Nadirova əlavə edir.

Yevlax Rayon İcra Hakimiyyəti bu sakinlərin Ünvanlı Sosial Yardımla bağlı irad və şikayətlərini əsassız sayır.

Yeganə Seyidova dörd uşaq anasıdır. Ailənin başçısı vərəmdən, qızı meningitdən, oğlu da qıcolmadan əziyyət çəkir.

"Kim istəyər ki, dörd balası çörəksiz qalsın? Yemək üçün un da, qənd də olmalıdır. Bax bu mənim un qabımdı, boş ələk var içində", Yeganə deyir.

Yeganənin baldızı anadangəlmə laldır. Deyir ki, əlilliyə görə təqaüd almaq üçün həkim ona arayış yazmalı idi.

Dediyinə görə, bu arayışa görə ondan 200 manat pul tələb olunub. Onun isə bu qədər pulu ödəməyə imkanı yoxdur.

"Qaraçı" kimi tanınan bu tayfada erkən yaşda ailə qurulur. Bu ailələr bir qayda ilə çox uşaqlı olurlar.
"İmkan olsa məktəbə gedərdik, oxuyardıq. Heç birimiz oxumuruq, bizə deyirlər siz qaraçısız", Yevlax sakini deyir.

BBC
Oxşar xəbərlər