Gəncə Dövlət Universitetində "3 GÜNLÜK" praqul-yenilənib

  • 22 sen 2016, 07:42

Yusifovun səhlənkarlığı Filologiya fakültəsində ayaq açıb yeriyir.


 

Demokratik.Az-a Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi tərəfindən maraqlı məlumat daxil olub. Məlumata əsasən, yeni dərs ilinin başlanmasına baxmayaraq Universitetin yenicə müasir üslubda təmirdən çıxmış 4-cü tədris korpusunda yerləşən Filologiya fakültəsinin tələbələri müəllim üzünə həsrət qalıb. Artıq 3 gündür ki, ikinci növbənin tələbələri auditoriyalara buraxılmır, heç bir səbəb bildirilmədən dərslər keçirilmir. Fakültənin müəllimlərinə isə deyəsən "icazəli praqul" elan edilib. Filologiya fakültəsinin qocalmış dekanı Mübariz Yusifovun səhlənkar fəaliyyəti elə dərs ilinin başlanğıcından deyəsən ayaq açıb "yeriməyə" başlayıb.

Tələbələrin sözlərinə görə, sabiq rektor fakültəni dekan kimi, ləyaqətli professor kimi yox, kommersiya müəssisəsi kimi idarə edir.

Tələbələr: "Biz başa düşə bilmirik, bizim korpusa yüz minlərlə manat vəsait ona görə xərclənib ki, tədris otaqlarına-auditoriyalara buraxılmayaq? 3 gündür ki, yalandan Universitetə gəlib-gedirik, bizə dərs keçən müəllim tapılmır. Anlaya bilmirik ki, dekanımız nə fikirləşir? Bizim dekan Mübariz müəllim vaxtilə bu Universitetin rektoru da işləyib. Danışırlar ki, elə rektor olanda da səhlənkarlıq edib, inistutu kommersiya müəssisəsinə döndərib, sonra da işdən qovublar. Biz həm təhsilhaqqı ödəyirik, həm də yazılmamış qanunlarla bizdən "təhsil haqqı"-rüşvət alırlar. İstəyirik maraqlanasınız görək, bizə niyə dərslər keçirilmir?".

Ümid edirik ki, Universitetdən bu suallara cavab verən səlahiyyətli biri tapılar!.

..................................

(23.09.2016)

Universitetdən Demokratik.Az-a verilən məlumata əsasən, tələbələrin və müəllimlərin bu həftə öncəsi 3 günlük "praqula" yol vermələrinin əsas səbəbi referendumla əlaqəlidir. Məlumata görə, tələbələrin qanunauyğun şəkildə 26 sentyabrda öz səsvermə hüququndan istifadə etmələri məqsədilə yaşadıqları ərazi üzrə müvafiq çıxarış alıb Universitetdə yaradılan seçki məntəqəsinə təqdim etmələri xahiş olunub. Bu səbəbdən də Filologiya fakültəsində üzürlü "praqul" vəziyyət yaranıb. Hazırda Universitetdə ümumi müəllim və tələbə davamiyyətində hər hansı problem müşahidə olunmur.  

 

 

 

Osman Nərimanoğlu

 

Demokratik.Az 

   

Oxşar xəbərlər