ANS-in lisenziyasına xitam verildi - Məhkəmə qərarı açıqlandı

  • 29 iyul 2016, 13:11

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb. 

APA-nın məlumatına görə, hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, şirkət Ali Məhkəməyə kasssasiya şikayəti verə bilər. 
 
Məhkəmədə beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri də iştirak edib. 

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

Oxşar xəbərlər