Azərbaycanda “gülənçilər” təşviş və qorxu içindədir

  • 23 iyul 2016, 20:59
Fətullah Gülənin ölkəmizdəki uzantılarında Bakının onlara qarşı əməliyyata başlayacağı narahatlığı var.

 

Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhdin qarşısının alınması, bu olayın əsas fiqurlarının qəddarlıqla zərərsizləşdirilməsi, həbslərin hələ də davam etdirilməsi Azərbaycandakı "gülən şəbəkəsi”ni təşvişə salıb. Redaksiyamıza daxil olan məlumata görə, Fətullah Gülənin Azərbaycandakı uzantıları onlara qarşı da əməliyyat keçirilə biləcəyini ehtimal edirlər və bundan çox narahatdırlar. Məlumat üçün deyək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdini "gülənçi”lərə bağlayıb.

Qeyd edək ki, hələ bir neçə il əvvəl Ərdoğanın rəsmi Bakıya Azərbaycan hökumətində təmsil olunan "gülənçi”lərin siyahısını təqdim etdiyi iddia olunurdu. Bundan sonra Azərbaycanda "nurçu qalmaqalı” kimi yadda qalan hadisələr baş verdi. "Gülən şəbəkəsi”nin Azərbaycan hökumətindəki əsas üzvləri hesab edilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov görəvdən alınaraq başqa vəzifəyə keçirildi. Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərov tutduğu vəzifədən azad edildi.(azadlıq)Həmin vaxt deputat olan hakimiyyətyönlü "Irəli” təşkilatının təsisçisi Ceyhun Osmanlı küncə sıxışdırıldı, 2015-ci il parlament seçkilərində isə kənarda saxlanıldı. Fətullah Gülənə bağlı olan "Çağ öyrətim” liseyləri faktiki olaraq bağlandı. Hazırda bu liseylər Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində başqa adla fəaliyyət göstərir. Lakin bütün bunların Ərdoğanı qane etmədiyi, onun Bakıdan "gülənçi şəbəkə”yə qarşı daha sərt addım tələb etdiyi iddia edilirdi.


Azərbaycandakı "gülənçi şəbəkə” hesab edir ki, bu dəfə Ərdoğanın tələbi daha sərt şəkildə ola və Bakının bunun qarşısında manevr etmək imkanları olmaya bilər.
Oxşar xəbərlər