Mərkəzi Seçki Komissiyası Ağdaşdakı seçkilərə yekun vurdu

  • 29 iyun 2016, 18:16
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

clasda iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə dairə seçki komissiyası (DSK) protokolunun və ona əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyənləşdirilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, MSK DSK protokolu və ona əlavə edilmiş sənədlərin yoxlayıb və seçkilər Seçki Məcəlləsinə uyğun keçirilib: "Ona görə də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunların dair protokol tərtib edilsin”.

İclasda çıxış edən MSK üzvü Şaitdin Əliyev bildirib ki, həmin dairə üzrə seçkilərdə seçicilər fəallıq göstəriblər və seçkiləri beynəlxalq müşahidəçilər də izləyib, razı qalıblar. O, əlavə edib ki, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları işlərini təkmil qurublar.

Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov isə deyib ki, MSK-ya seçkilərlə bağlı hər hansı şikayət daxil olmayıb: "Ona görə də qərara aldıq ki, seçkinin nəticələrini yoxlayıb və yekun vuraq. Hesab edirəm ki, seçkilər normal keçirilib”.

Sonda MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə bu dairədə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq edəcək.(azvision.az)
Oxşar xəbərlər