İntiqam Əliyev sabah məhkəməyə qatılmayacaq

  • 27 mart 2016, 22:07

Martın 28-də Ali Məhkəmənin Plenumunda hüquq müdafiəçisi İntiqam Əliyevin işinə baxılarkən onun özü iştirak etməyəcək.

Bunu İntiqam Əliyevin vəkili Cavad Cavadov deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin Plenumun iclasına qatılma təcrübəsi yoxdur və həbsdə olan hüquq müdafiəçisinin özü də iştirak üçün müraciət etməyib.

Cavad Cavadov baş prokuror Zakir Qaralovun apellyasiya protestinin yanlış anlaşıldığına da diqqət çəkib. Çünki protestdə bəraətdən deyil, yalnız cəzanın ağırlığından söhbət gedir. Zakir Qaralov İntiqam Əliyevə münasibətdə bir sıra yüngülləşdirici halların, o cümlədən hüquq müdafiəçisinin səhhətindəki problemlərin nəzərə alınmamasından və şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb. Müraciətdə yalnız cəzanın dəyişdirilməsi məsələsi vurğulanır.

"Amma biz müdafiə tərəfi olaraq, əvvəlki mövqeyimizdə qalır və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyirik. Plenumun iclasında da bunu xahiş edəcəyik", -deyə Cavad Cavadov vurğulayıb.

Xatırladaq ki, Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.

Oxşar xəbərlər