Artir Rəsizadə MM-də hesabat verdi

  • 15 mart 2016, 20:02

"2015-ci ildə Azərbaycanda ÜDM real ifadədə 1,1%, ölkənin qeyri-neft sektoru 10% artıb”

Dünən Azərbaycan Milli Məclisinin növbəti iclası keçirilib. İclas açıq elan edildikdən sonra martın 13-də Ankarada törədilmiş terror aktında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Baş nazir Artur Rasizadə və hökumət üzvlərinin iştirak etdiyi iclasda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədov bildirib ki, hesabatda ötən il dünya iqtisadiyyatında mənfi meyllər gücləndiyi, iqtisadi fəallıq zəiflədiyi əksini tapıb. 

Spikerin sözlərinə görə, bu proses Azərbaycandan da yan ötməsə də, Azərbaycan prezidentinin apardığı uğurlu siyasət nəticəsində bunun ölkəmizə təsiri az olub. "Azərbaycan investisiya qoyuluşlarına görə ən cəlbedici ölkələr sırasındadır. Ötən il ərzində sosial-iqtisadi infrastruktur layihələrinə 16 milyard manata yaxın sərmayə qoyulub, - deyə spiker bildirib. 

 Daha sonra baş nazir Artur Rasizadə hökumətin hesabatını təqdim edib. O bildirib ki, 2015-ci ildə Azərbaycanda ÜDM real ifadədə 1,1%, ölkənin qeyri-neft sektoru 10% artıb: "Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55%-i qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib" – deyən A. Rəsizadə əlavə edib ki, ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb.

Dağlıq Qarabağ probleminə toxunan Baş nazir deyib ki, Ermənistan tərəfi vaxtı uzadaraq məsələnin  həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur. O qeyd edib ki, bütün bunlar nəzərə alınaraq, ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb: "Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir”.  

A. Rasizadə bildirib ki, ötən il 1500 zabit mənzillə təmin edilib, Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 mln. manatdan çox vəsait daxil olub və ötən il ümumilikdə Silahlı Qüvvələrə 3,3 mlrd. manat vəsait xərclənib.

Baş nazirin sözlərinə görə, 2015-ci ildə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılıb.
 
O qeyd edib ki, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti  subyektlərinin sayı 10,7% artaraq 84 mini ötüb. A. Rəsizadə bildirib ki, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11% artaraq 577 min nəfərə çatıb: "Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64%-i regionların payına düşüb".

Baş nazir Artur Rasizadə deyib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb”. 

Belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil: "Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib”.

Oxşar xəbərlər