Məcburi köçkünlərə bayram sovqatı paylanıb

  • 15 mart 2016, 19:54
Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar  və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, xoş arzularını çatdırıb.
 
İ. Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan söz açıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.   

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 66 min manat soydaşlarımıza təqdim olunub.

Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.

apa.az
Oxşar xəbərlər