Deputatın"qoyun təklifi"nə Reaksiya

  • 04 mart 2016, 08:42
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin əhaliyə ünvanlı sosial yardımların əvəzində qoyun verilməsi ilə bağlı təklifi qalmaqala səbəb olub. Deputatın təklifi ilə bağlı sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirilir.

Komitə sədri mətbuata açıqlamasında bildirib ki, müavinət sistemi qədər eybəcər, ələbaxımlılıq yaradan sistem yoxdur: "Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik. Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür".

Hadi Rəcəblinin fikirlərinə münasibət bildirən həmkarı Vahid Əhmədov azvision.az-a açıqlamasında bildirib ki, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən qalmaqal doğuran təkliflə bağlı pilot layihələr hazırlanır.

Deputatın sözlərinə görə, beynəlxalq maliyyə qurumları ilə birlikdə Göyçayda pilot layihə həyata keçirilib: "Ünvanlı sosial yardım alanlardan kimsə sahibkarlıqla, digəri heyvandarlıqla məşğul olmaq istəyir. Onlara bu yardım göstərilir. Əgər razılıq verirsə, onlara belə köməklik göstərilir. Bu layihə digər regionlarda da həyata keçiriləcək. Hazırda bu məsələ gündəmdədir. Konkret olaraq hər kəsə qoyun verilməsi doğru yanaşma deyil. Bu, forma nəzərdə tutulmayıb”.

V.Əhmədov hesab edir ki, yeni layihədə məqsəd ələbaxımlığı aradan qaldırmaq, iş yerlərinin yaradılmasıdır: "İnsanların fərdi təsərrüfat sahəsini yaratmasına köməklik göstərən belə pilot layihələrin olması çox müsbət addımdır”.

 

Demokratik.Az