Avropa Məhkəməsinin qərarlarını sorğulayan qanun gəlir

  • 09 fev 2016, 09:02
Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı üzv olduğu dövlətlərarası orqanların qərarlarının icrası qaydalarını dəyişdirir. Bununla bağlı Milli Məclisin yaz sessiyasında Konstitusiya qanunu statusunda yeni qanun qəbul ediləcək.

Artıq parlamentin yaz sessiyasının planına "Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi məsələsi daxil də edilib.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir neçə dövlətlərarası orqanın üzvdür. Bunlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və başqa qurumlardır.Bu sahədə daha çox müraciət olunan qurum Avropa Insan Haqları Məhkəməsi və BMT-nin Insan Haqları Komitəsidir.

Qeyd edək ki, 2015-ci ildə Rusiyada analoji qanun dəyişikliyi edilib. Bəs Azərbaycanda belə bir addım atmasını hansı zərurətdən yaranıb? 

Avropa İnsan Haqları Məhkəməsinə göndərilmiş çoxsaylı şikayətlərin müəllifi olan vəkil Əsabəli Mustafayev "Bizim Yol” qəzetinə açıqlamasında bildirirb ki, bu, bir qədər narahatedci məsələdir. "Çünki Azərbaycan insan haqlarının müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulub və həmin orqanların verdiyi qərarları icra etmək, tövsiyələrə əməl etməklə bağlı öz üzərinə öhdəliklər götürüb. Bu sıraya BMT-nin nəzdindədki İnsan Haqları Komitəsi daxildir, hansı ki, bu qurum da məhkəmə rolunu oynayır və Avropa İnsan Haqları Məhkəməsinə daxildir. Avropa Konvensiyasının 1-ci maddəsində birbaşa göstərilir ki, Konvensiyayaya qoşulmuş ölkələr məhkəmənin qərarlarını icra etməklə bağlı öhdəlik götürürlər.  Rusiyada qanun dəyişilliyi edilib. Orada Ali Məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edə bilər ki, Avropa Məhkəməsinin konkret qərarının Rusiyanın dövlət suverenliyi, milli thlükəsizliyi ziddiyyət təşkil edirmi? Rusiyada bu qanun dəyişikliyi Avropa Məhkəməsinin müəyyən qərarlarından sonra oldu. Tutaq ki, Xodorkovskinin şikayəti əsasında çıxan qərarda onun bir neçə milyardlıq əmlakının özünə qaytarılması göstərilmişdi. Həmin əmlakları isə Putinin ətrafında olan şəxslər bölüşdürmüş, daha sonra isə özəlləşdirməklə özlərinə götürmüşdülər. Bizdə indi Rusiyadan belə bir nümunə görürərək, analoji qanun dəyişikliyi edilməsi nəzərdə tutulub.  Hesab edirəm ki, Azərbaycan da Avropa Məhkəməsinin bəzi konkret qərarlarına görə bu nümunəni götürmək firkinə düşdü. Yəni həbsdə olan iki şəxsin dərhal həbsdən azad olunması barədə Avropa Məhkəməsinin konkret qərarı olmuşdu.  Bunlardan biri Eynulla Fətullayev, digəri isə İlqar Məmmədovdur. Azərbaycan hökumət isə bu qərarı icra etmək istəmir və indi bunun hüquqi əsasını axtarır” - deyə vəkil bildirib. 
Əsabəli Mustafayev qeyd edir ki, belə bir qanun dəyişikliyinin gündəmə gəlməsi Azərbaycan ordusunun zabiti Ramil Səfərovun məsələsi ilə də bağlı ola bilər.
 
Belə ki, bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi Ramil Səfərovun qətlə yetirdiyi Margaryanın qohumlarının iddiasını qəbul edib və həm Azərbaycanı, həm də Macarıstanı bu iş üzrə cavabdeh kimi tanıyıb. İddiada Macarıstan tərəfi barəsində ömürlük həbs cəzası çıxarılan R.Səfərovu Azərbaycana cəzanı tam çəkəcəyinə zəmanət almadan verməkdə, Azərbaycan tərəfi isə onu dərhal azad etməkdə ittiham edilir. 

"Hökumət ehtimal edir ki, Avropa Məhkəməsi elə qərar çıxarar ki, onun icrası Ramil Səfərovun azadlıqda olmasına təhdid ola bilər. Bəlkə də sözügedən qanun dəyişikliyi bununla bağlıdır. Hərçənd, hesab edirəm ki, Avropa Məhkəməsi hətta Ramil Səfərovun azadlığa çıxmasının qanunsuz saysa belə, onun yenidən mühakimə olunması və ya həbsə alınmmsı barədə qərar çıxarmayacaq. Sadəcə ola bilər ki, Avropa Məhkəməsi bu işə görə Azərbaycanı maddi cəhətdən cəzalandıra bilər” - deyə Ə.Mustavayev bildirdi.

Vəkil əlavə edir ki, hökumətin hansı zərurətdən belə bir qanun dəyişikliyi etmək istəməsini dəqiq söyləmək çətindir və yalnız ehtimallar irəli sürülə bilər. Onun sozlərinə görə, Azərbaycanda  Avropa Məhkəməsinin onlarla qərarı var ki, icra olunmayıb. "Avropa Məhkəməsi ilə uzun müddətdir işləyən bir vəkil kimi deyə bilərəm ki, bu qanun dəyişikliyi, Avropa Məhkəməsinin qərarının icrasının yoxlanmasının  bütün işlərə aid olacağına inanmıram. Bu, ancaq çox mühüm məsələlərə aid ola bilər. İkincisi isə ümumiyyətlə bu dəyişikliyin Azərbaycan üçün bir yenilik olacağını təxmin etmirəm. Məsələn, məndə 50-dən çox Avropa Məhkəməsinin qərarı var. 2009-cu ildən başlayaraq, bu qərarlar verilməyə başlayıb. Bu qərarlar yalnız maddi təzminat hissəsində icra edilib. Ancaq məhkəmə praktikasında nəzərə alınması, qanunvericilikdə hansısa dəyişikliklərin edilməsi ilə bağlı ümumi tədbirlər hissəsi yerinə yetirilməyib. O cümlədən, fərdi tədbirlərdən yalnız təzminat ödəməklə kifayətlənilib. O şəxslərin işinə yenidən baxılmayıb, tutaq ki, qərarda əmlakla bağlı hissədə əmlakən özünə qaytarılması göstərilsə də, icra edilməyib və bu kimi hallar müxtəlif bəhanələrlə uzadılır. Azərbaycan qarşı olan digər işlərlə də maraqlanırıq və bildiyim qədərilə hamısında eyni vəziyyətdir.  Qərarların 95 faizində ümumi və fərdi tədbirlərin heç biri icra edilməyib. Ona görə də belə bir qanunun qəbul edilməsini böyük faciə hesab etmirəm. Hərçənd ki, belə bir qanunun qəbulu Konstitusiyaya zidd olacaq. Çünki Konstitusiyada göstərilib ki, Azərbaycanın qoşulduğu konvensiyalar  yerli qanunlardan daha üstün qüvvəyə malikdir. Düzdür, Konstitusiya və konstitusiya qanunları istisnadır. Ancaq hesab etmirəm ki, Avropa Məhkməsinni qəbul etdiyi hansısa qərar Azərbaycan Konstitusiyasına zidd ola bilər. Bu, inandırıcı deyil” - deyə vəkil bildirdi.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının əsas orqanlarından biri hesab olunur. Bu məhkəmə 1948-ci ildə qəbul olunmuş "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya” əsasında fəaliyyət göstərir. Avropa Məhkəməsinin qərarları da üzv dövlətlər üçün məcburidir. Konvensiyanın 46-cı maddəsində deyilir: "Razılığa gələn Yüksək Tərəflər məhkəmənin onların tərəf olduqları hər hansı bir iş üzrə çıxardığı son qərarı yerinə yetirməyi öz öhdələrinə götürürlər". 

Ancaq onu da qeyd etmək lazımdır ki, Avropa Məhkəməsi üzv dövlətlərin məhkəmələrinin çıxardığı qərarları ləğv etmir, milli məhkəmələrə göstəriş vermir və onlar üzərində nəzarəti həyata keçirmir. Çünki Avropa Məhkəməsi hər hansı bir dövlətin yuxarı məhkəmə instansiyası hesab olunmur. Məhkəmə yalnız şikayət əsasında icraatına götürmüş olduğu mübahisələr üzrə şikayətçinin konvensiyada nəzərdə tutulmuş hüquqlarının üzv dövlət və onun orqanları tərəfindən pozulub-pozulmadığını məyyən edir. Çıxarılmış qərarın əsasında müvafiq məhkəmələrin qərarlarının ləğv edilməsini həyata keçirmək səlahiyyəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna məxsusdur. Yəni Plenum Avropa Məhkəmsinin baxdığı iş üzrə qəbul etdiyi qərar əsasında aşağı məhkəmələrin qərarlarını ləğv edərək yenidən baxılması üçün aşağı məhkəmələrə göndərir. Yalnız qeyd etmək lazımdır ki, fərdi şikayətçinin çəkmiş olduğu məhkəmə xərclərinin və hüquqlarının pozulması nəticəsində ona dəymiş ziyanın konpensasiya şəklində dövlət tərəfindən ərizəçiyə ödənilməsi Avropa Məhkəməsi qərarında göstərilə bilər. 

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti isə Avropa Şurasının Nazirlər Komitəsi  həyata keçirir. Avropa Şurasının nizamnaməsinin tələblərinə görə məhkəmə qərarını icra etməyən dövlət məsuliyyət daşıyır və bu həmin dövlətin Avropa Şurasında üzvlüyünün dayandırılmasına və əgər qərarın icra olunmaması davam edərsə, bu halda üzvlükdən çıxarılmasına səbəb ola bilər. 
Vəkil Əsabəli Mustafayev Avropa Məhkəməsinin qərarlarının 95 faizinin tam icra olunmadığnı desə də, bildirir ki, bununla bağlı Azərbaycan qarşı müvafiq qurum tərəfindən heç bir sanksiya tətbiq edilməyib. "Çünki Azərbaycan həmin qərarların icrasından imtina etmir. Hər dəfə müəyyən hesabatlar verir ki, biz icra etmişik, bu iş tərcümə olunaraq, Ədliyyə Nazirliyinin bülletenlərində yayılıb, hakimlər tanış olub, müzakirə edilib və s. Yəni demir ki, mən icra etmirəm. Yıni birbaşa imtina olmadığına görə sanksiya tətbiq olunması halı yoxdur. Avropa Şurasının Nazirlər Komitəsi ilk növbədə siyasi qurumdir və Avropa Şurasına daxil olan 47 ölkənin xarici işlər nazirlərindən ibarətdir. Onlarda isə hüquqa münasibətdə siyasi maraqlar daha üstündür. Azərbaycanın imici də son vaxtlara qədər yaxşı idi, bundan sonra necə olacaq, onu deyə bilmərəm. Xüsusilə də nəzərə alsaq ki, İlqar Məmmədovun azadlığa buraxılmaması ilə bağlı qərarın icra edilməməsinə görə də A, Nazirlər Komitəsi konkret tədbirlərə keçib. Bələ də hökumət bu məsələləri də nəzərə alaraq, belə bir qanun dəyişikliyinə meyl göstərir” - deyə vəkil bildirdi.

Rəşad VAQİFOGLU
Oxşar xəbərlər