Üç dövlət proqramı işsizliyi niyə həll edə bilmədi?

  • 06 fev 2016, 08:58

Nemət Əliyev: «İş yerlərinin artması üçün sahibkarlıq mühiti şəffaflaşmalı, monopoliya aradan qaldırılmalı, inhisarçılığa qarşı ciddi mübarizə aparılmalıdır»

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan üç Dövlət Proqramı bölgələrdə işsizlik problemini həll etməyib. Əslində, dövlət proqramlarının əsas məqsədi bütün regionlarda qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması, sosial infrastrukturun yaxşılaşdırılması və sair kimi tədbirlər nəzərdə tutulub. 

Təəssüf ki, son 10 ildə regionlara bütün mənbələr hesabına 50.7 milyard manat investisiya yönəldilməsinə baxmayaraq, bölgələrin inkişafına, əhalinin məşğulluğunun təminatına töhfə verə bilməyib. Bu gün ölkə üzrə əmanətlərin və kreditlərin 95 faizdən çoxunun Bakının payına düşməsi, bölgələrdə iqtisadi fəallığın olmadığını göstərir. 

İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a bildirdi ki, qəbul olunmuş dövlət proqramlarının icra olunmamasının əsas səbəbi yaranmış iqtisadi, siyasi və sosial mühitdir: "Ölkədə tüğyan edən korrupsiya, monopoliya və rüşvətxorluq bütün islahatlara üstün gəlib. Konkret olaraq dövlət proqramları qəbul olunub, həmin istiqamətdə vəsait ayrılıb. Amma bu proqramlar regionlarda yeni iş yerlərinin açılmasına yardım edə bilməyib. Əksinə, ildən-ilə bölgələrdə yaşayan əhalinin vəziyyəti daha da pisləşib. Dövlət proqramlarına ayrılan pulların bir qrup məmur tərəfindən təyinatı dəyişdirilərək korrupsiya yeminə çevrilib. 

Maliyyə Nazirliyi və Hesablama Palatası vəziyyəti gördükləri halda, öz vəzifələrinin öhdəsindən gələ, büdcə xərcləmələrində korrupsiyanın qarşısını ala bilməyiblər".

N.Əliyevə görə, hazırda regionlarda ailələr daha çox Rusiya və Türkiyədən gələn gəlir hesabına dolanırlar: "Ölkə üzrə ayrılan kreditlərin tərkibində regionların payının cüzi olması, bölgələrdə yaşayan əhalinin orta aylıq əmək haqlarının respublika üzrə orta aylıq məvacibdən aşağı olması oradakı əhalinin sosial vəziyyətinin necə olduğunu göstərir. Regionlarda iş yerlərinin olmamasının başlıca səbəbi aqrar, istehsal və emal sənayesinin məhv edilməsi, yenisinin isə yaradılmamasıdır. 
Xam neftin satışından gələn gəlirlər səmərəsiz xərclənib, regionlardakı insanların acı taleyini düşünməyiblər. Təəssüf ki, nəzarətsizlik, cəzasızlıq, qanunların işləməməsi də öz təsirini göstərib. Bütün bunlar regionların sosial-iqtisadi inkişafına imkan verməyib".

İqtisadçı əlavə etdi ki, indiyədək hökumət hər hansı bir addım atmayıbsa, bundan sonra da islahatların aparılacağı inandırıcı görünmür: "Ümumi daxili məhsul 22 milyard dollar, əhalinin pul gəlirləri 9 milyard dollar azalıb, iqtisadi-sosial istiqamətdə yatırılan kreditlərin həcmi kəskin şəkildə aşağı düşüb, xarici və daxili investisiyaların həcmi azalıb. 

İş yerlərinin artması üçün sahibkarlıq mühiti şəffaflaşmalı, monopoliya aradan qaldırılmalı, inhisarçılığa qarşı ciddi mübarizə aparılmalı, büdcə vəsaitlərinin təyinatında kənara yayındırılma inzibati qaydada dayandırılmalıdır. 

Regionlar üzrə iqtisadi-sosial prioritetlər düzgün müəyyənləşməli, bölgələrin spesifikliyi nəzərə alınmalıdır.  Eyni zamanda vəsaitlərin xərclənməsinə ciddi nəzarət edilməli, azad məhkəmə sistemi qurulmalı, mülkiyyət və insan hüquqlarına əməl edilməlidir. Bunlar olmadığı təqdirdə ölkəmiz xarici və yerli investorlar üçün cəlbedici ola bilməz. Bütün bunlar üçün siyasi iradə lazımdır".  
Oxşar xəbərlər