Hakimiyyət komandası “səhra rejiminə” keçir

  • 01 fev 2016, 09:10

Prezident iqtidarını FV –də yoxlayır ;Hökumətdə hamının əvəzinə İlham Əliyev işləyir; indi kadrların irəli çıxması zamanı gəlib; amma onlar bu dövrə öyrəşə bilmirlər; zamanları bitib; yıpranmış, yorulmuş "yas müxalifəti” də illərdir böhran yaşayır və neftin qiyməti 100 dollar olanda vəziyyətləri necə idisə, indi də elədir... 

 

2016-cı ilin ilk ayı arxada qaldı. Azərbaycan bəlkə də son 10 ildə ilk dəfə soyuq qış ayını fəal, gərgin və emosional hadisələrlə yaşadı. Neftin qiymətinin kəskin düşməsi ilə ölkə iqtisadiyyatının "reanimasiyaya” düşməsi, manatın  kəskin ucuzlaşmasının əhali arasında doğurduğu şok effektinin bəzi bölgələrdə etiraz aksiyalarına çevrilməsi, hətta müxalifətin müəyyən kəsiminin illərdir davam edən "donunun” da açılması ayın real mənzərəsini ortaya qoyur. 

Prezident İlham Əliyevin həftəsonu gənc liderlərlə görüşündə  1993-cü il hakimiyyətini yada salması, hakimiyyət televiziyalarının da 2013-cü ildən (son prezident seçkiləri ili) unutduqlları müxalifət liderlərini, nəhayət, yenidən efirdə göstərib tənqid etmələri də Azərbaycanın gərgin bir mərhələyə qədəm qoyduğunu göstərir. 

Bu gərginliyin səbəbi yerli müxalifət deyil, ilk növbədə neftin qiymətinin qalxmasına müxalifət olanlardır. Bizim müxalifətçilər illərdir öz bacarıqsızlıqlarını neft amili ilə ört-basdır edirdilər. "Bakı nefti var deyə, iqtidarı müdafiə edirlər”, deyirdilər. "Neft qurtardı!”,  bunu Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə bəyan edir. "Bəs, neft qurtardısa, hakimiyətin limiti niyə qurtarmadı” sualına hələ opponentlərindən cavab verən yoxdur.   Əslində, müxalifətdə heç nə baş verməyib, düşərgənin reaksiyası da, iqtidar televiziyalarının canfəşanlığı da  duruma adekvat deyil. Yıpranmış, yorulmuş və "yas müxalifəti”nin özü illərdir böhran yaşayır və  neftin qiyməti 100 dollar olanda onların vəziyyəti necə idisə, indi də elədir, hətta neftin qiyməti ilə bərabər onlar da lap dibə düşüblər. 

Bu duruma iqtidar kimi sevinməyə və ya müxalifətin səmimi tərəfdarı kimi hədsiz kədərlənməyə ehtiyac yoxdur. Hadisələr göstərdi ki, bu müxalifətlə iqtidar olaraq davam etmək  mümkünsüzdür, çünki ən azı onların özlərinin də buna nə həvəsi, nə zamanı var. Azərbaycan müxalifətinin gördüyü işi-virtual tənqidi indi sosial şəbəkələrdə istənilən adam edə bilir, hətta bəlkə də onlardan daha kəskin, daha effektli edirlər. 

Son lokal etiraz aksiyaları onu göstərdi ki, müxalifət də, onun liderləri də narazı xalqın öz içərisindədirlər, onların da adı Əli, İsa, Musadır... Əli və İsanın indi və heç bir əsas olmadan gündəmə gətirilməsinin şüuraltı səbəbini bəlkə də bu adlarda axtarmaq lazım gəlir. Onları yada salırlar ki, yeni əlilər və musalar ortaya çıxarsa, onlara da indiki kimi inanan olmasın. 
Hakimiyyətdə də hər şey qaydasında deyil. Güc strukturları istisna olmaqla, hökumətdə hamının əvəzinə prezident İlham Əliyev işləyir. Bizə yaxın və neftin qiyməti ilə bağlı çox çətin vəziyyətdə olan Rusiyada prezident Vladimir Putin də çox fəaldır, işləyir, çalışır, üstəlik dünya ilə savaşır da. Çünki hamının əvəzinə işləmir, onun baş naziri, nazirləri də, qubernatorları da iş başındadırlar. Baş nazir Artur Rasi-Zadənin böhrandan bəri heç səsini eşidən olmayıb, iqtisadi sferanı kurasiya edən məmurlar hadisələrin ardınca sürünürlər, göstəriş gözləyir, prezidentin dediklərini mübtəda ilə xəbərin yerini dəyişərək yenidən təkrar edirlər. Hətta prezident mətbuat katibi əvəzindən "Azərbaycan heç bir maliyə təşkilatından yardım istəməyib” təkzibini də  özü verir. Halbuki xarici mətbuatın yazdığına reaksiya vermək birbaşa onun mətbuat katibinin səlahiyyətinə daxildir, onun ən vacib işi elə budur. 

İlham Əliyev ay ərzində nazirlər və icra başçıları da  daxil olmaqla, 3 geniştərkibli görüş keçirib, bu, üst-üstə ən az 12 saat efir, təmas və cəmiyyətə ötürülən mesajlar deməkdir. Yeni situasiyanı prezidentdən yaxşı bilən də yoxdur. Söhbət təkcə kapitanın gəmidəki səlahiyyətindən və məsuliyyətindən getmir. İş ondadır ki, prezident  hamının əvəzindən bu gəmini mümkün təlatümlərdən qorumaq üçün çalışır. 
Neft pulları nazirləri o qədər tənbəlləşdirib ki,  onları yeni rejimə keçirmək çətinləşib, bunu görməmək mümkün deyil.  Hətta müşavirələrdə belə bəziləri yerində qurcalanır; bu yaşda  saatlarla bir yerdə oturmaq belə çətindir.  Əvvəl hər şeyi neft pulları həll edirdi, kabinetdən göstərişlə problemlər yoluna qoyulurdu, indi isə kadrların irəli çıxması zamanı gəlib, amma onlar bu dövrə öyrəşə bilmirlər. Canları yanmır və ya yaşlı-qoca məsələsi də deyil, canları üçün qorxmurlar da demək olmaz. Sadəcə, hakimiyyətdə onların zamanı bitib, onların hətta bəziləri orta yaş həddində  olsalar belə, işləmək üçün qollarını çırmalamırlar. Halbuki hər səhər bir neçə kolometr gəzir, idman edir, yaxşı qidalanırlar.

İqtidar kuluarlarından sızan məlumata görə, indi ən çox müzakirə edilən mövzu da kadr siyasəti ilə bağlıdır. İddia olunur ki, prezidentin  2 fevral gənclər günü ərəfəsinə təsadüf  edən görüşü əslində hakim komandaya bir incə mesajdır. Prezident ən müxtəlif sahələrlə məşğul olan gəncləri ətrafına toplamaqla  yeni dövrə hazır kadrlarının olduğunu göstərdi, onları dəstəklədi, fəaliyyətlərini bəyəndi. 

Buna paralel olaraq daha bir proses başlayıb. Birbaşa prezidentin tapşırığı ilə iqtidar komandası "səhra rejimi” taktikasına keçib. Mənbəmiz deyib ki, prezident istisnasız olaraq bütün komanda üzvlərinə xalqın içinə getməyi tapşırıb. "Xalqın içi” bu vaxtadək icra başçılarının və  bələdiyyələrin seçdiyi adamlardan ibarət olurdusa, indi tapşırılıb ki, müxalifətə yaxın adamları da prosesə qoşsunlar, onların da icra başçıları, nazirlər və  Prezident Administrasiyasından gələn səlahiyyətli şəxslərlə görüşdə iştirakına əngəl olmasınlar. 

Prezidentin tapşırığı ilə komanda Azərbaycanın dörd bir tərəfinə dağılıb. Məsələn, üç müxtəlif istiqamətdə görəvli olan məmurlar -  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev həftəsonu Zaqatalada,  baş nazirin müavini Abid Şərifov Şəkidə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz  Məmmədov Bakıda geniş ictimaiyyətlə görüşüb. Məlumata görə, komandaya dövlət rəhbərliyi adından "heç kim kabinetində rahat oturmayacaq”, deyilib. Xüsusilə də icra başçıları.  Görünür, məhz bu testdən sonra iqtidar komandasında ciddi dəyişiklik ola bilər.  

"Yeni Müsavat”
Oxşar xəbərlər