Abid Şərifov Şəkidə vətəndaşlarla görüşüb

  • 31 yan 2016, 10:29

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov yanvarın 30-da Şəki şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə yerli icra strukturları və hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, ağsaqqal və gənclər, iş adamları, sahibkarlar, həmçinin Milli Məclisin deputatları iştirak ediblər.

 

Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq son dövrlər Şəkidə görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni iş yerlərinin açılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, iş adamlarının qarşılaşdığı problemlərin aradan qaldırılması, sahibkarlarla əlaqələrin daha sıx qurulması, həmçinin Şəki rayonu ərazisində fəaliyyətini dayandırmış müəssisələrin fəaliyyətinin bərpası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün şəhər icra hakimiyyətində xüsusi qərargah yaradılıb və zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 

Baş nazirin müavini Abid Şərifov bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə rayon ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.

 

Abid Şərifov vurğulayıb ki, konfransda regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr, əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, korrupsiya, rüşvətxorluq və digər bu kimi mənfi halların aradan qaldırılması, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsindən ibarətdir.

 

Dövlətimizin başçısının Şəkiyə olan qayğısını xüsusi vurğulayan Abid Şərifov bildirib ki, son illər Şəkidə sosial infrastrukturun yaxşılaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi abidələrin bərpası istiqamətində xeyli iş görülüb. Bu qədim şəhərin güclü iqtisadi potensialının və tarixi təcrübəsinin olduğunu diqqətə çatdıran Baş nazirin müavini deyib ki, Şəki hələ sovet dövründə kənd təsərrüfatının, sənayenin yüksək səviyyədə inkişaf etdiyi şəhərlərdən biri olub. Son illər unudulmuş kənd təsərrüfatı sahələrinin, o cümlədən baramaçılığın, tütünçülüyün bərpasının vacibliyinə toxunan Abid Şərifov yerli icra strukturlarının rəhbərlərinə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Bildirilib ki, müzakirə olunan məsələlərlə bağlı təkliflər qısa müddətdə hazırlanaraq müvafiq qurumlara təqdim edilməlidir.

 

Tədbirdə Milli Məclisin deputatları Yaqub Mahmudov, Əli Məsimli və Cavanşir Feyziyev çıxış edərək, Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər səsləndiriblər.

Görüşdə sahibkarlar regionlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

* Fotoları təqdim edirik

Oxşar xəbərlər