Eldar Mahmudovun adamları səhmləri qaytardı, Misir Mərdanovun xalası oğlu banka ortaq oldu

  • 16 yan 2016, 18:20

"Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ən iri səhmdar 87,06%-lik paya sahib olan Əliyev Etibar Mahmud oğludur. Bankın digər səhmdarları 4,9%-lik paya sahib olan Dəmirov Allahverdi Huseyn oğlu və 8,04%-lik paya sahib olan Cabbarov Mirfalax Cabbar oğludur.

Bundan öncə bankın səhmdarları "Beaufort Investissements S.A.” şirkəti (78,4421%) və fiziki şəxslər (21,5579%) olub.

Virtualaz.org qeyd edir ki, "Beaufort Investissements S.A.” Lüksemburqda qeydiyyatdan keçmiş offşor şirkətdir, hal-hazırda aktivdir. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin və onun qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun benefisiarları tərəfindən idarə olunurdu. Belə ki, MTN qara maskalıları 2012-ci ilin martında "Texnikabank”ın sahibi E.Əliyevi həbs edəndən sonra onu bankın səhmlərini həmin offşor şirkətin adına keçirməyə məcbur etmişdilər. E.Mahmudovun işdən çıxarılmasından və MTN-dəki bandanın zərərsizləşdirilməsindən sonra E.Əliyevin aktivlərinin geri qaytarılması təmin olunub. C.Hacıyevin banka təyin etdiyi adamlar uzaqlaşdırılıb.

Bankın indiki səhmdarları arasında yer alan Allahverdi Dəmirovun adı isə ictimaiyyətə yaxşı tanışdır. O, Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəhbəridir, keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğludur. Alahverdi Dəmirov Təhsil Nazirliyinin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. A.Dəmirov 2011-ci ildə işdən çıxarılıb, onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı.

Oxşar xəbərlər