Gənc əsgəri ölüm həddinə çatdıran "dedlər" məhkəmə qarşısında

  • 11 yan 2016, 20:54

Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Müslüm Əliyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər - Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş qismində məhkəmə qarşısına çıxarılan əsgər Seymur Kərimli ifadəsində təqsirləndirilən Ruslan Cavadov tərəfindən döyüldüyünü göstərib: "Saçımı qırxdırmışdım deyə, manqa rəhbəri Ruslan Cavadovdan icazə alıb, başımı yumaq üçün sanitar qovşağa getdim. Həmin vaxt Tapdıq Babaşov da orada idi, ayağını yuyurdu. Bu zaman Ruslan Cavadov içəri girib ona dedi ki, "sən "naryad"da olmalısan, burada nə gəzirsən, ayaqqabını niyə çıxarmısan?" O da cavab verdi ki, "botinka"dan ayağıma nəsə batırdı". Ruslan Cavadov ona 1-2 yumruq vurdu, dedi ki, "mən səhərdən axşama qədər "botinka" ilə gəzə bilirəm, sən gəzə bilmirsən?" Daha sonra Cavadov ayaqyolulardan birinin qapısını açıb baxdı, Babaşovdan soruşdu ki, "niyə tualeti təmizləməmisən?" Babaşov cavab verdi ki, "təmizləyə bilmirəm. Dəhlizi, başqa yerləri təmizləyirəm, buranı eləyə bilmirəm". Cavadov onu vurub dedi ki, "sən kimdən artıq oğlansan, get, ayaqyolunu təmizlə". Bundan sonra Ruslan Cavadov onu çox pis söydü, və 6-7 dəfə yumruqla vurdu. Ruslan Cavadov çəkmənin ipini çıxarıb, Babaşovun boynunda sıxmağa başladı. Babaşov sonra dedi ki, "yaxşı, təmizləyirəm". Bundan sonra onu buraxdı. Cavadov dedi ki, "gedirəm, beş dəqiqədən sonra gəlib yoxlayacam". Bir qədər sonra mən çölə çıxanda xəbər gəldi ki, kimsə özünü 3-cü mərtəbədən atıb”.

Zərərçəkmiş Vüqar Əhmədov ifadəsində hərbi xidmətə yenicə gələn dövrlərdə Elməddin Babayev və Cəmil Ağayev tərəfindən döyüldüyünü göstərib. Zərərçəkmiş onu döyən əsgərlərdən şikayətçi olmadığını deyib.

Mərhum Tapdıq Babaşovun anası oğlunun ölümündə əli olanları, eyni zamanda Ruslan Cavadovu günahlandırıb. Təqsirləndirilən R.Cavadov isə mərhumun anasına "mən sənin oğlunu öldürməmişəm. Oğlunu öldürənlərin bəlasını Allah versin”deyib.

Məhkəmə prosesi yanvarın 26-da davam etdiriləcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

 

Cinayət işinin materiallarına görə, onlar digər əsgərləri döyüblər, təhqir ediblər, bu hərəkətləri ilə Tapdıq Babaşovu intihar həddinə çatdırıblar.

 

Qeyd edək ki, Biləcəridəki sözügedən hərbi hissənin 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər hərbi hissədə onları döyüb, təhqir ediblər.

Xatırladaq ki, ötən il may ayının 22-də özünü Biləcəridəki H saylı hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edən Tapdıq Babaşov atasını vaxtsız itirib və ailənin yeganə oğlan övladı olub, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirib. Ölümündən bir ay öncə, aprelin 22-də Qobustan Rayon Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılıb.

İnarə Rafiqqızı

Virtualaz.org

Oxşar xəbərlər