Gəncədə Dövlət Qaz Nəzarəti İdarəsində- RƏZALƏT

  • 31 dek 2015, 22:52

Redaksiyamıza müraciət edən, adının açıqlanmasını istəməyən bir Samux rayon sakini Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Gəncə Regional Bölməsinin rəhbərliyinin yarıtmaz fəaliyyətindən gileylənir. Onun yazdığı şikayət məktubunda deyilir ki,  bölmə rəisi Elxan Hüseynov Dövlət İdarəsini şəxsi evinə çevirib: "İdarənin binasının üzərinə böyük həriflərlə "Azərbaycan Respublikası Energetika Nazirliyi” yazılmışdı. Kənarda isə sadəcə olaraq "Dövlət Qaz Nəzarəti İdarəsi” sözləri yazılan lövhə asılmışdı. Yəni idarənin Gəncə bölməsi haqqında heç bir bilgi yox idi. Bura gələnlərdə o təəssürat yaranır ki, bu idarə Gəncədə deyil, Bakıda yerləşir. Bütün dövlət müəssisələrində girişdəcə ilk əvvəl mərhum prezident  Heydər Əliyevə aid guşə yerləşir. Burada isə nəinki H.Əliyev guşəsi, heç dövlət atributları olan lövhəyə belə rast gəlmədim. İdarənin içində ora-bura gəzən Gəncədən və ətraf rayonlardan gələn bir neçə vətəndaşla rastlaşdım. Samuxdan olduğumu bildirib idarənin bir məmuruna yaxınlaşdım. Himən məmura bildirdim ki, xiyar-pomidor əkmək üçün istixana tikmək istəyirəm və ora qaz verilişi üçün hansı sənədlər yığmalıyam. Gənc məmur mənə cavab verdi ki, bizim idarədə bütün məsələlərə rəisimiz Elxan Hüseynov baxır, əvvəlcə onun yanına getməlisiniz. Həmin məmura bildirdim ki,  mən heç bir sənəd imzalatmaq istəmirəm, sadəcə istixanaya aid sənədlərlə maraqlanıram. Yenə də həmən məmur mənə bildirdi ki, qardaş bizim müdir və ona yaxın olan Məsim Qasımovdan başqa heç kim bu idarədə sənə kömək edə bilməz. Məsim Qasımovun otağını soruşub onun yanına getmək istədim. Bildirdilər ki, Məsim müəllim rəisin tapşırığı ilə yoxlamadadır. Əlacsız qalıb rəisin otağına üz tutdum. Katibəsindən rəisin qəbuluna girmək üçün icazə istədim. Bildirdi ki, rəisin yanında qonaqlar var. Həqiqətən də rəisin yanında qonaqlar var idi. Çünki idarənin rəisi Elxan müəllimin ucadan danışmağından və oradakıların kəslə olan söhbətləri azca aralı olan qapının arasından eşidilirdi. Diqqətlə qulaq asdıqda içəridəki söhbətdən aydın olurdu ki, yanındakılar müəssisələrinə qaz çəkdirmək istəyir. Dialoq bu məzmunda idi:

- Rəis, vallah çox istəyirsən.

- Vallah mənlik deyil. Nazirlikdən o qədər deyiblər….

İdarədə yemək qoxusu, uşaq səs-küyü eşidib, katibədən bunun səbəbini soruşdum. Aldığım cavab isə həqiqətən məni dəhşətə gətirdi. Dedilər ki, rəis Elxan müəllim idarənin 2-ci mərtəbəsini 2 ildir ki, özü üçün ev kimi istifadə edir. Ora-bura qaçan və qışqırışan uşaqların səsi ikinci mərtəbəni başına götürmüşdü. İnana bilmədim ki, mən dövlət idarəsindəyəm, yoxsa şəxsi evdə. Orada gördüklərim bununla qurtarmadı. Aldığım məlumatlardan aydın oldu ki, idarədə işçilər olsa da burada bütün işləri rəis Elxan Hüseynov və onun yaxını kimi tanınan Məsim Qasımovdan başqa heç kimin apara bilməz”.

Məktub müəllifi yazır ki, apardığı araşdırma zamanı Məsim Qasımovun son günlər iş yerində olmadığı üzə çıxdı: "Bəlli oldu Məsim Qasımov prezidentin oktyabrın 20 də imzalamış olduğu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi 1 noyabr  2015-ci il tarixindən  10-15 gün sonra bir çox təşkilatlarda qanunsuz olaraq yoxlamaları aparmağa başlayıb. O, onlarla sahibkarlıq subyektinin qapısını döyərək, "yoxlama aparıb”. Həmçinin, təkcə  noyabr ayının 12-15 arasında qanunsuz yoxlama apardığı dövlət təşkilatları aşağıdakılardır.

1. Gəncə Regional Periodontal Mərkəz

2. A.Səhhət adına Gəncə şəhər uşaq xəstəxanası

3. Gəncə Şəhər Səhiyyə İdarəsi .

4. Gəncə Ruhi –Əsəb dispanseri.

Elxan Hüseynovun qanunsuz əməlləri bununla bitmir. Onun Şəmkirdə fəaliyyət göstərən Sevinc Mərdanovaya məxsus çörək sexinin əməkdaşı Dilqəm Zeynalovun başına gətirdiklərini bölgədə çoxları bilir. Qanunsuz olaraq ona cərimə yazılıb, buna dair heç bir akt tərtib olunmayıb. Qəbz verilməyib. Bu azmış kimi, hələ əlavə olaraq onlardan küllü miqdarda rüşvət də alınıb. Ümumiyyətlə, Elxan Hüseynovun əməlləri bununla bitmir.

İndiyədək eşitməmişəm ki, hansısa məmur xadimənin maaşına göz diksin. Amma Elxan müəllim, həm  idarənin  və eləcədə şəxsi evə çevirmiş olduğu 2-ci mərtəbənin də xadiməsi olan, kasıb və qaçqın qadının məvacibinin tən yarısını – yüz manatın əllisini özünə götürməyi də "unutmur”.

Güman edirik ki, Energetika Nazirliyində kimsə bunları oxuyub, Elxan Hüseynov haqqında ölçü götürəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Demokratik.Az

Oxşar xəbərlər