İki sabiq nazirlə bağlı müdhiş həbs planı - niyə səhlənkarlıq maddəsi?

  • 19 dek 2015, 11:22

MTN və Rabitə Nazirliyindəki istintaqla bağlı şok xəbərlər; Eldar Mahmudovdan sonra sabiq rabitə naziri Əli Abbasov barəsində də faktiki ev dustağı edilməsi barədə qərar verilib; indi istintaqın işi o qədər qəlizləşib ki, RTYN-də həbs edilənlər həm də MTN işi üzrə istintaqa da ifadə verməli olurlar; YAP funksioneri: "hər iki keçmiş nazir həbs olunacaq...” 

 

Sabiq milli təhlükəsizlik, eləcə də işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri (RYTN) haqda həbs qərarı hazırlanır. Məlumata görə, Eldar Mahmudovdan sonra sabiq rabitə naziri Əli Abbasov barəsində də faktiki ev dustağı edilməsi barədə qərar verilib.

Maraqlıdır ki, Ə.Abbasovun uzun illər rəhbərlik etdiyi nazirlikdə MTN generalları da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Yəni indi istintaqın işi o qədər qəlizləşib ki, RTYN-də həbs edilənlər həm də MTN işi üzrə istintaqa da ifadə verməli olurlar. MTN işinə görə həbsdə olanların bəziləri isə Rabitə Nazirliyindəki istintaqda da dindirilirlər. Çünki RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də MTN-in sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.

Eldar Mahmudovu "fağır nazir” kimi tanınan Əli Abbasovla birləşdirən başqa ilginc faktlar da istintaqa məlum olub. Belə ki, son illər Ə.Abbasov da xeyli müstəqilləşmiş, Mahmudovun Prezident Administrasiyası ilə konfliktlərdə tərəfə çevrilmiş, vergi və audit yoxlamalarını ciddiyə almırmış. Məhz bu səbəbdən də nazirlikdə və ona tabe idarə-müəssisələrdə korrupsiya tüğyan edirmiş. Əli Abbasov "Mahmudovun prezidentin göstərişi ilə hərəkət etdiyinə” inanırmış və MTN şefinə çox güvənirmiş. Mahmudov isə əksinə, Ə.Abbasova heç vaxt lazımınca güvənməyib, onu zəif xarakterli hesab etdiyindən nazirlikdə özünə daha etibarlı əlaqələr qurub.

Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Başlanmış cinayət işi üzrə RTYN-in 10-dan çox əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.

Dekabrın 4-də Beynəlxalq Bankın İdarə Heyətinin həbs edilən sabiq sədri Cahangir Hacıyev "Eldar Mahmudov haqda ifadə verməmişəm” desə də, qudaların kreditlərin mənimsənilməsində əlaqələri üzə çıxarılması istiqamətində intensiv iş gedir. C.Hacıyevin hələ də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasının səbəbi həm də bu əlaqələrin çözülməsi ilə bağlıdır. 

İstintaqdan bilgili mənbənin sözlərinə görə, C.Hacıyev qudasının kreditlərin verilməsində suçsuz olduğunu həqiqətən də israrlı şəkildə rədd edir. Bu isə daha çox C.Hacıyevə əvvəlcədən hazırlaşdığı  "ev tapşırığı” hesab olunur. 

Yəni mart ayından dekabradək azadlıqda qalan C.Hacıyev E.Mahmudovu "Beynəlxalq Bank işi”nə qatmamağa çalışsa da, MTN-dəki həbslərdən sonra bu kifayət qədər çətinləşib. Çünki bir neçə sahibkar MTN-in təcridxanasından qurtulmaq üçün borclarını Beynəlxalq Bankdan "götürülmüş” kreditlərlə ödəyiblər. Belə xəbərlər var ki, həbs edilən keçmiş "mahmudovçular” sahibkarlardan kredit sənədinə qol çəkməklə azad edildiklərini istintaqda etiraf ediblər. Yəni C.Hacıyevin qudasını istintaqın əlinə verməməsi prinsipcə, E.Mahmudovun gələcək taleyində heç nəyi dəyişmir.

Daha bir sensasion məlumat budur ki, hər iki sabiq nazir ilkin olaraq səhlənkarlıq maddəsi ilə həbs ediləcəklər. Çünki hər iki nazirlikdə həbs edilənlərin arasında 6-7 general (MTN), idarə və müəssisə (RYTN) rəhbərləri var. Bu səviyyədə ağır cinayətlərdə sabiq nazirləri "təmiz saxlamaq” cəhdi varsa, bu yenə də onları məsuliyyətdən yayındırmır. Cinayət Məcəlləsində bununla bağlı səhlənkarlıq maddəsi var. Onların ilkin olaraq səhlənkarlıq maddəsi verilməsi iqtidarın da marağındadır. Bu, hər iki quruma nəzarət edən digər orqanların da maraqlarına uyğundur. Onları konkret cinayətlərə görə yox, səhlənkarlığa görə həbs edilməsi "hara baxırdılar” iradları ilə üzləşənləri də rahatladır. İstintaqda isə sabiqlərə ağır ittihamlar irəli sürülə bilər...

 



Yeri gəlmişkən, YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində sabiq nazirlər haqqında da danışıb. "Bəziləri yolunu azdı, tamah ardınca başqa istiqamətə getdi. Biz də bu gün şahidi oluruq ki, həmin insanlar cəzalandırılır. Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşır. 

Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da, cinayət də var və sair. İndi bununla bağlı istintaq gedir və nəticəsi məlum olacaq. Onların verdiyi ifadələr göstərəcək ki, hər iki keçmiş nazir həbs olunacaq, ya yox”deyə, YAP funksioneri bildirib. S.Novruzov  aidiyyəti orqanların məsuliyyəti haqda da danışıb. "Aidiyyəti strukturlar gərək vaxtında o qurumlardakı halları görüb, məsələ qaldıraydılar ki, bunlar daha da dərinə getməsin” deyib...

"Yeni Müsavat”
Oxşar xəbərlər