Gəncənin deputatı Rəsulzadəni vətən xaini adlandırdı

  • 01 dek 2015, 21:33

İctimaiyyətdən Naqif Həmzəyevə sərt təkpi - deputat sosial şəbəkələrdə "linc" edildi...

Gəncədən seçilən deputat Naqif Həmzəyev Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında təhqiramiz ifadələr işlədib, onu vətən xaini adlandırıb. 
Müsavat.com saytının əməkdaşının suallarına cavab verən Həmzəyev jurnalistin "Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?" sualına belə cavab verib: "Niyə Rəsulzadənın büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar. …Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. …Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında  təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cumhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?! Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur. Cumhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində "İstiqlal" parkı açılıb. 
…Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub... Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub,  onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?...
Siz 28 May günü Gəncəyə gəlsəniz görərsiz ki, biz necə bayram keçiririk. Hətta on yerə əklil qoyuruq…".
Qeyd edək ki, deputatın bu açıqlaması ictimaiyyətin kəskin etirazlarına səbəb olub, sosial şəbəkələrdə Naqif Həmzəyevin ünvanına sərt ittihamlar, hətta təhqiramiz ifadələr işlədilib. Deputat özü isə ifadələrinin təhrif olunduğunu deyib. Amma saytın rəhbərliyi N.Həmzəyevin bu çıxışı ilə bağlı təkzibedilməz sübutlar olduğunu bəyan edib. M.Ə. Rəsulzadənin nəvəsi Rais Rəsulzadə isə deputatın bu çıxışına görə  məhkəməyə müraciət edəcəyini bəyan edib.
Demokratik.Az
Oxşar xəbərlər