Akif Çovdarov İlham Əliyevə müraciət edəcək

  • 21 noy 2015, 19:08
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin xüsusilə ağır cinayətlərdə (qətl, banditizm, vətəndaşların qanunsuz həbsi və s.) ittiham olunaraq həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarov prezident İlham Əliyevə müraciət etmək niyyətindədir.

 

Bu barədə virtualaz.org saytına A.Çovdarovun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, A.Çovdarov dövlət başçısına müraciətində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarından şikayət etməyə hazırlaşır.

Vəkil bildirib ki, Akif Çovdarovun müdafiəçiləri generalın saxlandığı 1 saylı İstintaq Təcridxanasına daxil olarkən əsassız olaraq axtarışlara məruz qalırlar. Müdafiəçiləri bu haqda A.Çovdarova məlumat verəndən sonra general bununla bağlı dövlət başçısına müraciət etməyi qərara alıb.

Məlumatı verən vəkilin sözlərinə görə, bu cür ciddi yoxlamalar digər təqsirləndirilən şəxslərin müdafiəçilərinə qarşı aparılımır: 

"Ciddi yoxlamalar aparırlar, ən əsası isə odur ki, sənədləri də alırlar, bir-bir vərəqləyib oxuyurlar, hamısına baxırlar, kserosurətini çıxarıb rəhbərliyə təqdim edirlər. Halbuki "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə əsasən peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanmış sənədlər və digər sübutlar istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən isə virtualaz.org saytına bildiriblər ki, A.Çovdarovun və onun vəkillərinin bu şikayətinin heç bir əsası yoxdur: 

"Akif Çovdarov və digərləri 1 saylı İstintaq Təcridxanasında milli qanunvericiliklə müəyyən olunmuş daxili nizamnamə qaydalarına uyğun saxlanılırlar”.

Xatırladaq ki, Akif Çovdarov ifşa edilərək vəzifədən çıxarılmış sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun "şəxsi kassiri” və "boz kardinal”ı olub. A.Çovdarov uzun illər boyu ictimai xadimlərə, jurnalistlərə və iş adamlarına qarşı qanunazidd əməllər törətməsi ilə "məşhurlaşıb”.
Oxşar xəbərlər