POLKOVNİK İŞDƏN QOVULDU – Zakir Həsənov mayoru necə “general” edib?

  • 11 noy 2015, 00:17

Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, Hava Qoşunlarının komandan müavini polkovnik-leytenant Tofiq Abbasov vəzifəsindən azad edilib.
AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun təqdimatıyla Prezident İlham Əliyev bununla bağlı əmr imzalayıb.

Tofiq Abbasovun maraqlı iş tarixçəsi var. O, Sovet ordusunda baş leytenant olduğu vaxt təxris olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Abbasov Daxili Qoşunlarda hərbi xidmətini davam etdirməyə başlayıb və mayor rütbəsinə kimi yüksəlib.
Zakir Həsənov Müdafiə naziri vəzifəsinə təyin olunandan sonra o da nazirliyi dəyişib və MN-də fəaliyyətə başlayıb. General-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinə komandan, eyni zamanda müdafiə nazirinin müavini təyin olunandan sonra isə T.Abbasovla bağlı gözlənilməz əmr imzalanıb: mayor rütbəli şəxs birdən-birə general vəzifəsinə – Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, Hava Qoşunlarının komandan müavini təyin olunub.
Bir müddət sonra T.Abbasovu oxumaq üçün Çinə göndəriblər və ona polkovnik-leytenant rütbəsi veriblər. Ona belə bir jestin edilməsi təsadüfi deyil. Belə ki, T.Abbasov tabeçiliyində olduğu Ramiz Tahirovla tələbə yoldaşı olub, onlar Kiyevdə birlikdə hərbi təhsil alıblar. Yəqin, nazirlikdə T.Abbasova qarşı xüsusi münasibətin göstərilməsinin, fantastik sıçrayışın kökündə də onun nazir müavini ilə yaxın əlaqələri dayanır. Amma görünür, Ramiz Tahirov sona qədər bu təcrübəsiz hərbçini qoruya bilməyib.
Saytımıza daxil olan məlumatda bildirilir ki, T.Abbasovun vəzifəsindən uzaqlaşdırılmasına və aşağı rütbəli posta təyin olunmasına səbəb onun işinin öhdəsindən gələ bilməməsi olub.

Qeyd edək ki,2 gün öncə Müdafiə Nazirliyində vacib postlardan birinin rəisi – Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polkovnik Ağalar Manafovu tutduğu vəzifədən azad edildiyinədairməlumat yayılmışdı.
Ağalar Manafov hərbi sistemdə məşhur simalardan biridir. Onun işdən çıxarılması işində verdiyi nöqsanlarla əlaqələndirilir. Son vaxtlar nazirliyə edilən zənglərin qanunsuz olaraq dinlənilməsi və bununla bağlı hərbiçilərin narazılığı, çoxsaylı müraciətlətin edilməsi də polkovnikin "vurulmasına” səbəb kimi göstərilirdi.

Ancaq bu gün Müdafiə Nazirliyi bunu təkzib edib:"XTİ heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur”.
Bəzi kütləvi informasiya vasitələri "Gizli dinləmələrin qalmaqalı” sərlövhəli "sensasiya” yazıları yayıblar.
Müdafiə Nazirliyi bildirir ki, yazılarda bəhs edilən Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.
Onun məlumatda qeyd olunan Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.
Bu barədə oxu.az-a Azərbaycan MN-dən bildiriblər.
Qurumdan qeyd ediblər ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi (XTİ) heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur.
"Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır”, – deyə, bəyanatda qeyd olunur.

Oxşar xəbərlər