Göyçayda X Nar bayramı keçirildi

  • 08 noy 2015, 12:16

 

Noyabrın 7-də Göyçay rayonunda X Nar bayramı keçirilib.

 

 

APA TV-nin yerli bürosunun xəbərinə görə tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor nümayəndələri, beynəlxalq təşkilat əməkdaşları, iş adamları, ümumilikdə 15 minə yaxın insan iştirak edib.

 

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edib. Bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq ənənəvi olaraq hər il Göyçayda Nar bayramı keçirilir. Nazir müavini qeyd edib ki, Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür.

 

Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Parkında təşkil olunan sərgi stollarına yaxınlaşaraq, isti təndir çörəyinə, müxtəlif sortdan olan narlara və onlardan hazırlanan məhsullara, eləcə də motal pendiri, yuxa, kətə və döşəməli plova, müxtəlif şirniyyatlara qonaq olublar. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıb, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

 

Festivalda müxtəlif müsabiqələr də keçirilib. Ən böyük və ən kiçik narın sahibinə, giləsini yerə salmadan ən tez nar yeyən adama, ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilib. Məhəmməd Füzulinin "Meyvələrin söhbəti” əsəri əsasında hazırlanan tamaşa təqdim olunub, narboll oyunu keçirilib. Sonra əllərində Azərbaycanın üçrəngli bayrağı olan rayon gənclərinin musiqi sədaları altında Heydər Əliyev prospektində yürüşü olub. Nar ilə dolu yük avtomobillərinin paradı marağa səbəb olub. Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və atəşfəşanlıq olub.