MSK sədri Rusiya Dövlət Dumasının komitə sədri ilə görüşdü

  • 02 noy 2015, 00:09

 

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski noyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

 

MSK-dan APA-ya verilən məlumata görə, Rusiyalı qonağı salamlayan MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilər günündə keçirilən görüşdən məmnunluğunu ifadə edib. Eyni zamanda vurğulayıb ki, rəhbərlik etdiyi qurum hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə əhəmiyyət verir.

 

Leonid Slutski Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu və səmimi qəbula görə təşəkkürünü bildirib. Rusiya Dövlət Dumasının komitə sədri qeyd edib ki, gün ərzində müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etdiyinin şahidi olub. Bu günkü seçkilər bir daha göstərdi ki, Azərbaycanda keçirilən seçkilərdə ilbəil daha böyük irəliləyişlərə nail olunur.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.