Azərbaycanda icra başçıları nə qədər maaş alırlar? — SİYAHI

  • 27 may 2015, 20:37

Ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, Azərbaycandakı bəzi məmurlar vəzifə səlahiyyətlərdən sui-istifadə etməklə sürətlə var-dövlət toplamağa çalışırlar. Belə məmurlar arasında yerli (şəhər və rayon) İcra hakimiyyəti orqanlarına rəhbərlik edən vəzifə sahibləri də var. Mövcud vəziyyətdə icra başçıları, onların və tabeliklərindəki işçilərin aldıqları maaşın məbləği də ictimaiyyət üçün maraqlıdır. 

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan yerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı verilən məlumatları təqdim edir:

Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.

Yerli İcra Hakimiyyəti orqanı başçısının müavininin maaşı  Gəncə və Sumqayıtda 770 manat, əhalinin sayı 100 min nəfərdən çox olduqda 750 manat,  əhalinin sayı 50-100 min nəfər olduqda 735 manat, əhalinin sayı 50 min nəfərdən aşağı olduqda 720 manat təşkil edir.

Yerli icra hakimiyyəti başçısının şöbə müdirlərinin maaşı  Gəncə və Sumqayıtda 460 manat, əhali 100 min nəfərdən çox olan rayonlarda 440 manat, əhali 50-100 min nəfər olduqda 430 manat, əhali 50 min nəfərdən az olduqda 420 manatdır.

İcra hakimiyyətlərində şöbə müdirlərinin müavinləri Gəncə və Sumqayıtda 385 manat, əhali 100 min nəfərdən çox olduqda 380 manat, əhali 50-100 min nəfər olduqda 375 manat, əhali 50 min nəfərədək olduqda 370 manat məvacib alır.

Sektor müdiri, baş mühasiblərin maaşı yerli icra orqanlarından asılı olaraq 325-340 manatdır. İcra başçısının köməkçisi və baş məsləhətçi üçün 300-315 manat, böyük məsləhətçi üçün 295-310 manat, aparıcı məsləhətçi üçün 290-305 manat, məsləhətçi üçün isə 285-300 manat əmək haqqı müəyyən edilib.

İcra başçılarının özlərinə gəldikdə isə modern.az-a məlum olub ki, onlar  900-1000 manat arası maaş alırlar.

Dövlət Qulluğu Komissiyasından verilən məlumatda Bakı Şəhər İcra Hakimiyyətinin işçilərinin maaşı ilə bağlı da məlumatlar öz əksini tapıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1-ci müavininə aylıq 1200 manat, müavinlərinə 1150 manat, aparat rəhbərinə 940 manat məvacib təyin edilib.

Bakı şəhər İcra Hakimiyyətində təminedici şöbənin müdiri üçün 870 manat, yardımçı şöbənin müdiri üçün 760 manat, təminedici şöbənin müdir müavini üçün 750 manat, yardımçı şöbənin müdir müavini və rəhbərin köməkçisi üçün 720 manat maaş müəyyən edilib.

Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan orqanların rəhbərlərinin (Reklam, Nəqliyyat, və s. şöbələr) maaşı isə 540 manatdır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında sektor müdiri, baş mühasib 580 manat, baş məsləhətçi 530 manat, böyük məsləhətçi 520 manat, aparıcı məsləhətçi 510 manat, məsləhətçi 500 manat alır.

Hacıbala Abutalıbovun maaşı 1450 manat göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının "Dövlət Qulluğu haqqında” qanununa əsasən, yerli İcra hakimiyyətlərində çalışanlar, icra başçısı istisna olmaqla dövlət qulluqçusu hesab olunur. İcra başçıları, həmçinin nazir və komitə sədrləri  siyasi təyinatlı vəzifə sahibləridir və dövlət qulluqçusu statusuna sahib deyillər.

Qanunla icra orqanlarında çalışan dövlət qulluqçuları, o cümlədən siyasi vəsifə sahibləri olan icra başçıları, nazirlər, komitə sədrləri biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər.

Demokratik.Az Modern.Az-a istinadən yuxarıda sadalanan faktları sizlərin diqqətinə çatdırdı.