RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?

  • 11 dek 2019, 08:39

Azərbaycanda yeganə aqrar təhsil ocağı olan ADAU-da tədrisin keyfiyyətinə və tələbə-müəllim mühitinə mənfi təsir göstərən halları sadaladıqca sanki bitməz hala gəlir. Universitetdə rektor İbrahim Cəfərova bağlı süni nöqsan və çatışmazlıqların həlli gecikdikcə həndəsi silsilə olaraq artmağa, problemlər daha dərin köklər atmağa meyl edir.

"Demokratik.Az"-ın məlumatına görə, bir müddətdir saytımızda yer alan tənqidlər universitetdə qaynayan aşınmalı tənəzzülün çox cüzi hissəsidir və kələfin ucunu dartdıqca faktlar corabın söküyü kimi daha dərinə işləyir.

ADAU-nun axsadılan tədrisindən daha bir ciddi və müəmmalarla müşahidə olunan xəbər almışıq. Məlumata görə, ADAU rektorunun yarıtmaz idarəçiliyi və şəxsi məqsədli "kadr siyasəti" ucbatından universitetdə "tyutor xaosu" da yaşanır. Xaotik durum tələbələrin rahat və səmərəli təhsil almasına, müəllimlərin də dərs tədrisinə süni maneələr yaradır.

Adlarının açıqlanmasını istəməyən bir qrup tələbə və müəllimin "Demokratik.Az"-a verdiyi məlumata görə, tələbələr bu mövcudatdan yetərincə yararlana bilmirlər. Tədrisə bilavasitə cavabdeh olan prorektorlar, dekanlıq və kafedralar - ümumilikdə 500-dən artıq professor-müəllim heyəti də hazırki "tyutor" xidmətindən təngə gəliblər. 

Diqqətçəkən ən önəmli nüans həm də odur ki, ADAU-nun "tyutorlar komandası" İbrahim Cəfərovun şəxsi istəkləri ilə nədənsə daha çox xanımlardan formalaşdırılıb. 

"Tyutorlar komandası"nın tərkibindən aydın olur ki, rektorun təlimatdankənar təyinatı ilə gender bərabərliyi də aşkar pozulub. Universitet sanki matriarxal təşəbbüslərə keçid edib. 

ADAU-da fakültələr üzrə tyutorların say tərkibi aşağıdakı kimidir:

Aqronomluq - 6 (4 xanım, 2 oğlan)

Aqrotexnologiya - 3 (xanımlar)

Aqrar İqtisadiyyat - 3 (2 xanım, 1 oğlan)

Aqrobiznes və İdarəetmə - 5 (3 xanım, 2 oğlan)

Mühəndislik - 6 (xanımlar) 

Baytarlıq və Zoomühəndislik - 7 (6 xanım 1 oğlan) 

Göründüyü kimi, universitetdə ümumilikdə 30 akademik məsləhətçi var ki, bunlardan da 80%-i (24-ü) rektorun şəxsi seçimilə xanımlardır. Say tərkibi gender bərabərliyinin qəsdən pozulması halı kimi müşahidə olunur.

Tyutorlar ADAU-nun tədris şöbəsinə bağlı olsa da, hazırda hamılıqla rektorun köməkçisi Rüfanə Əliyeva tərəfindən kurasiya edilir. Tyutor xanımlardan bir neçəsinin Rüfanə Əliyeva ilə "rəfiqə" olmaları da diqqət cəlb edir. 

Rektor onların işə qəbulunda Təhsil Nazirliyinin və AMEA-nın müvafiq təlimatını heçə sayıb. Belə ki, rektor köməkçisi Rüfanə Əliyevanın və bir neçə yaxınının məsləhətilə işə alınan tyutorların ali təhsilli (azından bakalavr) olub-olmamaları, bacarıq və təcrübə da nəzərə alınmır. Hətta, ADAU-nun magistr şöbəsinin tələbələrinin tyutoru Orxan Qasımzadənin də ali təhsili yoxdur.

Bu universitetdə də boloniya sisteminin təşviqi, kredit sistemilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədilə yaradılan akademik məsləhətçilik (tyutorluq) rektorun diqtəsi səbəbilə düzgün təşkil edilməyib. Müvafiq təlimatda tyutorların seçimi bu sahə üzrə təcrübəsi olan və ali təhsilli şəxsləri nəzərdə tutsa da, ADAU-nun bir çox tyutoru üçün zəruri hallar istisna edilib.     

Tyutorların rəhbərlik tərəfindən istismar edilərək sosial şəbəkədə rektora tərifnamələr səsləndirmələri, aşkar "trol"a çevrilmələri isə gələcək aqrar mütəxəssislərin cəmiyyətə şəxsi ideya və bacarıqlarının inteqrasiyası baxımından üzücü və "təhlükəli" məqamlardandır. Və onlar məqsədli tapşırıqlarla özlərinə aid olmayan digər qeyri işlərə də cəlb edilirlər. Amma yeni tyutorların sələfləri kimi ən böyük xoşbəxtlik şansları da var ki, bir neçə il sonra tyutorluqdan birbaşa müəllimə çevrilə bilərlər. Araşdırılarsa, hazırda bir neçə müəllimin hansı standartlarla və necə tyutorluqdan müəllimə çevrilmələri ortaya çıxar.

Məlumata görə, ADAU tyutorları, xüsusilə başda rektor köməkçisi - "baş tyutor" Rüfanə Əliyeva istədikləri dərs saatında özlərinə ayrıca "davamiyyət kitabçaları" tutaraq dərs prosesi gedə-gedə tələbələrin davamiyyətini qeydə alır, dekanlığın "qaib" işlərinə baxırlar. Nəticədə "qaibli" tələbələr tyutorun köməyinə deyil, valideynlərinin dekanlığa "yalvarışlarına" vəsilə olurlar.

Fürsətdən istifadə edib əslində tyutorların rəsmən üzərlərinə düşən vəzifə öhdəliklərini hamının nəzər-diqqətinizə çatdırırıq.  

Tyutorlar;

* tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;

* tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
* tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
* Fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər
* tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
 * yay semestrinin təşkilində iştirak edirlər.

Bəs, ADAU tyutorları bunlardan hansıları edir?

Başqa sözlə, tyutorlar sadəcə tələbəyə kömək məqsədilə işləməlidir ki, bu hal ADAU üçün dolayısıyla yaddır. Tələbələrə qayıb yazmaq, kimisə dərsdən qovmaq, tələbələrin üzərinə qışqırmaq, təhsil haqqının tələb edilməsi, sosial şəbəkədə rektorun və universitetin şablon cümlələrlə təriflənməsi, müəllimlərə və ya dekanların nəzarəti işlərinə təzyiq edilməsi TYUTORUN VƏZİFƏSİNƏ AİD DEYİL VƏ BUNLAR QANUNLA QƏTİ QADAĞANDIR!

Əslində, belə problemli məsələlər həm Kənd Təsərrüfatı Nazirliyinin və Təhsil Nazirliyinin başbilənləri tərəfindən saymazyana qarşılanır deyə, təhsil ocağında özbaşınalıqlara münbit şərait yaradır. 

Hər iki nazirliyin "müştərək "kurasiyasında olan ADAU-dan və qeyri-novator rektorun fəhimsizliyindən nə yazsan sonluğunun daşa dirənəcəyini öncədən bilmək də təəssüfedicidir. 

Ölkənin təhsil strategiyasına və cənab prezidentin aqrar mütəxəssis hazırlığına diqqət və qayğısına səmimi sayğısı olan aidiyyatı şəxsləri, xüsusilə bütün haqlı tənqidlərimizə nədənsə loyallıq sərgiləyən KT naziri cənab İnam Kərimovu ADAU-da rektorun biabırçı tyutor təyinatlarına diqqət ayırmağa, sadalanan faktları araşdırmağa çağırırıq.

Digər nöqsanlara "cəhənnəmə ki"- desəniz də, bari ADAU-da tyutor seçiminiz qanuna və əxlaqa söykənsin, cənablar!..

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər