Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR

  • 18 noy 2019, 13:43

Bəzən elə hadisə və olaylar olur ki, ətrafındakı insanların həyatına sinə dağı çəkir, illər ötsə də unudulmur, adama mənəvi iztirablar verir, təkrar təftişə və diqqətə ehtiyac duyur. 

6 aprel 2014-cü ildə Göygöl rayonunun Topalhəsənli kəndində bir ailə başçısının həyatına mail olan, ölkə mediasının gündəminə yansımayan, detalları hələ də ictimaiyyətdən gizlədilən bədbəxt bir hadisə kimi...

Həmin gün Göygöl rayon Suvarma Sistemləri İdarəsinin balansında olan "Topalhəsənli-3" su nasos stansiyasının dam örtüyünü təmir edən kənd sakini Taleh Ağamirzə oğlu Məhərrəmov qəfil hündürlükdən yıxılıb, 14 gün sonra - 19 aprel 2014-cü ildə isə aldığı ağır bədən xəsarətlərilə Bakı Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib. 20 aprel 2014-cü il tarixli 04 saylı ekspertiza rəyinə görə, mərhum boyun fəqərələrinin sınması və onurğa-beyin zədələnməsi diaqnozundan həyatını itirib.

Gündəlik çörəkpulu qazanmaq dərdindən Göygöl Suvarma Sistemləri idarəsinin yarıtmaz rəisi İlqar Məhərrəmovun bütün şərtləri və göstərişlərinə razılaşan zavallı fəhlə öz işini yerinə yetirərkən "həftənin istirahət günü"nə qurban gedib... 

"Demokratik.Az" xatırladır ki, üzüntülü olayın ardından Göygöl rayon prokurorluğunda AR CM-nin 162.2-ci maddəsi üzrə müvafiq "CİNAYƏT İŞİ" başlansa da sonradan istintaq "müəyyən edib" ki, mərhumun ölümünə "Təşkilat, İdarə və Müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin tələblərinin pozulması səbəb olub. "Cinayət işi"nin istintaqını isə həmin illərdə rayon prokurorunun köməkçisi olmuş və sonradan yol verdiyi ciddi nöqsanlara görə işindən uzaqlaşdırılmış Rövşən Əmrahov çox maraqlı məcrada aparıb.

Həmin hadisənin "cinayət işi" üzrə iş materiallarından görünür ki, mərhumun ölümündə heç kəs cəzalandırılmamış, hətta qeyri-rəsmi göstəriş və davranışlarla olaya şərait yaradan "cuvar" İlqar Məhərrəmov özü belə işə şahid qismində cəlb edilməklə "ölüm işi"ndən sıyrılıb "süddən çıxan ağ qaşıq" kimi tam kənarda saxlanılmışdır.

Kənd sakinlərinin və mərhumun yaxınlarının da dediyinə görə, olaya hüquqi qiymət verilərkən Göygöl SSİ-nin rəisinin cəzasız qalması ədalətli deyil. Belə ki, aşağıda sadalayacağımız bəzi detallar olaya əsas olan işin sifarişçisi olmuş vəzifəli şəxsin - İlqar Məhərrəmovun istintaqda AR CM-nin 162.2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə zəmin və əsaslar olduğunu xatırladır.

Rəsmi və digər təkzibedilməz məlumatlara görə, 2013-cü ilin avqustun 12-də Göygöl Suvarma Sistemləri İdarəsinə rəis gələn İlqar Məhərrəmov planlaşdırdığı bir sıra maliyyə və statistik maxinasiyaların tərkib hissəsi kimi diqqətini Topalhəsənli kəndində yerləşən "Nasos-su" stansiyalarının "təmirinə" yönəldib. Bu məqsədlə Gəncə çayından Göygöl şəhərinin ətrafında yerləşən üzüm bağlarının və əkin sahələrinin suvarılmasını "təmin edən" bütün stansiyaların təmirinə göstəriş verib. İdarənin 30 dekabr 2013-cü il tarixli əmrlə "2014-cü il üçün əsaslı təmir planı"nı təsdiq edib. Bir neçə subyektə təmir adı altında hər birinə ilkin halda təxminən 5-6 min (beş-altı min) manat olmaqla smeta tutdurub. 

Bu minvalla 2014-cü ilin aprelin əvvəlində Topalhəsənli kəndində ucuz işçi qüvvəsi axtaran rəis 3 saylı Topalhəsənli "Su-nasos stansiyası"nın maşinisti Müslüm Məmmədovun məsləhətilə mərhum Talehin evinə gedib. Və danışıb razılaşaraq həmin stansiyanın dam örtüyünün təmirini adıçəkilənə həvalə edib. İşə görə usta və fəhləsinə 1000 (bir min) manat vəsait ödəyəcəyini vəd edən İlqar Məhərrəmov aprelin 4-də iş üçün lazım olan bütün zəruri tikinti materiallarını stansiyaya gətirdib. Talehdən təcili işə başlamağı istəyib. 

Mərhum da işə 4 apreldən başlayıb və işin xeyli hissəsini 5 apreldə yekunlaşdırmaq üzrə olub. Həmin günlərin birində də qeyri iş günü (şənbə) olsa da, stansiyaya dəfələrlə baş çəkən İlqar Məhərrəmov işi durdurmayıb. Və olaydan sonra istintaqa şahid qismində izahatlar verən kənd sakini Teyyub Əliyevin dedikləri də olaya əvvəldən real zəmin yaradılmasını isbat edir. Yoxsa, səhlənkar məmurun məsuliyyətdən qaçması üçün mərhumu bazar günü guya özbaşınalıq etməkdə, icazəsiz iş görməkdə suçlamaq hansı məntiyə, hansı insanlığa sığıb?! Öz işində bir dəfə olsun müqavilə bağlamayan fəhləni ölümündən sonra rəsmiyyətsizlikdə hallandırmaq sizcə nə deməkdir? Bəlkə, İ.Məhərrəmov istintaqa deyəydi ki, mərhum icazəsiz işləmək üçün hətta bütün tikinti materiallarını da stansiyaya özü alıb daşımışdı? 

Hadisənin məntiqi göstərir ki, İlqar Məhərrəmov istintaqda ağ yalan danışıb. Və istintaq da həmin vaxt küllü miqdarda borca düşən bir rəisin dediklərinə "inanıb".

Sadə məntiqlə də düşünərkən aydın olur ki, SSİ rəisi " texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları"nı əslində bilərəkdən pozub. Ustanın ölümünə dolayısı yollarla şərait yaradıb və buna görə cavab verməlidir. Gedişat göstərir ki, İ.Məhərrəmov hadisəyə qədər məsuliyyətsizliyə yol açan nöqsanlı davranışlar edib. Bundan başqa, istintaq zamanı da müəyyən edildiyi kimi, tərəflər arasında qısaamüddətli heç bir "əmək müqaviləsi"nin olmaması vəzifəli şəxsin şəxsi məqsədlərə dayanan günahına işarətdir. 

Əslində araşdırılmalıdır ki, ümumiyyətlə SSİ rəisi bu kimi hansı işlərdə və ştatdankənar günəmuzd hansı işçilərlə "əmək müqavilələri" bağlayıb, hansı vacib əmək təlimatlarına indiyədək əməl edib? 

Şahid ifadələrinə və mərhumun yaxınlarının dediklərinə əsasən bildiririk ki, Taleh Məhərrəmovun yıxılmasının əsas səbəbi stansiyanın dam örtüyünün kərən arasını hörərkən köhnə nərdivanın yuxarı pillələrindən birinin qırılması olub. Mərhum günorta saatlarında növbəti dəfə palçıq vedrəsi əlində dam örtüyünə çıxarkən yıxılıb. Nərdivan isə hələ də başıbəlalı stansiyada gözdağı kimi "qorunub-saxlanılan" çürük nərdivan olub. 

Əlavə məlumat üçün onu da bildirək ki, Topalhəsənlidə yerləşən həmin Su-nasos stansiyası və qeyriləri 2014-cü ildən təmirə dayansa da, Göygöl SSİ-nin sənədlərində nədənsə 2016-cı ilin yanvarında istifadəyə verilib. Bu azmış kimi, idarə rəisi həmin stansiyaları tam "yeni" kimi təqdim edib.

Əldə etdiyimiz əlavə bilgilərə görə, hadisə olan stansiya və qeyriləri 15 mart 2006-cı il tarixli 83 saylı qərarı ilə və Xanlar (hazırki Göygöl) rayon İHB-nin işçilərindən də ibarət komissiyanın tərtib etdikləri 24 iyun 2006-cı il tarixli " İnventarlaşdırma Aktı" üzrə Topalhəsənli bələdiyyəsinin balansından alınaraq Göygöl SSİ-nin balansına verilib. Aldığımız məlumata görə, həmin stansiyalarda sənəd üzərində görünən "istismara yararlı motor"lar tam yararsız vəziyyətdədir.

Əhmədzadəni hər il nələrisə "təmir etmişəm" adı ilə aldadan məmurun 3 il əvvəl çəkiliş-reklam xatirinə sözügedən yararsız nasos stansiyalarına transformatorlar da quraşdırdığı, yalandan podra-kraska yaxdırdığı iddia edilir. İllərdir ki, Topalhəsənlidə olan 3 ədəd su nasos stansiyasından yararsız ikisinə havayı elektrik xərcləri, fəhlə və maşinistlərinə maaşlar yazıldığını bilməyən çox az adam qalıb. Təbii yolla suyu mənsəbinə, əsasən üzüm bağlarına ötürən SSİ rəisinin işlək nasoslar adı ilə hansı maddi məqsədlərə hizmət etdiyini anlamaq indi çətin deyil. Sadəcə, İlqar Məhərrəmovun maxinasiyalarından yararlanmaqda olan "Əhmədlər"ə belə sərf edir.

Bir ölümdə adı hallanan İlqar Məhərrəmovun və arxasında duran "Əhmədlərin" vicdan səslərinin gur çıxacağı, çirkin əməllərlə dövlət büdcəsini işləməyən motorlara "sümürtdürüb" pul-qazanc əldə etməyin mənəvi dəyərlərdən daha üstün olmadığını anladıqları günü görmək ümidilə...

Osman Nərimanoğlu 

FOTOLAR MÜƏLLİFİNDİR:

 






  

Demokratik.Az

     

Oxşar xəbərlər