“MTN çetesi”nin ifşasının 4 ili

  • 19 okt 2019, 09:44

İlham İsmayıl: "Eldar Mahmudovun dövründə az qala dəllək butkasından da xərac tələb edirdilər”

2015-ci ilin 17 oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (indiki Dövlət Təhlükəsizlik Xidməti) ciddi kadr dəyişiklikləri yaşandı, həbslər oldu. Nazir Eldar Mahmudov vəzifəsindən çıxarıldı. Həmin gündən  "MTN çetesi” ətrafında gedən müzakirələr səngimək bilmir. Bu da səbəbsiz deyil...

Belə ki, vəzifəsini itirsə də, E.Mahmudov "kəfəni yırtdı”, yəni həbs olunmadı. Keçən 4 il ərzində təhlükəni aradan qaldırdığını düşünsək, sabiq nazirin bundan sonra həbs olunacağı ehtimalları olduqca azdır.

Bundan əlavə, son 4 ildə DTX-də nələrin baş verdiyi, hansı işlərin görüldüyü də müzakirələr sırasındadır. E.Mahmudovdan sonra təhlükəsizlik orqanının başına gətirilən Mədət Quliyev aylar öncə Əli Nağıyevlə əvəzlənib. Hər iki şəxsin fəaliyyəti, gördükləri işlər də müzakirə olunur. Eyni zamanda, təhlükəsizliyimizə təhdidlərin 4 il öncəki kimi qalıb-qalmadığı yönündə də müxtəlif mövqelərə rast gəlirik.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat”a bildirdi ki, Eldar Mahmudovun vəzifəsindən azad edilməsi hər halda çox vacib məsələ idi: "Təhlükəsizliyimizə ən böyük təhdid onun idarəetmə sistemi idi. Hər halda təhlükəsizlik sektorunda, konkret olaraq xüsusi xidmət orqanında xeyli işlər görüldü. Əvvəla, abı-hava düzəldi. Xüsusi xidmət orqanına xas olan metod və vasitələr yerinə qayıtdı. Burada həm Mədət Quliyevin, həm də indiki rəis Əli Nağıyevin böyük xidmətləri var. Bu nöqteyi-nəzərdən təqdirəlayiq haldır. Amma hələ də Eldar Mahmudovun törətdiklərinin cəzasını almaması ciddi suallar yaradır”.

Sabiq MTN polkovniki keçmiş naziri nə üçün həbs etməyin mümkün olmadığı barədə də danışdı: "Bu çox incə məsələdir. 4 il ərzində mətbuatdan dəfələrlə bu barədə bizə suallar ünvanlanıb. Cavab axtarmışıq. Hər halda ittiham tərəfi görünür bu məsələlərdə qanundan daha çox hansısa bir şəxsi münasibətlərin, prinsiplərin, məsələlərin girovuna çevrilib. Başqa cür görünmür. Çünki əməlin cinayət xarakteri daşıdığı ortadadır. Amma bununla belə onun həbs olunmaması ilə bağlı müxtəlif versiyalar var. İttiham tərəfi ittiham edib, bunu gerçəkləşdirmirsə, demək zəif nöqtələri var. O zəif nöqtələrin üzə çıxmasından ehtiyat edir yaxud da heç istəmir. Üstüörtülü şəkildə belə deyə bilərik”.

İ.İsmayıl hesab edir ki, E.Mahmudovun azadlıqda olmasının özü onun revanşıdır: "Fikirləşək ki, Eldar Mahmudov təzədən revanş götürüb, hansısa bir nazir olası deyil ki? Amma onun azadlıqda olması, sərbəst şəkildə xaricə gedib-gəlməsi və digər amillər çox şeyi göstərir. Hər hansı bir vəzifəyə qoyulması mümkün olmasa da, ola bilsin ki, öz adamlarını vəzifələrə yönləndirir. Onun əlamətləri də hiss olunur. Ona yaxın olan adamlar artıq bir-bir həbsdən çıxarılır, yəni vaxtından əvvəl həbsdən azad olunurlar. Bu elə Eldar Mahmudovun revanşıdır. Belə bir xəbər verdilər ki, tez-tez Norveçə gedib gəlir. Amma onu deyim ki, bu şəxs tərəfindən indiki halda Azərbaycan təhlükəsizliyinə hər hansı bir təhdid görmürəm. Lakin bütövlükdə dövlətə qarşı olmasa da, ola bilər ki, çox mühüm vəzifə tutan geniş səlahiyyətli şəxslərə qarşı əlində ifşaedici materiallar olsun, bununla kimlərisə şantaj etsin. Bu nöqteyi-nəzərdən təhlükəsi ola bilər. Başqa onun özünün fərqi qaydada təhlükəsi yoxdur”.

Təhlükəsizlik üzrə ekspert son dörd ildə DTX-da görülən işləri də dəyərləndirdi: "Görülən işləri yalnız müsbətə doğru dəyərləndirirəm. Orada nələrin baş verdiyini deyə bilmərəm. Çünki detalları bilmirəm. Yalnız onu bilirəm ki, şişirdilmiş heyət xeyli azaldıldı. Ən əsası səlahiyyət məsələlərinin hansı çərçivəyə qədər olduğu aydınlaşdırıldı. Artıq kadrların götürülməsində peşəkarlığa daha çox diqqət yetirilir. Cəmiyyət, dövlət üçün olan təhdidlərlə bağlı daha çox fəaliyyət aparılır. Daha Eldar Mahmudovun ”OBEXESS" təfəkkürü ilə yalnız ticarət obyektləri, biznesmenlərlə, hətta dövlət adamları ilə, nazirlərlə pul haqq-hesabı çəkilmir. Tağı Əhmədovun dedikləri kifayətdir. Sadəcə bir fakt bu idi. Görün başqa nələr olub. Bu mənada Dövlət Təhlükəsizlik Xidmətinin ondan sonra gördüyü işlər xeyli məsələləri yumşaltdı. Əvvəllər dövlət adamları, biznesmenlər, məmurlar bildirdilər ki, bu nazirlikdən xüsusi olaraq hansısı bir təhdid, pul tələbi yoxdur. Bu nazirlik öz işi ilə məşğuldur. Ən böyük islahat elə bu idi. Digər tərəfdən radikalizmə qarşı xeyli işlər görüldü. Azərbaycanda terror təhlükəsi xeyli azalıb. Bütün bunların hamısı xüsusi xidmət orqanının müsbət tərəfləridir. Orada işləmədiyim üçün detallardan xəbərsiz olsam da, kənardan aldığım informasiyalara görə peşəkar olan Əli Nağıyevin rəhbərliyə gəlməsi xeyli müsbət hal olub. Hesab edirəm ki, bu proseslər davam edəcək. Ən əsası odur ki, həqiqətən dövlətin təhlükəsizliyi ilə məşğul olunur və bundan sonra da olunacaq. Bunlar son 4 ildə qazandıqlarımızdır. Sadəcə, 11 il 3 aylıq Eldar Mahmudov dövrünü qurban verdik. Bilirsiniz, xüsusi xidmət orqanının nüfuzunun geri qayıtması bu dörd ildə çətindir. Vurulan zərbəni birdən-birə aradan qaldırmaq asan məsələ deyil. Bu illərlə çəkən bir proses olacaq. Vurulan zərbənin bəzi əlamətləri hələ də qalmaqdadır. Amma əsas olan odur ki, nüfuz bərpa olunmalıdır. Sovet dövründən olsa da, bir ifadə var idi: soyuq baş, təmiz əl, isti ürək...Bu sözlər bütün dünyanın xüsusi xidmət orqanlarına xas olan xarakterik xüsusiyyətlərdir. Bu xüsusiyyətlə işləmək lazımdır, soyuq başla, təmiz əllə, isti ürəklə.  İsti ürək vətəndir. Vətən yolunda canını qoymaq lazımdır. Soyuq baş aydındır ki, professional şəkildə məsələlər həll olunmalıdır. Təmiz əldə ki, təmiz olmalısan deməkdir. Yoxsa, az qala dəllək butkasından da Eldar Mahmudovun dövründə xərac tələb edirdilər".

İ.İsmayıl DTX-da nələri etməyin vacib olduğuna da toxundu: "Bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti idarəetmənin bir qoludur. Yəni yuxarıdan nə gəlirsə, hansı tapşırıq verilirsə, onu yerinə yetirirlər. Bu mənada ideallaşdırmaq mümkün deyil. Sabahları yuxarıdan səlahiyyətlərə uyğun hansı tapşırıq veriləcəksə, onu yerinə yetirəcəklər. Ola bilsin ki, o tapşırıqların içərisində uyğun olmayanı da olsun. İdeal xüsusi xidmət orqanını görmək indiki dövrdə çətin məsələdir. Səhərləri lap orada mən olum, göstəriş yuxarıdan gəlir, istiqamət xətti, fəaliyyət istiqaməti yuxarının apardığı siyasətlə müəyyələşdirilir. Burada başqa məsələlər var. Yəni oranın rəhbəri məsələdə tam müstəqil deyil. Düzdür, ölkənin konstitusiyası var və onunla müstəqil olmalıdır. Amma idarəetmə sistemi var və bunun da başında təbii ki, dayananlar var. Kadrların peşəkarlıq səviyyəsini yuxarı qaldırmaq çox vacibdir. Dövlətin təhlükəsizliyinin çox parametrləri var. Bu parametrləri tam müəyyən etmək üçün hər şey peşəkar kadrlardan keçir. Bunların sayını artırmaq lazımdır. Keçmiş tarixi məktəblərdən istifadə etmək lazımdır. Eyni zamanda, xarici ölkələrdə də yeri gələndə hazırlaşdırmaqdan çəkinmək lazım deyil. Yaxud oradan mütəxəssislər dəvət etmək də olar. Hər şey kadrlardan başlayır. Kadrlar düzgün  seçiləndə, yerləşdiriləndə məsələləri həll etmək asandır”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər