SOCAR-ın balansındakı torpaqlar geri alına bilər? – “Araşdırma aparılmalıdır!”

  • 03 okt 2019, 09:32

"Heç kim xəbərsiz ev tikməyib, icazə almadan daşı-daş üstə qoymaq olar?”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mühafizə xidməti əməkdaşları ilə Qarabağ əlilləri arasında son günlər baş vermiş qarşıdurmalar mediada və sosial şəbəkələrdə geniş əks-səda doğurub. SOCAR vətəndaşların tikinti apardığı ərazinin onların balansında olduğunu əsas gətirərək, bunun qarşısını alıb. Nəticədə tərəflər arasındakı toqquşma bir neçə nəfərin xəsarət almasına səbəb olub.
SOCAR-ın balansında olan torpaqlarda əvvəllər də belə toqquşmalar olub.
Həmin ərazilərdə illərdir yaşayış evləri tikilir, bütün infrastruktur yaradılır. Bütün şəraiti olan vətəndaş evini sənədləşdirmək üçün aidiyyəti orqana müraciət etdikdə, ərazinin SOCAR-ın balansında olduğu üçün sənədləşdirilməyəcəyi cavabı verilir.
Belədə SOCAR-ın balansında olan torpaqlarla bağlı hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, SOCAR-ın balansında olan torpaqlarla bağlı uzun müddətdir müzakirələr gedir:

"SOCAR-ın tərkibində olan torpaqlarda insanlar evlər tikir, amma müəyyən problemlər yaşanır. Problemlərin həllini tapması üçün addımlar atılmalıdır. Həmin ərazilərdən müəyyən kəmərlər keçir, buruqlar var, yəni onların hamısını SOCAR-ın balansından çıxarmaq olmaz. O yerlərdə ki, buruqlar, kəmərlər yoxdu, SOCAR-ın istifadəsinə yararsızdı, həmin torpaqları Bakı Şəhər İcra Hakimiyyətinə vermək olar. Əsas strateji torpaqlar var ki, onlara toxunmaq olmaz. Neft-qaz borularının keçdiyi yerlər, neft buruqlarının olduğu yerlər strateji yerlərdi. Bu çox ciddi məsələdi”.

"Həmin ərazilərdə ev tikməyə icazəni SOCAR və yerli icra hakimiyyəti verib” – deyə Vahid Əhmədov vurğulayıb:

"Müəyyən yollarla icazə verirlər, sonra deyirlər mənim ərazimdi. Bir çox ərazilərdə – SOCAR-a məxsus torpaqlarda evlər tikilib və kupçalar da alınıb. Əvvəllər quyular çox idi, neft çıxarılırdı, amma indi belə yerlərdən çox az neft çıxarılır, əsasən dənizdən çıxarılır. Bu məsələnin üzərində institutlar işləmələdir”.

Deputat Fəzail Ağamalı bildirib ki, bu, kifayət qədər həssas məsələdir

"Ona görə də bu məsələnin həllinə həssas yanaşmaq lazımdır ki, əlavə problem yaranmasın. SOCAR-ın balansındakı torpaqlar neft və qaz ehtiyyatları olan ərazilər hesab edilir. Bu, geoloji tədqiq olunan yerlərdi, bunlar SOCAR-ın balansından asanlıqla çıxarıla bilməz. Bunun böyük tədqiqatlara ehtiyacı var, əgər həmin həmin torpaqlar SOCAR-ın istifadəsinə yaramırsa, Bakı Şəhər İcra Hakimiyyətinə verilməlidir. SOCAR-ın istifadəsinə yarayan torpaqdan neft, qaz çıxır. İcra hakimiyyəti qaz çıxarası deyil ki?!

SOCAR-ın balansında olan torpaqlarda yaşayışa icazə vermək, infrastruktur yaratmaq doğru deyil.  

Həmin torpaqlar gizli, qanunsuz yollarla zəbt olunub. Sonradan adam bütün qohum-əqrabasını yığıb bir gecədə ev tikib, üstünü bağlayıb yaşamağa başlayıb. Belə evlər "gecəqondu” adlanır. Bildiyim qədərilə SOCAR-ın balansında olan torpaqlarda 60000-ə yaxın qanunsuz tikili var. SOCAR bunların hansını söksün?”.

Deputat Flora Qasımovanın sözlərinə görə, SOCAR-ın balansında olan torpaqlarda araşdırma aparılmalıdı.

"Araşdırmanın nəticəsi bütün məsələləri aydınlığa çıxaracaq. Bəlkə gələcəkdə ordan neft çıxacaq?! İş burasındadır ki, vaxtilə bu torpaqlarda tikinti üçün göz yumulub. Heç kim xəbərsiz ev tikməyib, icazə almadan daşı-daş üstə qoymaq olar? SOCAR-ın rəhbərliyinin xəbəri yox idi ki, qanunsuz evlər tikilir?! İndi həmin torpaqlarla bağlı araşdırma aparılmalıdı. Amma o da düzgün deyil ki, bu qədər evləri sökəsən. Əgər araşdırma nəticəsində məlum olsa ki, həmin torpaq SOCAR-ın istifadəsinə yararlı deyil, o zaman həmin torpaq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməlidi”.

Oxşar xəbərlər