Naxçıvan sakini olan 500 şagirdin Bakıda məktəb problemi

  • 04 sen 2019, 10:05

Təhsil naziri bildirib ki,  məsələdən xəbərdardır

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmçinin həmin əmrə əsasən, ölkə daxilində orta məktəblərdə yerdəyişmələr də onlayn qaydada həyata keçirilir. Gununsesi.info-nun məılumatına görə isə Naxçıvan Muxtar Respublikasında anadan olan valideynlərin 500 nəfərə yaxın övladı Bakıda məktəbə  qeydiyyata düşə bilmir.

Məsələ ilə bağlı mətbuata daşınan deputat Qüdrət Həsənquliyev bunları deyib: "Söhbət yüzlərlə şagirdin Bakıdakı orta məktəblərə dəyişdirilməsindəki problemdən gedir. Mən təhsil naziri hörmətli Ceyhun Bayramovla danışdım. Nazir bildirdi ki, artıq məsələdən xəbərdardır.  Ümid edirəm ki, problem həllini tapacaq”.

Yaranmış problemin səbəbləri ilə bağlı "Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər: "Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa və birinci sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. I sinfə elektron sənəd qəbulunun tətbiqi ”Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir.

I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir. Valideynlərin (qanuni nümayəndələrin) qeydiyyat ünvanı lisey və gimnaziyalar üzrə müəyyən edilmiş əraziyə uyğundursa, digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi nəticəsində uğur qazanmayan uşaqlar həmin məktəbin yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər. Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, "Gözləmə” menyusunu seçərək növbəyə yazılacaqdır. Digər dildə tədris aparılan bölmə seçildiyi halda müsabiqəyə yazıla bilər. I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş məktəblər üzrə valideynin növbəyə yazılması üçün aktivləşir".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin üzləşdiyi problemlə  bağlı Təhsil Nazirliyinə sorğu göndərmişik və problem araşdırıldıqdan sonra ətraflı cavab veriləcək.

Mövzunu davam etdirəcəyik.

"Yeni Müavat”

Oxşar xəbərlər