Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT

  • 19 avq 2019, 14:25

Goranboy rayonunun Xoylu kəndində "SU DİVİ" peyda olub. Kənddə olan 8 artezianı illərdir təkbaşına qamarlayan şəxs heç kimə su vermək istəmir. 

Bu barədə "Demokratik.Az"-a kənddə məskunlaşan Kəlbəcərli məcburi köçkün ailələri məlumat verib. Onların bildirdiyinə görə, dövlət vəsaiti hesabına başa gələn və Meliorasiya ASC-nin balansında olmaqla elektrik məsrəfləri dövlət büdcəsi hesabına ödənilən kənd artezianları Akif İbrahimov tərəfindən qanunsuz zəbt olunub. Əvvəllər rayonun Subartezian İdarəsinin rəisi işləmiş Akiflə isə heç kim bacarmır.

Məcburi köçkünlərin bildirdiyinə görə, dəfələrlə Goranboy İcra Hakimiyyəti başçılarının qəbulunda olub haqlarını tələb ediblər. Bir neçə hektar torpaq sahələrinin suvarılması üçün süni əngəllərin aradan qaldırılmasını, Akif İbrahimov zülmünün durdurulmasını tələb ediblər. Lakin, nə sabiq icra başçısı Nizaməddin Quliyev, eləcə də hazırki başçı Məhərrəm Quliyev "SU DİVİ" ilə bacara bilməyiblər. Əhməd Əhmədzadə ilə dost olduğu bildirilən şəxsdən yerli məmurların hamısı nədənsə çəkinir.

"Neçə ildir ki, torpaq sahələrmizi suvara bilmirik, məhsul yanıb əldən çıxıb. Belə də müsibət olar? Biri div kimi suyun qabağını kəsib bizə divan tutur, tədbir görən də tapılmır. İcra başçıları da bununla bacarmır. Necə başa düşək, bir adamla bacara bilməyənlər 120 minlik rayonun əhalisini necə idarə edə bilirlər axı? Baş meliorator Əhməd Əhmədzadənin dostu olmaq Akif İbrahimovu bunca toxunulmazmı edib?" - deyə məcburi köçkünlər saytımıza bildirib.

Problem artıq xeyli böyüyüb və məcburi köçkünlər dünən DİN-in 102 "qaynar xətt" xidmətinə zəng edərək Gəncə-Bakı magistral yolunun Dəliməmmədlidən keçən hissəsini bağlayacaqlarını bəyan ediblər.

Sonda bu yolla Akif İbrahimovun "su zülmünə" qarşı mücadilə aparan vətəndaşların haqq səsinin eşidiləcəyinə, süni əngəlin aradan qaldırılacağına ümid edirik...

Demokratik.Az  

Oxşar xəbərlər