Göygöl İHB "HESABAT"a necə hazırlaşır? - RƏZALƏT

  • 23 iyul 2019, 18:31

Ölkənin icra hakimiyyəti strukturlarının və icra hakimiyyəti başçılarının rüblük yay hesabatlarına sayılı günlər qalır.

2019-cu ilin 6 ayını əhatə edəcək hesabatlarda ənənəvi olaraq cari ilin ikinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr işıq üzü görəcək. Bəs, rayonlarda icra başçılarının və yerli büdcə təşkilatlarının rəhbərlərinin hesabatlara hazırlıq işləri hansı səviyyədə gedir? 

"Demokratik.Az"-ın əməkdaşı bu suala ölkənin qərb bölgəsində - Göygöl rayonunda cavab axtarıb və maraqlı detallar əldə edib. Sual ətrafında məlumatlı şəxsləri və mövzu ətrafında bəzi mütəxəssislərin fikirlərini dinləyib.

Adının çəkilməsini istəməyən yerli məmurlar saytımıza bildirib ki, bu dəfəki hesabat 15 ildir Göygöl rayonunun icra başçısının maaşını alan Arif Seyidovu xeyli narahat edir. Səbəbi hələlik bilinməsə də, icra başçısı cari hesabat törəninə qeyri-yasal və maraqlı taktikalarla hazırlaşır.

Belə ki, Göygöl İHB Arif Seyidov oxuyacağı yazılı hesabat mətnini yerli məmurların müstəqil və şəffaflıqla hazırlamalı olduğu statistik göstəricilərlə deyil, özünəməxsus "gizlilik" və məxfilik şəraitində hazırlamağa girişib.

Əldə etdiyimiz məlumata görə, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-ni unudan icra başçısı ötən həftədən etibarən öz köməkçisini bəzi idarə, müəssisə rəhbərlərinin yanına göndərərək "sifarişli hesabat"lar yazdırır. Bunu isə elə edir ki, ayrı-ayrı idarələrdə saatlarla müdirlərin qəbuluna düşməyə çalışan vətəndaşlar "başçının köməkçisi müdirin yanındadır, başçıya hesabat hazırlayırlar..!" kimi birokratik şüarla üzləşirlər.

"HESABAT"a hazırlığın niyə belə anormal və şübhəli şəraitdə getdiyini bilən yoxdur. Prosesdə sanki başçının digər müavinləri ümumiyyətlə iştirak etmir. Ayrıca sahələrə kurasiya edən müavinlər elə bil qorxularından kənara çəkilib sonu gözləyirlər.

Vəzifə bölgüsünə görə, icra başçısının köməkçisinin vəzifə funksiyalarının nədən ibarət olması bəlli olsa da, onun qapı-qapı dolaşıb "hesabat" toparlaması şübhəli suallar və rəzillik yaradır. Axı, niyə məmurlar öz rüblük hesabatlarını İHB-yə aidiyyatı şöbələrə təslim etmir, ümumi "hesabat" da yasal qaydada hazırlanmır? Niyə, başçı öz köməkçisini məmurların yanına elçi və özünün təzyiqedici vasitəçisi kimi göndərir? Bu nə vurhavur, bu nə "hesabat ərkanı"dır?

Göygöl İHB-nin sabiq əməkdaşlarından biri olanlara öz fikrini belə izah edir:

"Görünür, rayonda "görülən" son üç aylıq işlərdə və altı aylıq birgə təhlildə ciddi ziddiyyətlər var, icra başçısı da bunları önləməyə çalışır. Əslində, məmurlar öz hesabatlarını özləri hazırlamalı, öz işlərinə də özləri cavabdeh olmalıdır. Yoxsa, onlara əvvəldən hansısa "senzura" tətbiq etmək icra başçısının ehtiyyat tədbiridir, başqa nə ola bilər axı? Hələ bunu başçının köməkçisi edirsə biabırçılıqdı. Əgər başçının köməkçisi idarələri gəzib "hesabat"lara ağalıq edirsə bu rəzalətdən başqa bir şey deyil. Yəqin, yenə hansısa maxinasiyaları malalayırlar.."-deyə sabiq məmur bildirir.

Aldığımız digər bilgiyə görə, bir müddət əvvəl Arif Seyidovun şəxsi tapşırığı ilə rayon İHB-nin 1-ci müavini, YAP rayon təşkilatının sədri Turani Əliyevin xidmətində olan, NİVA markalı, "AZ25-AA-009" dövlət nömrə nişanlı avtomobili də zorla əlindən alınaraq köməkçinin xidmətinə verilib. Köməkçinin idarə-müəssisələrə həmin maşınla getdiyi və ayrıca sürücü ilə də təmin edildiyi bildirilir.

Qeyd edək ki, son günlər "müstəsna səlahiyyətlər" daşıyan köməkçi icra başçısının ən yaxın qohumudur və 14 ildir eyni vəzifəni icra edir.

Osman Nərimanoğlu

Qarşı tərəfin məsələyə münasibətini dərc edə bilərik...

Demokratik.Az 

Oxşar xəbərlər